Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:53

Özəl ali məktəblərin pedaqoji və iqtisadi yönümlü fakültələri də bağlana bilər


ABŞ-da özəl universitetlərə üstünlük verirlər, Azərbaycanda isə əksinə…
ABŞ-da özəl universitetlərə üstünlük verirlər, Azərbaycanda isə əksinə…

Təhsil Nazirliyi də etiraf edir ki, Azərbaycanda dövlət ali məktəblərinə özəl ali məktəblərdən daha çox inanırlar. Elə bunun nəticəsidir ki, abituriyentlər sənəd verərkən ərizələrində dövlət universitetlərinin ixtisaslarını ön sırada yazırlar. Halbuki, beynəlxalq təcrübədə özəl universitetlərin nüfuzu dövlət universitetlərindən yüksəkdir.


ABŞ-ın Vaşinqton Universitetinin məzunu Fariz İsmayılzadə bildirir ki, Amerikada dövlət məktəbləri kütləvi və xaotik imic formalaşdırıb. Belə məktəblərdə tələbələr çox olduğundan onların müəllimlərlə birbaşa ünsiyyətə girmək imkanı olmur. Mütəxəssis axtaran təşkilatlar isə özəl universitetlərin məzunlarına üstünlük verirlər. Ona görə də amerikalı gənclərin ixtisas seçimində prioritet meyli özəl universitetlərə olur. «Amerikada o universitet nüfuzludur ki, öz məzunlarına iş tapmaqda kömək edir. Məsələn, Harvard Universitetində təhsilin keyfiyyəti o dərəcədə də fərqlənmir, amma bu ali təhsil müəssisəsinin xüsusi proqramına görə, universitetin artıq hansısa yüksək post tutmuş məzunları yeni məzunlara iş tapmaqda kömək edirlər».


Azərbaycanda isə vəziyyət başqadır. Valideynlər istəyirlər ki, övladları dövlət məktəbində oxusunlar. Hətta özəl ali məktəbdənsə, dövlət universitetinin ödənişli fakültəsində oxumağa üstünlük verənlər də yetərincədir.


Ekspertlərin fikrincə, bunun bir neçə səbəbi var. Birincisi odur ki, Azərbaycanda təhsil sistemində özəlləşmə ali məktəblərdən başlayıb, halbuki, əvvəlcə özəl uşaq bağçaları, özəl orta məktəblər, sonra özəl ali məktəblər yaradılmalı idi. Azərbaycanda ali məktəblərə qəbul imtahanları testlə keçirilməyə başlayanda isə dövlət universitetlərinə dolayı yollarla qəbulun qarşısı alınmış oldu. Məhz belə bir şəraitdə formalaşmağa başlayan özəl universitetlərin əksəriyyəti ümumtest imtahanından keçə bilməyən abituriyentləri qəbul etməyə başladılar. Bu da öz növbəsində özəl universitetləri hələ yaranmağa başladığı dövrdəcə cəmiyyətin gözündən saldı, qeyri-ciddi imicini formalaşdırdı.


İkincisi, Qərbdə əvvəlcə özəl ali məktəblər yaranıb, sonra dövlət məktəbləri, Azərbaycanda isə əksinə. Keçmiş sovet təfəkküründən xilas ola bilməyən vətəndaşlar öz uşaqlarının dövlət müəssisələrində oxumasına önəm verirlər. Maddi-texniki bazası zəif olan özəl universitetləri seçən abituriyentlər isə zəif məzun kimi də təhsillərini başa vururlar.


Beləliklə, Azərbaycanda özəl universitet anlayışı dövlət məktəblərinə nəzərən ikinci dərəcəli universitet kimi formalaşıb.


Amma Azərbaycanda Xəzər, Qərb, Qafqaz universitetləri kimi keyfiyyətli təhsil verən özəl ali məktəblər də var. Bu ali məktəblərin intensiv beynəlxalq əlaqələri mövcuddur, Avropada olduğu kimi yaxşı iş tapmaqda məzunlarına kömək edirlər. Amma Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı deyir ki, özəl ali məktəblər barəsində yaranmış ümumi ictimai rəy onların da işinə mane olur. Universitet müasir standartlara cavab verən təhsil xidməti təklif etsə də yüksək bal toplayanlar dövlət məktəblərinə gedirlər. Rektorun sözlərinə görə, onlara gələn zəif tələbələrlə işləmək bir az çətin olur. Hamlet İsaxanlının fikrincə, dövlət təhsilin inkişafını istəyirsə, özəl universitetlərin nüfuzunun qeydinə qalmalıdır, heç olmasa, onlar üçün minimum standartlar müəyyənləşdirməlidir ki, qurunun oduna yaş da yanmasın. Cənab İsaxanlı hesab edir ki, dövlət özü bəzən özəl universitetin artan nüfuzuna qısqanclıqla yanaşır. Məsələn, «Xəzər»in maddi-texniki bazası kifayət qədər yaxşı olduğu halda, digər özəl universitetlər kimi burada da tibb və hüquq fakültələrinə qəbul dayandırılıb.


Hamlet İsaxanlı dövlət ali məktəblərində olduğu kimi özəl məktəblərində qəbul planının dövlət tərəfindən müəyyənləşdirilməsini də düzgün hesab etmir. Onun fikrincə, özəl zavod nə qədər məhsul istehsal edəcəyini özü müəyyənləşdirdiyi kimi, özəl məktəb də hansı sahədə nə qədər məzun yetişdirməyi bazarın tələbinə uyğun özü seçməlidir, dövlətin öz şərtlərini diktə etməsi universiteti nüfuzdan salır.


Təhsil Nazirliyinin İcra Aparatının rəhbəri İlham Pirməmmədov isə özəl ali məktəblərə inamın az olmasını onların özünün yaxşı təhsil verməməsi ilə bağlayır. İxtisaslara qəbulun Nazirlər Kabineti tərəfindən müəyyənləşiməsinə gəlincə, İlham Pirməmmədov burada inkişafa mane olan heç nə görmədiyini deyir. Onun sözlərinə görə, bu istiqamətdə tədqiqat gedir, payızda özəl ali məktəblərdə pedaqoji və iqtisadi yönümlü fakültələrin də bağlanması gözlənilir. Səbəb isə ali məktəblərin zəif təhsil verməsi və bu ixtisaslara bazarda ehtiyacın olmamasıdır. Göründüyü kimi, özəl universitetlərlə bağlı hökumətin dəyişkən siyasət yürütməsi, prioritet istiqamətin müəyyənləşdirilməməsi universitetlərin imicinə mənfi təsir edir.


Bir çoxları belə hesab edir ki, abituriyentlərin özəl ali məktəbləri seçərkən tərəddüd etməsinin bir səbəbi də təhsil haqqı ilə bağlıdır. Keçmiş sovet respublikalarından olan Qazaxıstanda bu məsələ dövlət kreditləri hesabına həll olunur. Qazaxıstan hökuməti istedadlı abituriyentlərə kredit verir ki, təhsil haqlarını ödəsinlər, sonra işləyib qaytarsınlar. Hələ ki, Azərbaycanda belə mexanizm yoxdur…


XS
SM
MD
LG