Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:46

Liftin işləmir…kondominium yarat!


Kondominium: mənzil mülkiyyətçiləri birliyi deməkdir
Kondominium: mənzil mülkiyyətçiləri birliyi deməkdir
Kondominium – bu sözün mənasını yəqin ki, Azərbaycanda az adam bilir. Baxmayaraq ki, artıq Rusiya, Özbəkistan, Qırğızıstan və bir sıra başqa keçmiş sovet respublikalarında kondominium anlayışı hətta qanunlarda da əksini tapıb. Bu imkan verir ki, qaz, su, lift və başqa kommunal xidmətlərlə bağlı dövlət orqanlarına ayaq döyməkdən vətəndaşların canı qurtarsın. Amma necə?


Bu haqda bir az sonra.


...Azərbaycanda kommunal xidmətlərlə bağlı şikayətlər təsadüfi deyil. Çünki bu sahədəki avadanlıqlar sovet dövründən qalmadı və çox hissəsi istismar müddətini başa vurub. Sovet dövründə bu sahəyə dövlət nəzarət edirdi, kommunal xidmətlərə görə, vətəndaşların ödənişləri simvolik səciyyə daşıyırdı. İndi isə bazar qiymətləri şəraitində dövlətin həmin avadanlıqları təzələmək üçün kifayət qədər pulu yoxdu. Bakıda 4500-ə qədər lift var, amma onların mini, yəni təxminən dörddə biri istismar müddətini başa vurub. Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəis müavini Rüfət Ələkbərov deyir ki, bir liftin alınması və quraşdırılması çox baha - təxminən 20 min yeni manata başa gəlir. Ona görə də bu il cəmi 64 lifti yenisiylə əvəz edə biləcəklər. Cənab Ələkbərovun fikrincə, liftdən istifadə tarifləri artmalıdır ki, xidmət də yaxşılaşsın.


Amma iqtisadçı-ekspert Azər Mehtiyev deyir ki, yalnız qiyməti qaldırmaqla kommunal sektoru qaydaya salmaq mümkün deyil. Onun fikrincə, bu sahə bazar iqtisadiyyatı prinsiplərinə uyğun idarə edilməli, xidmətin keyfiyyəti artmalıdır ki, əhali də qiymət artımına həddindən artıq ağrılı yanaşmasın: «Əgər indiyəcən olduğu kimi, qiymət qalxıb, keyfiyyət eyni səviyyədə qalacaqsa, bu məsələni qaldırmağa dəyməz. Keyfiyyət artırılmalı və buna uyğun qiymət də qalxmalıdır. Məsələn, Bakı Elektrik Şəbəkəsi «Barmek»in idarəçiliyinə veriləndə enerji haqlarının yığımı aşağı səviyyədə idi, amma xidmət keyfiyyəti artdığı üçün əhali də ödənişləri vaxtlı-vaxtında etməyə başladı».


Cənab Mehtiyev deyir ki, bazar iqtisadiyyatı şəraitində kommunal xidmətlərin dəyəri çox ucuz ola bilməz. O, yeni tikilən çoxmərtəbəli binaları misal çəkir, orda kommunal xidmətlərin əsasən yüksək səviyyədə olmasını xatırladır.


Azər Mehtiyev onu da bildirir ki, kommunal xidmətlərin qiymətlərini bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdıranda bundan kasıb təbəqə ziyan çəkə bilər, amma buna da çarə var. Dövlət kasıb təbəqəyə ünvanlı sosial yardım verə bilər.


Bəs, kommunal xidmətlərin bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılması necə baş verməlidir? Bunun bir forması – Bakı Elektrik Şəbəkəsinin özəl şirkətə idarəyə verilməsidir. Başqa bir forma - kondominiumdur.


Deyilişi bir az dilə yatmayan bu söz «mənzil mülkiyyətçiləri birliyi» deməkdir. Yəni, məsələn, beşmərtəbəli binanın sakinləri bir yerə yığışıb bir qurum təsis edirlər, onu Ədliyyə Nazirliyində qeydiyyatdan keçirirlər. Bu qurum sakinləri öz mənzillərindən başqa, binanın digər sahələrinin – zirzəmi, dam, zibil boruları, lift və sairənin də mülkiyyətçisi edir. Sakinlər bütün bu kommunal sahələri özləri idarə etməyə başlayırlar. Lifti kimin düzəldəcəyini, ona kimin qulluq edəcəyini, yaxud zibili hansı idarənin daşıyacağını özləri müəyyən edir, təbii ki daha keyfiyyətli və sərfəli qiymətə xidmət təklif edəni seçirlər. Belə olduqda Mənzil İstismar İdarələri də öz aktuallığını itirir. Bu birlik formasının Azərbaycanda olmasını, bunun qanunvericilik bazasını yaratmağı ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi təklif edir.


Agentliyin təşəbbüsü ilə Suraxanı rayonunda bir binada belə bir sınaq layihəsi həyata keçirilir. Sakinlər öz binalarının istilik sistemini qaydaya salıblar. Beynəlxalq İnkişaf Agentliyi bu təcrübənin bütün Azərbaycana yayılmasını istəyir, indi Bakıda bununla bağlı beynəlxalq konfrans da keçirilir, tədbirə rəsmilər də dəvət edilib. Agentliyin Azərbaycandakı koordinatoru Ceyms Qoqin: «Bu sınaq layihəsinin əsas məqsədi cəmiyyətin kondominiumuma diqqətini artırmaqdır. Biz çalışacağıq ki, dövlət orqanları ilə əməkdaşlığı artıraq ki, sınaq layihənin digər yaşayış məntəqələrinə də yayılmasına nail olaq».


Kondominiumlar həm də kommunal sektordakı korrupsiyanın, əhalidən qanunsuz pul yığılmalarının qarşısına ala bilər.


Amma hələ ki dövlət orqanlarının kondominiumlara – yəni mənzil mülkiyyətçiləri birliklərinə xüsusi diqqəti nəzərə çarpmır.


Nazirlər Kabinetinin şöbə müdiri Oqtay Haqverdiyev deyir ki, kondominium yaxşı ideya olsa da, onun Azərbaycanda uğurla tətbiq oluna biləcəyinə inanmır. Onun fikrincə, kondominium qonşuların birləşib səsvermə yolu ilə qərarlar qəbulunu nəzərdə tutur, amma Azərbaycanda insanların birləşib hansısa problemlərini birgə həll etmək mədəniyyəti elə də yüksək deyil: «Nəyisə müzakirə edəcəklər, hərənin ağzından bir avaz gələcək, biri deyəcək, suyu burdan çəkək, o biri deyəcək ordan. Məncə, belə müzakirələrdə hansısa razılıq əldə etmək çətin olacaq».


XS
SM
MD
LG