Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:58

13 may seçkiləri – münasibətlər fərqlidir


Ekspertlər seçkini irəliyə doğru addım sayır
Ekspertlər seçkini irəliyə doğru addım sayır

Bir qisim ekspertlər seçkiləri demokratiklik, digərləri isə saxtakarlıq metodlarının təkmilləşdirilməsi baxımından irəliyə addım hesab edir


Mayın 13-də keçirilən seçkilərə münasibətdə ekspertlərin fikirləri bir-birindən fərqlidir. Belə ki, onların bəziləri seçki prosesində heç bir dəyişikliyin müşahidə edilmədiyini deyirlər. Yəni, hər şey necə var idi, elə də davam edir. Ancaq seçkilərdə irəliyə doğru addım atıldığını bildirənlər də az deyil. Sadəcə olaraq, bu cür düşünənlərin də hamısı eyni fikirdə deyillər. Rəyini öyrəndiklərimizin bir qismi irəliyə atılan addım deyəndə, seçkilərin demokratikliyinə xidmət edən inkişafı nəzərdə tuturlarsa, digərləri saxtakarlıq metodlarının daha da təkmilləşdirilməsində irəliləyişin olduğunu bildirirlər. Şərhlər fərqlənsə də, hər iki tərəf fərqin 6 noyabr seçkilərinə yox, ümumən Azərbaycanda keçirilən seçkilərə aid olduğunu bildirirlər.


MSK katibi Natiq Məmmədov deyir ki, Azərbaycanda seçkilər bir qanunla tənzimlənir. Müəyyən özəlliklər nəzərə alınsa da, prosesə yanaşma fərqli deyil. Ona görə də beynəlxalq müşahidəçilərin prosesə verdikləri qiymətə ümumi seçki aspektindən yanaşılmalıdır. MSK katibinin fikrincə, Azərbaycanda ildən ilə daha yaxşı seçkilərin keçirilməsi müşahidə olunur: «Mən fikirləşirəm ki, bu seçkilərə verilən qiymətə ümumi seçki aspektindən yanaşılması daha düzgün olardı. Biz seçkidən-seçkiyə, ildən-ilə daha yaxşı seçkinin şahidi oluruq, onu keçiririk. Bu seçkilər keçən seçkilərə nisbətən irəliyə doğru atılmış addımdır. «Exit-poll»un nəticələrinin əsasən üst-üstə düşməsi və prosesin özünün ciddi pozuntularsız keçməsi də bunu deməyə əsas verir».


Cənab Məmmədov əlavə edir ki, heç kim istəməz ki, yaxşı keçirilməyən seçkilərə görə ittiham olunsun. Ancaq inkişaf üçün vaxta ehtiyac var.Yaxşı nəticəni həm MSK-dan, həm namizədlərin öz işlərini qurmalarından, həm də seçicilərdən gözləmək lazımdır. MSK katibinin fikrincə, gələcəkdə vətəndaş və rəsmi orqanlar birgə daha yaxşı nəticələr əldə edəcəklər. Azərbaycanda keçirilən seçkilər nəinki məqbul sayılacaq, hətta başqa ölkələrə nümunə də göstəriləcək.


Müxalifət düşərgəsində isə hesab edirlər ki, bu dəfə də seçkilərin mahiyyətində ciddi bir dəyişiklik baş verməyib. Bəziləri düşünür ki, beynəlxalq təşkilatlar Azərbaycanda seçki prosesi ilə bağlı ciddi irəliləyişə nail olmağın mümkünsüzlüyünü anlayırlar. Ona görə də bunun tədricən baş verməsinə səy göstərirlər. Bu isə bəzən irəliyə addım və sair kimi yumşaq bəyanatların səslənməsini zəruri edir.


Müsavat Partiyasının başqan müavini Vurğun Əyyubun fikrincə isə, beynəlxalq təşkilatların irəliləyiş olduğunu qeyd etdikləri məsələlər birbaşa seçkilərin nəticələrinə təsir etmir. Belə ki, bəzi istisnalar olmaqla namizədlərin seçicilərlə görüşlərinə maneçilik törədilməməsini beynəlxalq təşkilatlar irəliləyiş hesab edirlər. Amma seçki günü nəticələrə təsir edən qanun pozuntuları baş verib: «Seçki günü baş verənlər, seçicilərin qanundan kənar vasitələrlə seçkiyə cəlb edilməsi və s. bu kimi hallar nəticələrə təsir edən məsələlərdir. Bu baxımdan mən bu seçkiləri irəliyə atılmış addım hesab etmirəm».


Mayın 13-də mətbuat konfransı keçirən YAP icra katibi Əli Əhmədov isə partiyasının seçkiləri yüksək dəyərləndirdiyini və bunun Azərbaycanda demokratiyanın inkişafı yolunda növbəti addım olduğunu bildirmişdi.


Bəzi qeyri-hökumət təşkilatları isə seçkilərdə özlərinin müşahidə etdikləri qanun pozuntularından başqa artıq onlara neqativ halları əks etdirən faktların daxil olduğunu da bildirirlər. Belə təşkilatlar 13 may seçkilərini iqtidar və ya müxalifət düşərgəsindən verilən bəyanatlara deyil, öz müşahidələrinə əsasən dəyərləndirdiklərini bildirirlər.


Seçki Monitoriq Mərkəzinin icraçı direktoru Anar Məmmədli deyir ki, mayın 13-də keçirilən seçkilərdə irəliyə doğru həqiqətən də addım atılıb. Ancaq bu heç də deyildiyi kimi, prosesin demokratikliyinə yox, qanun pozuntularının daha da təkmilləşməsinə xidmət edən irəliləyiş kimi dəyərləndirilməlidir. 6 noyabr seçkilərindən fərqli olaraq, mayın 13-də seçicilərə təzyiqlər məntəqələrin içərisində deyil, bayırda baş verib. Cənab Məmmədlinin fikrincə, 18-20 nəfərlik beynəlxalq müşahidəçilərin bunu görə bilməməsi mümkündür. Ancaq 200 nəfərə qədər müşahidəçisi olan Seçki Monitorinq Mərkəzi bu və digər qanun pozuntuları ilə bağlı kifayət qədər fakt toplayıb: «Fərq ondadır ki, yerli və beynəlxalq müşahidəçilər daha çox məntəqənin içərisində olublar. Qanun pozuntuları isə bayırda baş verib. Bu da onu göstərir ki, qanun pozuntularının icra mexanizmi təkmilləşir».


Anar Məmmədli deyir ki, «exit-poll»arın və MSK-nın nəticələrinin üst-üstə düşməsi heç də seçkilərin demokratikliyini təsdiqləmir: «Əgər Azərbaycanda seçicilərin iradəsinə təzyiq özünü açıq büruzə verirsə, bu halda «exit-poll»un nəticələrinə inanmaq çətindir».


Onu da deyək ki, 13 may seçkilərində iştirak etmiş namizədlərin də məsələyə münasibəti fərqlidir. Belə ki, seçkidə qalib gələnlər prosesin ədalətli keçdiyini, mandat qazana bilməyənlər isə ciddi qanun pozuntularının olduğunu bildirirlər. «exit-poll»ara münasibət də bu baxımdan fərqlidir.


XS
SM
MD
LG