Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:33

Yayın çox isti olacağı gözlənilir


«Abşeron» yarımadasında havanın temperaturu 38 dərəcəyə çatıb
«Abşeron» yarımadasında havanın temperaturu 38 dərəcəyə çatıb

Həkimlər məsləhət görür ki, idarə, müəssisə rəhbərləri havanı nəzərə almalıdır, açıq havada isə fiziki işi dayandırmaq lazımdır


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyun ayında Bakıda havanın temperaturunun 36-39 dərəcəyə yüksəlməsi cənubdan gələn isti hava axını ilə bağlıdı. Departamentin Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyir ki, bu, iyun ayı üçün ən yüksək istilikdir: «Çoxillik meteoroloji müşahidələrə görə, birinci ongünlükdə havanın maksimal temperaturu «Abşeron» yarımadasında 38 dərəcəyə çatıb. Yüzillik meteoroloji müşahidələrə görə, bu, iyun ayının birinci ongünlüyü üçün rekord göstəricidir».


İsti havada həkimlər əhaliyə, xüsusilə xəstələrə, yaşlılar və uşaqlara kölgəli yerlərdə olmağı məsləhət görürlər. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirdilər ki, bu günlərdə günvurmayla bağlı çağırışların sayı çoxalıb. Stansiyanın baş həkiminin müavini Mürsəl Həmidov həkim gələnə qədər günvuran adama ətrafdakıların yardım göstərə biləcəyini deyir: «Hərarət yüksək olan vaxtı kiminsə halı pisləşibsə, onu kölgəyə çəkib sərinləşdirici içki vermək, uşaqların, yaşlı insanların döş, qarın nahiyəsinə, qollarının altına soyuq suyla islanmış dəsmal qoymaq lazımdır».


Cənab Həmidov onu da deyir ki, havanın isti olduğu bu günlərdə gündüz saat 12-dən 4-ə qədər açıq havada qalmaq, işləmək olmaz: «İdarə, müəssisə rəhbərləri havanı nəzərə almalıdır. Qapalı yerdə havatəmizləyiciləri, kondisionerlər olmalıdır. Açıq havada isə fiziki işi dayandırmaq lazımdır. Çünki bu saatlarda günəş şüaları ən yüksək həddə olur və insan orqanizminə çox güclü təsir göstərir».


Amma Bakıdakı parkların birində bağbanlıq edən İslam kişinin iş saatı səhər saat 8-dən başlayıb, 4-də qurtarır. Deyir ki, o, günün altında işləyir, çünki ondan tələb olunan bu saatlarda işləməkdir: «Əlbəttə, günəşin altında işləmək çox çətindi, ancaq neyləyəsən, iş tələb edirlər».


Hava Proqnozları Bürosunun direktoru Umayra Tağıyeva isə deyir ki, iyun aynın birinci ongünlüyündə istilik rekord həddə çatsa da, ikinci ongünlükdə havalar sərinləşəcək: «Bu ayın ikinci ongünlüyü bir qədər sərin keçməlidir. Ayın ikinci ongünlüyünün əvvəlində şimal küləyinin cənub-qərb küləyi ilə əvəz olunacağını gözləyirik, bununla da hava sərinləşəcək».


Xanım Tağıyeva onu da deyir ki, bütövlükdə isə bu yay Azərbaycanın iqliminə uyğun çox qızmar olacaq. Ən yüksək istilik isə ölkənin Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında müşahidə ediləcək.


XS
SM
MD
LG