Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:32

Ramana - Bakının yaxınlığında orta əsr yaşayışı


Ramana qalası
Ramana qalası
Tarixçilər Ramananı Azərbaycanın qədim yaşayış məskənlərindən sayır. Kənddə bu günə qədər möhtəşəmliyini qoruyan qala tarixi qaynaqlara görə, 13-sü əsrdə müdafiə məqsədilə tikilib. Ancaq indi Ramana qalasından yaxınlaşanda düşmən qoşunlarının ayağından qalxan tozanaq yox, üfüqə qədər uzanan neftlə çirklənmiş torpaqlar görünür.

Bakının bu qədim kəndində yaşayış şərtlərini bəzi göstəricilərinə görə, elə orta əsrlərlə müqayisə etmək olar. Kanalizasiya yoxdur, içməli su kəndin az bir hissəsinə gəlir, əhalinin çoxu içməli suyu pulla alır, yollar olduqca bərbaddır. Ramanada kimə yaxınlaşdıqsa, dedi ki, bu yolsuzluq dərdi kənddə işsizlik problemini də ötüb keçib:

- Ramananın həm köhnə, həm də yeni məhəllələrində yollar dözülməz dərəcədə bərbaddır. Burada 5 metr salamat asfalt tapmaq mümkün deyil.
«Buranın payızı-qışı dözülməzdir»
Yeni salınan yaşayış sahələrində durum lap pisdir. Yeni evlər az qala neft buruqlarının içərisində tikilir. Ətraf tamam palçıqdır. Buranın payızı-qışı dözülməzdir.

Kənddə insanların əsas məşğuliyyəti heyvandarlıq, bir də əkinçilikdir. Ancaq axır illərdə bu işlərlə də ailə saxlamaq çətinləşib. Çünki torpaqların neftlə həddən artıq çirklənməsi məhsuldarlığı aşağı salıb. Kəndin kənarındakı otlaq sahələri indi ancaq yaşlı nəslin yadındadır. Elə ona görə də sakinlərin qoyun sürüləri kənd məktəbinin həyətində, qəbiristanlıqda otlayır. Ramananın azyaşlı sakinləri bu durumdan olduqca narazıdırlar:

«Bu qoyun sürüləri bizim məktəbimizin həyətində otlayır»
- Bu qoyun sürüləri bizim məktəbimizin həyətində otlayır. Bizim futbol oynamağa balaca meydançamız da yoxdur. Elə deyirlər ki, hər yanda idman kompleksləri tikilir. Burda nə bir park, nə də stadion var. Stadion ancaq məktəbin həyətindədir, onu da su basıb.

Uşaqların nişan verdiyi məktəb stadionuna biz də baş çəkdik. Ətrafda lehimlənmiş çirkab sular ərazinin uzun müddət baxımsız qaldığından xəbər verirdi. Valideynlər dedilər ki, hələ suyun bir hissəsini motorla kənara vurublar. Ancaq kanalizasiya xətti olmadığı üçün vurulan su sakinlərin həyətinə dolur.

Kəndin köhnə meydanında oynayan uşaqlar onu da dedilər ki, yazın gəlişinə əməlli-başlı sevinirlər. Qışın soyuğundan can qurtardıqları üçün:

Uşaqların nişan verdiyi məktəb stadionuna biz də baş çəkdik
- Evlərimizdə işıq, qaz problemi yoxdur. Məktəb isə çox soyuqdur. Qızdırıcılar quraşdırılıb, ancaq onlar elə-belə görüntü xatirinədir.

Kənd sakinlərini yolsuzluq, susuzluqdan da çox rahatsız edən burdakı ekoloji durumdur. Ramanaya yaxınlaşdıqca havanın ağırlaşdığını hiss etməmək mümkün deyil. Kənd camaatı deyir ki, insanlar kəndə hava almağa gələr, biz Ramanadan nəfəs almaq üçün şəhərə qaçırıq:

- Mən 4 ildir Ramanaya köçmüşəm. Bura gələnə qədər tamam sağlam idim. Burda bilirsiz nə qədər xəstəlik tapdım? Hamısı da havadan. Neftli sahələr illərlə təmizlənmədiyindən burada radiasiya olduqca güclüdür. Qışın soyuğunda bu,
«Neftli sahələr illərlə təmizlənmədiyindən burada radiasiya olduqca güclüdür»
o qədər də bilinmir, yayda temperatur yüksələndə mədənlərdən qalxan qoxu beyin çatladır.

Ramana bələdiyyəsindən bildirirlər ki, neftlə çirklənən torpaqların təmizlənməsinə başlanıb. Ancaq bu proses 2-3 ilə başa gələn məsələ deyil.

Ramanada bələdiyyə üzvləri də şikayət edir. İcra hakimiyyətləri ilə səlahiyyətlərinin üst-üstə düşməsindən və rəsmi strukturların bələdiyyə büdcəsinin formalaşmasına yardımçı olmamasından:

Ramana bələdiyyəsi
- Burada axır illədə bölgələrdən gələn nə qədər insan özünə yaşayış evi tikib. Heç biri bələdiyyəyə vergilərini ödəmir. Evlərin çoxu ünvansızdır. 10 ildən artıq burda yaşayan insanlar var ki, hələ də rayonlardakı faktiki yaşamadıqları evlərdə rəsmi qeydiyyatdadırlar. Kənddə pay torpağı almayan xeyli əhali olsa da, artıq Ramanada bir qarış belə torpaq qalmayıb. Qonşu bələdiyyələrlə illərdən bəri davam edən torpaq bölgüsü problemi də çözülmür. Bü gün Azərbaycanda bələdiyyələr faktiki olaraq səlahiyyətsiz durumdadır.

Ramana kəndini öz problemlərilə baş-başa qoyub şəhərə qayıdırıq. Kənddən bizi çala-çuxurlu, palçıqlı yollar, bir də ətrafda qalaqlanmış zibilliklərdən havaya uçan sellofan torbalar yola salır. Bu yolun üstündə dayanan Muxtarov qəsəbəsi isə sanki Ramanadan gələnlərə, «siz hələ nə görmüsünüz ki, bir buraya da ayaq salın» - deyir.
XS
SM
MD
LG