Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:52

Keçmiş məhbusları yenidən cinayət törətməyə nə məcbur edir?


Daxili İşlər Nazirliyinin statistikasına görə də, təkcə ötən il cinayət məsuliyyətinə cəlb olunmuşlar arasında 1500 nəfərdən çoxu əvvəllər məhkum edilmişlərdir
Daxili İşlər Nazirliyinin statistikasına görə də, təkcə ötən il cinayət məsuliyyətinə cəlb olunmuşlar arasında 1500 nəfərdən çoxu əvvəllər məhkum edilmişlərdir
«Hara gedirik qapı üzümüzə bağlıdır. Elə bil ki, biz cəmiyyətə lazım deyilik. Elə bil indi də həbsxanadayam…»

Keçmiş məhbus Sadiq Rəhimov «Azadlıq» radiosuna belə deyir. O, vergidən yayındığına görə, 3 il həbsxana həyatı yaşayıb. 8 aydır ki, azadlıqdadır, amma deyir ki, hələ də azadlığın sevincini dada bilməyib:

«Heç kim bizimlə maraqlanmır, iş axtarıram tapa bilmirəm. Məşğulluq İdarəsi elan edir ki, filan yerdə sizi işlə təmin edəcəyik, gedirsən, müraciət edirsən deyir artıq gecikmisən, bir oyundur oynayırlar».

Sadiq Rəhimov deyir ki, cəmiyyətdə onlara olan yad münasibət bəzi məhbus dostlarını ikinci dəfə cinayət törətməyə məcbur edib.

Daxili İşlər Nazirliyinin statistikasına görə də, təkcə ötən il cinayət məsuliyyətinə cəlb olunmuşlar arasında 1500 nəfərdən çoxu əvvəllər məhkum edilmişlərdir. Bu isə 2007-ci illə müqayisədə 4,3 faiz çoxdur. Hüquq müdafiəçisi Səidə Qocamanlı da bunun başlıca səbəbini azadlığa çıxan məhbusların cəmiyyətə uyğunlaşa bilməməyində görür:

«Burda insan taleyindən söhbət gedir, biz həmin insanları cəmiyyətdə itiririk. Həmin insanlar iş tapmayaraq özlərini cəmiyyətə lazımsız hiss edirlər, yenidən cinayət törədirlər ki, gedib düşsünlər cəzaçəkmə müəssisəsinə, yeməyə yeməkləri, qalmağa yerləri olsun».

Səidə Qocamanlı keçmiş məhbusların sosial adaptasiyası ilə bağlı qanunun icrasının gecikdiyini və ona görə də ölkədə təkrar cinayətlərin sayının artdığını deyir.

«Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» qanun iki il öncə - 2007-ci ildə qəbul edilib. Həmin qanuna görə, ölkədə sosial adaptasiya mərkəzləri yaradılmalı, keçmiş məhbuslara tibbi, psixoloji, hüquqi, informasiya yardımı göstərilməli, onlar müvəqqəti yaşayış yeri və işlə təmin edilməlidirlər. Bundan başqa, dövlət keçmiş məhbuslara birdəfəlik pul müavinəti - 300 manat da verməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli deyir ki, hələlik qanunun icrası ilə bağlı tədbirlər planı hazırlanıb. Və hazırda Ədliyyə Nazirliyi ilə birgə azadlığa çıxmağa hazırlaşan məhbuslara yardım göstərəcək işçi heyəti yaradılır:

«Artıq bununla əlaqədar Ədliyyə Nazirliyinə müraciət göndərilib, işçi qrupu yaradıldıqdan sonra ayda iki dəfə cəzaçəkmə müəssisələrinə gedəcəklər. Məqsəd ondan ibarətdir ki, azadlığa çıxacaq məhkumlarla indidən iş aparılsın ki, onlar azadlığa çıxandan sonra özləri üçün müəyyən etsinlər ki, nə işlə məşğul olacaqlar».

Elnur Kələntərli deyir ki, yaxın gələcəkdə keçmiş məhbuslar üçün sosial adaptasiya mərkəzlərinin tikintisinə də başlanacaq. O ki, qaldı birdəfəlik müavinətlərin verilməsinə, nazirliyin mətbuat katibi deyir ki, bu yardımı, yəni 300 manatı onların hansı şöbəsinin verəcəyi hələ ki məlum deyil, ona görə də məsələ yubanır.
XS
SM
MD
LG