Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:19

Bakı Yerevanın bəyanatına cavab verdi


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

«ATƏT-in Minsk Qrupu həmsədrləri, xüsusilə də, ABŞ-dan olan həmsədr Metyu Brayza hazırda müzakirə olunan sülh yolu ilə mərhələli nizama salınmanın ayrı-ayrı prinsiplərinin yalnız ümumi təsvirlərini göstəriblər. Bu, anlayışların başa düşülməməsi və ya qarışıq salınması, habelə Ermənistan XİN-nin bəyanatında əksini tapan spekulyasiya cəhdlərinə zəmin yaradır».


Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatı ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı cavab bəyanatda belə deyilir.


Sənəddə bildirilir ki, Ermənistan XİN-nin 26 iyun 2006-cı il tarixli bəyanatı Ermənistan tərəfinin münaqişənin nizama salınması prosesində qeyri-konstruktiv mövqeyində qalmasının daha bir sübutudur.


Azərbaycan tərəfi Azərbaycan Respublikasının qüvvədə olan Konstitusiyası və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ən yüksək muxtariyyət verilməsinə hazır olduğu barədə mövqeyini bir daha təsdiq edir.


«Danışıqlar çərçivəsində Azərbaycanın mövqeyi konstruktiv olaraq qalmaqdadır və nəinki bizim çoxmillətli dövlətimizin, bütövlükdə beynəlxalq ictimaiyyətin maraqlarına cavab verir. İşğal edilmiş əraziləri girov və alver elementinə çevirmək taktikasından istifadə etməklə bu mövqenin şantaj və hədələrlə dəyişdirilməsinə yönəldilmiş bütün cəhdlər uğursuzluğa məhkumdur. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz» – deyə sənəddə qeyd olunur.


Eyni zamanda Azərbaycan XİN-i Azərbaycan tərəfinin regionda daimi və ədalətli sülhə nail olmaq üçün sülh danışıqlarının davam etdirilməsinə sadiqliyini təsdiq edir. Bildirilir ki, danışıqlar prosesinin pozulacağı təqdirdə bütün məsuliyyət və bunun nəticələri Ermənistan tərəfinin üzərinə düşür.


Ermənistan Xarici İşlər Nazirliyinin iyunun 26-da yayılan bəyanatında deyilir ki, Ermənistan və Azərbaycan prezidentləri Qarabağın gələcək statusunun müəyyən edilməsi üçün referendum keçirilməsi məsələsində razılığa gəliblər. Onların razılaşmadığı məsələ hərbi münaqişənin nəticələrinin ləğvinin ardıcıllığı ilə bağlıdır.


XS
SM
MD
LG