Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 20:30

ABŞ-ın fikrincə, Azərbaycanda demokratiyaya doğru müsbət meyl var


«ABŞ-ın rəsmi mövqeyi belədir ki, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik»
«ABŞ-ın rəsmi mövqeyi belədir ki, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik»

Amerikalı həmsədr: «Bizim prezident hesab etdi ki, İlham Əliyevi özümüzdən uzaqlaşdırmaqla yox, yaxınlaşdırmaqla demokratik islahatlara daha çox xeyir verə bilərik»


Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə məşğul olan ATƏT-in Minsk Qrupundakı amerikalı həmsədri Mətyu Brayza «Azadlıq» radiosuna verdiyi eksklüziv müsahibəsində bildirir ki, Birləşmiş Ştatların Qafqazdakı strateji maraqları üç istiqamətdədir: Enerji, təhlükəsizlik və demokratik islahatlar.


“Bəli, bizim enerji maraqlarımız var və enerjinin strateji maraq olduğunu deməkdən çəkinmirik. Bizim təhlükəsizlik maraqlarımız var və ya ənənəvi təhlükəsizlik maraqlarımız var. Bu, terrorçuluqla mübarizə, nüvə silahlarının yayılmaması, hərbi münaqişələrin qarşısının alınması və regiondakı ölkələrin ərazi bütövlüyünün bərpası və ya qorunub saxlanması deməkdir”.


Cənab Brayza qeyd edir ki, regiondakı münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində nizamlanmalıdır. “Gürcüstan nümunəsində, münaqişə Gürcüstanın sərhədlərinin qorunub saxlanması daxilində həll olunmalıdır. Qarabağa gəldikdə isə, ABŞ-ın rəsmi mövqeyi belədir ki, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik».


Amerikalı diplomat əlavə edir ki, ABŞ-ın regiondakı üçüncü strateji marağı demokratik və iqtisadi islahatları, ölkələrdəki daxili islahatları dəstəklə bağlıdır. Onun sözlərinə görə, sabitlik yalnız legitimlikdən doğur. Legitimlik isə, siyasi tərəfdən demokratiya, iqtisadi tərəfdən firavanlıq tələb edir. Demokratiya və firavanlığa isə ciddi islahatlarla nail olmaq mümkündür.


ABŞ Dövlət katibinin müavininin köməkçisi səfir Mətyu Brayza Birləşmiş Ştatların Azərbaycanda demokratiyanın inkişafı məsələlərinə ciddi önəm verməməsi barədə səslənən tənqidləri qətiyyətlə rədd edir. Demokratiyanı davamlı sabitliyin mənbəyi adlandıran diplomat bildirir ki, ABŞ demokratiya məsələsində Azərbaycanda çox ciddi iş aparır. Lakin o bildirir ki, “Azərbaycanın demokratiya məsələsində ABŞ-ın istədiyi qədər irəli getməməsi hələ o demək deyil ki, ABŞ enerji maraqlarına və ya hərbi maraqlarına əhəmiyyət verməyəcək”:


“Biz balansı gözləməliyik. Biz nə üçün prezident İlham Əliyevlə prezident Buş arasındakı əlaqələri həmişəlik dondurmalıyıq? Yalnız ona görə ki, biz onun demokratiya sahəsində daha çox iş görməli olduğunu hesab edirik? Axı bu mənasızdır. Bizim prezident hesab etdi ki, İlham Əliyevi özümüzdən uzaqlaşdırmaqla yox, yaxınlaşdırmaqla demokratik islahatlara daha çox xeyir verə bilərik. Çünki biz hiss edirik ki, Azərbaycanda demokratiyaya doğru müsbət meyl var. Baxmayaraq ki, Azərbaycan bu sahədə bizim arzuladığımız qədər irəli getməyib».


Amerika rəsmisi deyir ki, prezident İlham Əliyev Azərbaycanda siyasi sistemin modernləşdirilməsi, demokratiyanın Azərbaycan mədəniyyəti və ənənələri kontekstində yaradılması üçün iş aparır. Ermənistanla Azərbaycanı müqayisə edən Mətyu Brayza Azərbaycanın qonşusundan irəlidə getdiyini, demokratik islahatlar istiqamətində bir sıra müsbət addımlar atıldığını bildirir. “Bəlkə də biz Azərbaycan barədə səhv edirik. Ola da bilər ki, biz həddən artıq ümidliyik. Lakin biz düşünürük ki, müsbətə doğru inkişaf var. Biz bunları Ermənistanda da görmək istərdik».


XS
SM
MD
LG