Prezidentlərin görüşündə enerji təhlükəsizliyi, İran, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanda demokratik islahatlar müzakirə edilib
Aprelin 28-də Ağ Evdə Azərbaycan prezidenti İlham Əliyevlə ABŞ prezidenti Corc Buş arasında görüş olub. Prezidentl ər 45 dəqiqəlik görüşdə enerji təhlükəsizliyi, İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanda demokratik islahatları müzakirə ediblər.
ABŞ prezidenti Corc Buş görüşdən sonra keçirilən birgə brifinqdə Xəzər regionunda enerji təhlükəsizliyinin təminatında səylərinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev deyib: « Biz regionda enerji təhlükəsizliyinin irəliləməsi - Xəzər nefti və qazının tam həcmdə dünya bazarına çıxarılmasına imkan açan etibarlı nəqliyyat infrastrukturunun yaradılmasında köməyə görə, ABŞ rəhbərliyinə minnətdarıq».
Liderlər İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti də müzakirə ediblər. ABŞ prezidenti Corc Buş bir daha deyib ki, Vaşinqton problemi dinc yolla həll etmək istəyir: «Aydındır ki, biz İran barədə danışdıq və mən prezidenti əmin etdim ki, məqsədim problemi diplomatik və dinc yolla həll etməkdir».
Corc Buş eyni zamanda qeyd edib ki, hərbi güc də daxil olmaqla bütün variantlar hələ də açıq qalır. Lakin o, əlavə şərh verməyib.
Azərbaycan prezidenti İlham Əliyev isə ölkəsinin Birləşmiş Ştatların strateji tərəfdaşı və İraqda terrorçuluğa qarşı mübarizədə güclü müttəfiqi olduğunu deyib: «Biz terrorçuluğa qarşı mübarizədə müttəfiqik. Biz elə ilk günlərdən dünyanın müxtəlif yerlərində sülhün qorunmasında Birlışmiş Ştatlarla yanaşıyıq və regionda sülh və sabitliyin bərqərar olmasında töhfəmizi davam etdirəcəyik».
ABŞ prezidenti həmçinin bir müsəlman ölkəsi kimi, Azərbaycanda demokratiyanın vacibliyini vurğulayıb: «Biz dünyada vətəndaşlarını təmin edə bilən və demokratiyanın gələcəyə yol olduğunu başa düşən müasir müsəlman ölkəsinin vacibliyindən danışdıq».
Prezidentlər həmçinin Dağlıq Qarabağa görə Azərbaycanla Ermənistan arasındakı münaqişəni də müzakirə ediblər. Lakin bu barədə mətbuata olduqca az danışıblar. Azərbaycan prezidenti İlham Əliyev təkcə bunları deyib: «Mən cənab prezidentə son danışıqlar barədə məlumat verdim və münaqişənin dinc yolla həllinə - bunun regionda sülh və sabitliyə xidmət edəcəyinə ümidimi bildirdim».
Azərbaycan prezidenti İlham Əliyevin Birləşmiş Ştatlara səfəri başa çatıb.