Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:00

Azərbaycan ordusunun təchizatı...


Müdafiə naziri Səfər Əbiyev Azərbaycan ordusunu Cənubi Qafqazın ən qüdrətli ordusu hesab edir Foto: Trend
Müdafiə naziri Səfər Əbiyev Azərbaycan ordusunu Cənubi Qafqazın ən qüdrətli ordusu hesab edir Foto: Trend

Ekspertlər hesab edir ki, müasir silahlar ancaq, daxili qoşunlar, polis, milli qvardiya üçün alınır. Bunlar isə öz vətəndaşlarına qarşı yönəlmiş strukturlardır


İyunun 26-sı Azərbaycan Silahlı Qüvvələri Günüdür. Prezident İlham Əliyev deyir ki, gələcəkdə hərbi xərclər daha da artırılaraq, ordunun maddi-texniki bazasının gücləndirilməsinə sərf olunacaq. Dövlət başçısının sözlərinə görə, son illər ərzində Silahlı Qüvvələrə xeyli silah-sursat alınıb və bu proses davam etdirilir: «Ümid edirəm ki, çox qısa müddətdə Azərbaycanda güclü hərbi-sənaye kompleksi yaradılacaq».


Ekspertlər ümumilikdə orduda gedən islahatları müsbət qiymətləndirir, on il bundan əvvəlki dövrlə müqayisədə xeyli irəliləyiş olduğunu, ancaq məsələn, digər Cənubi Qafqaz respublikalarına baxanda bu prosesin ləng getdiyini düşünürlər. Məsələn, Gürcüstan islahatlara çox gec qoşulsa da, bu ölkənin Silahlı Qüvvələrində NATO standartlarına uyğun moto-atıcı briqadalar var. Azərbaycan Müdafiə Nazirliyi isə bildirir ki, orduda bu tipli yalnız bir briqada formalaşıb. Orduda müasirləşmə prosesinin ləng getməsinin daha bir səbəbi isə NATO məktəbi keçmiş kadrların azlığı, yaxud onlardan düzgün istifadə edilməməsiylə izah olunur. Ancaq Müdafiə naziri Səfər Əbiyevin sözlərinə görə, 1997-ci ildən Azərbaycan Silahlı Qüvvələrində zabit kadrlarının NATO standartlarına uyğun hazırlanması proqramı tətbiq edilir.


Müstəqil hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov: «Gürcüstan, Uqanda Ukraynadan müasir tipli texnika, «BTR» aldığı halda, Azərbaycan «BMP-1» alıb. Azərbaycan müharibə vəziyyətində olan dövlət kimi ən müasir silahlarla silahlanmalıdır».


Cənab Cəfərov əlavə edir ki, ötən həftə hərbi məzunlarla görüşdə prezidentə təqdim olunan silahlar döyüş yox, təlim xarakterlidir. Ekspert ordu təlimlərinin keçirilməməsində də mənfi halların olduğunu deyir: «İki təyyarənin uçmasıyla iş düzəlmir. Sonuncu dəfə təlim 1997-ci ilin avqustunda Sumqayıt ətrafında keçirilib. Ordu lazımi təlim keçmir».


Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Mərkəzinin sədri Ələkbər Məmmədovsa, deyir ki, hərbi texnika və sursat köhnəlməyən, belə deyək ömürlük sayılır, ona görə də məhz müasir tipli silahlara üstünlük verilməlidir: «Müasir silahlar ancaq, daxili qoşunlar, polis, milli qvardiya üçün alınır. Bunlar isə öz vətəndaşlarına qarşı yönəlmiş strukturlardır».


Müdafiə naziri Səfər Əbiyevsə jurnalistlərə verdiyi açıqlamalarda dəfələrlə bəyan edib ki, Azərbaycan ordusu öz potensialına görə Cənubi Qafqazın ən qüdrətli ordusudur. Nazirin fikrincə, silahlı qüvvələr ali boş komandanın əmirlərini yerinə yetirməyə tam hazırdır.


Ötən ilin sonlarında prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Yavər Camalovdan nazir təyin olunduğu qurum hazırda təşkilatlanma mərhələsindədir. Nazirliyin əsas məqsədinin isə müasir standartlara cavab verən hərbi təchizat istehsal etmək olduğu bildirilir.


XS
SM
MD
LG