Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:55

Azərbaycan təhsilinin «araba yolu»


Bir ildən sonra ibtidai siniflər yeni proqrama keçir, amma müəllimlərin 90 faizi buna hazır deyil
Bir ildən sonra ibtidai siniflər yeni proqrama keçir, amma müəllimlərin 90 faizi buna hazır deyil

Azərbaycan təhsili bir ildən sonra «araba yolu»na qədəm qoyur. Bu yol Azərbaycan təhsilini düz yola çıxarmalı, Qərb təhsil sisteminə uyğunlaşdırmalıdır. Söhbət Təhsil Nazirliyinin 2007-ci ildən ölkənin hər yerində ibtidai siniflərdə tətbiq edəcəyi Milli Kurrikulum Proqramından gedir. Kurrikulum da qədim Roma dilində «araba yolu» deməkdir. Bu təhsil sistemində şagirdi müxtəlif məlumatlarla yükləmək və əzbərçiliyə öyrətmək yox, ona praktik biliklər vermək nəzərdə tutulur. Yəni məktəbli məsələn, OM qanununu bilirsə, bu yaxşıdır. Amma mexanki elmlər ona həm də həyatda gərəkli olmalı, tutaq ki, elektrik naqili qopanda onu düzəltməyə yardım etməlidir. Və ya şagirdin bəşəriyyət tarixindəki bütün müharibələrin siyahısını, neçə sivilizasiyanı yer üzündən sildiyini az qala əzbərləməsi lazım deyil. Mühüm olan şagirdin müharibənin təhlükəli olduğunu anlamasıdır. Təhsil Nazirliyində yeni layihə ilə məşğul olan şöbə müdiri Aydın Əhmədov: «O yanlış fikirdir ki, ana dili fənni dilin qrammatikasını öyrədir. Əslində, ana dili ünsiyyət qurmağı, fikrini ifadə etməyi, yazı mədəniyyətini öyrədir. Və ya riyaziyyat həm də məntiqi nəticə çıxartmağı öyrətməlidir».


Təhsil üzrə ekspert Zəminə Əliqızı da gileylənir ki, 8-9 yaşlı uşaqlar fikirlərini sərbəst ifadə edə bilmirlər: «Kameradan qaçırlar. Bu da ondan irəli gəlir ki, müəllim uşağa sadəcə, göstəriş verir ki, düz otur, səs salma, «Gəl, gəl a yaz günləri» şerini əzbərlə. Amma yazın gəlişi zamanı təbiətdə nə baş verdiyini başa salmır. Ona görə də uşaqların öz fikri yoxdur».


Bu günlərdə Azərbaycanda olan Beynəlxalq Test Agentliyinin (BTA) təmsilçiləri də məsləhət görüblər ki, orta məktəb proqramına yazı, məntiq və tənqidi düşüncə ilə bağlı fənnlər daxil olsun. Agentliyin əməkdaşı Riçard Holdon: «Orta məktəbdə uşaqlar yalnız əsas məlumatla təmin olunmalı deyil. Onlardan yazı vərdişinin, tənqidi düşüncənin və məntiqin inkişaf etdirilməsi tələb olunur. Çoxlu məlumat bilik deyil. Orta məktəbdə nəyi öyrənmək yox, nəyi necə öyrətmək vacibdir».


Təhsil Nazirliyinin rəsmisi Aydın Əhmədov isə, deyir ki, bu deyilənlər yeni proqrama daxil olunub. Həmin proqramın məqsədi əvvəlki kimi şagirdə müəyyən fənn çərçivəsində bilik vermək deyil: «Orta məktəb məzunu müstəqil həyata hazırlayır, onun şəxsiyyət kimi formalaşmasına yardımçı olur. Orta məktəb ali məktəbə tələbə hazırlamır, vətəndaş hazırlayır. Amma biz ona fənn öyrətməklə kifayətlənmişik. Əgər uşaq onu tətbiq edə bilməyəcəksə, yadından çıxacaq və lazım olmayacaq. Tətbiqyönümlü, nəticəyönümlü, şəxsiyyətyönümlü təhsil sistemi qurulması əsas vəzifədir».


Milli Kurrikulum Proqramına görə, ibtidai sinif şagirdlərinə qoyulan tələblər də dəyişəcək. Ondan zəruri riyazi bilikləri həyatda tətbiq etməsi, sadə alqoritmləri həll etməsi, kompüterdən istifadə etməsi tələb olunacaq. Eyni zamanda, müşahidə etdiyi obyekt və hadisələri təsvir etməyi, onları başlıca əlamətlərinə görə fərqləndirməyi, müstəqil və məntiqi düşünməyi, münasibət bildirməyi, ünsiyyət qurmağı, əməkdaşlıq etməyi bacarmalıdır.


Yaşına uyğun müxtəlif ədəbiyyatlardan, lüğətdən, məlumat xarakterli kitabçalardan yararlanmalıdır. Eyni zamanda, o, öz vəzifələrini yerinə yetirməklə yanaşı, özünün və başqalarının hüquqlarına hörmətlə yanaşmalıdır. Bu, 6 yaşlı uşaqlara qoyulacaq tələblərdir və yerinə yetirilmədiyi halda, onlar növbəti pilləyə buraxılmayacaqlar.


Dünya Bankının vəsaiti hesabına hazırlanan proqram üzərində 400-dən artıq mütəxəssis işləyib. Hazırda dərsliklərin və müəllimlərin hazırlanması prosesi gedir. Ekspertlərə görə, ən böyük çətinlik müəllimlərin üzərinə düşür. Onlardan düşüncə tərzini, şagirdə yanaşmasını və eləcə də öyrətmək qaydalarını dəyişdirməsi tələb edilir. Təhsil ekspertləri etiraf edirlər ki, yol çətindir. Bu yolda mübahisələr də, müqavimət də, fikir ayrılığı da olacaq. Ona görə də artıq pedaqoq hazırlayan ali məktəblərdə istiqaməti dəyişdirməyə qərar veriblər. Pedaqoji fəaliyyətlə məşğul olanlarla isə mütəmadi treninqlər aparılacaq.


Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlüyə görə, bu addım yetərli deyil. Bir ildən sonra ibtidai siniflər yeni proqrama keçir, amma müəllimlərin 90 faizi buna hazır deyil, valideynlərsə bixəbərdi: «Yeni dərsliklər, interaktiv metodlar əsasında proqramlar hazırlanır. Müəllimlər, valideynlər hazır deyil. Bunun üzərində düşünmək lazımdır».


Təhsil Nazirliyi isə, bir ilə bütün hazırlığın başa çatdırılacağını güman edir. Ancaq bütün nöqsanlara rəğmən ekspertlər proqramı yüksək qiymətləndirirlər. Təhsil Nazirliyi çatışmayan cəhətlərin olduğunu etiraf etsə də, zaman keçdikcə proqramın təkmilləşəcəyini bildirir. Necə deyərlər, əsası yola düşməkdir…


XS
SM
MD
LG