Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:33

Ekspertlərə görə, Müsavatda baş verənlər diqqət cəlb etmək üçündür


İsa Qəmbər: «Müsavat Partiyasında heç bir böhran yoxdur»
İsa Qəmbər: «Müsavat Partiyasında heç bir böhran yoxdur»

Müsavat Partiyasında qurultayqabağı narazılıqlar var. Bu, özünü qurultayda göstərə bilərmi? Qurultaydan sonra partiyadan qopmaların olması mümkündürmü?



Partiyanın bu qurultaydan itkilərlə çıxacağını əslində, həm partiya üzvləri, həm də müşahidəçilər istisna etmirlər. Bu cür düşünənlərin başlıca arqumenti odur ki, Müsavatın bu il fevralın 5-dən sonra tutduğu xətt, yəni, onun parlamentin işinə və təkrar seçkilərə qatılması özünü doğrultmadı. Partiyanın ali orqanlarında bu qərarı dəstəkləməyən əvvəlcə doqquz nəfəriydisə, seçkidən sonra narazıların sayı bir qədər artıb. İlk gündən bu qərarın əleyhinə olan Müsavatın Divan üzvü İlham İsmayıl təkrar seçkidən sonra partiyanın böhrana düşdüyünü deyir. Onun qənaətincə, partiyasının fevralın 5-də qəbul etdiyi qərar onun artıq hakimiyyətə iddialı olmadığını, geri çəkildiyini göstərdi.


Ancaq partiya başqanı İsa Qəmbər Müsavatın böhrana düşməsi haqda deyilənləri qəbul etmir və bu cür düşünənlərin qərəzli olduqlarını deyir. O, partiyanın yenə də hakimiyyətə iddialı olduğunu, iqtidara gəlməyin yolu seçkidən keçdiyi üçün təkrar seçkidə iştirak etdiklərini bildirir. Cənab Qəmbərin fikrincə, seçkiyə qatılmamaq seçiciləri bir az da passivləşdirə bilərdi. O ki qaldı qurultaya, partiya başqanının sözlərinə görə, növbəti qurultay da adi axarda keçəcək.


Partiyada isə çoxları bazar ertəsi keçiriləcək qurultayın, uzun zamandı gedən yarımaşkar, yarımgizli mübahisələrə, rəhbərlikdə təmsil olunmaq uğrunda gedən çəkişmələrə son qoyacağını gözləyir. İlham İsmayıla görə, ya qurultayda hər şeyə aydınlıq gətiriləcək və bütün intriqalar, narazılıqlar bitəcək, ya da bundan sonra vəziyyət arzuolunmaz istiqamətdə inkişaf edəcək: «Mən ümidvaram ki, düyünlər tam olmasa da, çözüləcək, böhran yaranmayacaq. Əksinə, partiya bir həftə də qurultayı gecikdirsə, vəziyyət böhran həddinə çatar. Gedən proseslərə qurultayda aydınlıq gətirilməlidir. Yetərincə narazılar var. Həm rəhbərlik, həm də sıravi üzvlər partiyadaxili intriqalara, narazılıqlara son verilməsini istəyirlər. Burda tənqidi, kəskin çıxışlar da ola bilər. Hər kəs öz mövqeyini ortaya qoymalıdır ki, aydınlıq yaransın».


Partiya başqanı İsa Qəmbərinsə bu haqda deyilənlərə münasibəti çox qısa oldu: «Müsavatı sevən çoxluq bu qurultaydan müsbət dəyişikliklər, Müsavatdan narazı olan azlıqsa xoşagəlməz hadisələr gözləyirlər. Onların ümidləri boşa çıxacaq. Müsavat Partiyasında heç bir böhran yoxdur».


Müşahidəçilər Müsavat daxilində narahatlıq yaşandığını, amma bunun bilərəkdən bir qədər şişirdildiyini düşünürlər. Belə ki, qurultay ərəfəsində həmişə partiyalarda gərginlik və çaxnaşma güclənir. Ona görə də ekspertlər müsavatçıların mətbuatda apardığı atışmanı daha çox siyasi fənd kimi qiymətləndirirlər. «Gün səhər» qəzetinin yazarı Qurban Yaqubulu: «Bu ərəfədə Müsavat üzvlərindən müxtəlif təkliflər eşidilməkdədir. Hətta müavinlərin bütünlükdə istefaya göndərilməsi də deyilir. Məncə, bunlar qurultaya diqqət çəkmək üçün işlənən texnologiyadır».


Cənab Yaqublu qurultaydan sonra Müsavatdan gedənlərin ola biləcəyini istisna etməsə də, partiyanın nüvəsi sayılan, güclü fiqurların istefa verəcəyini düşünmür.


«Ayna-Zerkalo» qəzetlərinin yazarı Azər Rəşidoğluna görəsə, partiyadan hətta tanınmış şəxslərin getməsi, onların ayrı partiya yaratmaq istəyi heç nəyi dəyişməyəcək. Hər iki həmsöhbətimizin də qənaətincə, seçkidən sonra bütünlükdə müxalif düşərgə böhrandadır və yalnız Müsavat rastlaşdığı suallara cavab axtarmır. Cənab Rəşidoğlu hesab edir ki, partiya liderləri istefaya getməlidirlər.


Amma Azərbaycanda son illər siyasi proseslərin təcrübəsi göstərir ki, liderlərin istefası də çıxış yolu olmur. Məsələn, 2003-cü il prezident seçkisindəki məğlubiyyətdən və bəzi qopmalardan sonra AMİP sədri Etibar Məmmədov sədrlikdən getdi. Amma bir il sonra partiya ikiyə bölündü. Hərçənd İsa Qəmbər bu haqda düşünmür və yenidən başqan seçilmək üçün namizədliyini verib. Amma son illər partiyasını hər seçkidən daha az itkilərlə çıxarmağa çalışan cənab Qəmbərin partiyadaşları arasında bu dəfə «qızıl orta»nı tapa bilib-bilməyəcəyini bazar ertəsi görəcəyik.


XS
SM
MD
LG