Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:41

Hökumət fövqəladə hallara hazırdırmı?


Kəmaləddin Heydərov bir neçə dəfə bildirib ki, ən müasir avadanlıqlar almaq niyyətindədirlər
Kəmaləddin Heydərov bir neçə dəfə bildirib ki, ən müasir avadanlıqlar almaq niyyətindədirlər

Mütəxəssislərin fikirlərinə görə, Bakı daha ciddi təhlükələrdən sığortalanmayıb


Həm sadə insanlar, həm də mütəxəssislər arasında belə bir fikir var ki, hökumət fövqəladə hallara hazır deyil. İyunun 26-da metronun «Sahil» stansiyasının çıxışı ilə üzbəüz ikimərtəbəli binada baş verən yanğını 4 saatdan tez söndürməyin mümkün olmaması bu fikirlərin bir qədər də güclənməsinə səbəb olub. Üstəlik, bu prosesə Baş Yanğından Mühafizə İdarəsinin əməkdaşları ilə yanaşı, Dövlət Neft Şirkətinin nəzdində olan yanğınsöndürənlər də cəlb edilib. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov yanğının gec söndürülməsini hava şəraitinin əlverişli olmaması və lazımı texnikanın çatışmaması ilə izah edib. Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin Səbayel Rayon Şöbəsinin rəisi Camal Hacıyev də deyir ki, əsas problemləri bəzi avadanlıqların olmaması və mövcud olanların müasir tələblərə cavab verməməsidir: «Maşınlar işləyir, ancaq əksəriyyəti sovet dövründən qalıb. Mən bildiyimə görə, nazir bu məsələylə məşğuldur. Lazımı avadanlıqlar yaxın vaxta alınacaq».


Yanğının baş verdiyi bina cəmi 2 mərtəbədən ibarətdir. O qədər də yüksək olmayan binanın gec söndürülməsi yaxınlıqda yaşayan insanlarda da müəyyən şübhələr yaradıb.
«Turan» İnformasiya Agentliyinin eksperti Hafiz Babalı bildirir ki, qar yağanda Bakıda yolların günlərlə təmizlənməməsi, əyalətlərdə sel və daşqınlara müdaxilələrin bir çox hallarda yetərli olmaması artıq əhali üçün adiləşib: «Qışa yaydan başlayaraq hazırlaşmaq lazımdır. Yağış yağanda küçəni sel basmasın deyə, «luk»lar əvvəlcədən boşaldılmalıdır. Qar yağanda yolu təmizləyəcək maşınlar saz vəziyyətə gətirilməlidir».


Mütəxəssislərin fikirlərinə görə, Bakı daha ciddi təhlükələrdən sığortalanmayıb. İndi paytaxtda tikilən binaların əksəriyyəti bir-birinə bitişikdir və təhlükəsizlik standartlarına cavab vermir. Memarlıq və İnşaat Universitetinin fövqəladə hallar və həyat fəaliyyəti təhlükəsizliyi kafedrasının müdiri Həbib Ocaqov deyir ki, bu da gələcəkdə çox ciddi fəsadlar törədə bilər: «Yanğın olarsa, bir binadan o birinə keçmə ehtimalı çox böyükdür. Həmin binalar bir-birinə o qədər bitişikdir ki, onların həyətinə nəinki yanğınsöndürən maşınlar, hətta təcili yardım maşınları da girməyə çətinlik çəkir».


Cənab Ocaqov deyir ki, müasir texnikanın gətirilməsiylə yanaşı, yeni tikilən binaların da təhlükəsizliyinə diqqət yetirilməlidir. Onun sözlərinə görə, Azərbaycandakı yanğınsöndürənlər heç də qonşu ölkələrdəki həmkarlarından geri qalmırlar. Sadəcə, yanğın təhlükəsizliyi qaydalarına əməl etmək tək onlardan yox, bütünlükdə cəmiyyətdən asılı məsələdir.


2002-ci ildə Azərbaycanda adi bir qəza üzündən düz bir gün bütün ölkədə elektrik enerjisi kəsilmişdi. Həmin vaxt Ağsu rayonu ərazisində sadəcə yüksək gərginlikli bir elektrik naqili qırılmışdı. O vaxt eks-prezident Heydər Əliyev də müşavirə keçirərək, hökumətin fövqəladə hallara hazırlıq məsələsini gündəliyə gətirmişdi.


Həmin vaxtdan keçən müddət ərzində Nazirlər Kabineti yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyası ləğv olunub, əvəzinə Fövqəladə Hallar Nazirliyi yaradıldı. Amma yeni nazir Kəmaləddin Heydərov bir neçə dəfə bildirib ki, ən müasir avadanlıqlar almaq niyyətindədirlər.


XS
SM
MD
LG