Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:50

Nəzir qutularına atılan pullar hara xərclənir?


Bibiheybət Məscidinin yaxınlığında nəzir qutusu
Bibiheybət Məscidinin yaxınlığında nəzir qutusu

Fatma Qəmbərova həmişə ziyarətgahlara getdiyini, nəzir verdiyini deyir: «Ən çox Mirmövsüm Ağanın ziyarətgahına gedirəm, Pirhəsənə, Əliayağına gedirəm, nə nəzir demişəm onu alıb aparıram». Fatma xanımın dediyinə görə, indiyə qədər pirlərdəki, məscidlərdəki və yol kənarlarındakı nəzir qutularına köhnə pulla 100 min manatdan çox nəzir verib. «Nəzir qutuları»na atdığı pulların hara xərclənməsindən isə xəbərsiz olduğunu deyir…


Nəzir qularına kim nəzarət edir?

Bakıdakı Bibiheybət məscidinin yaxınlığında yolun kənarındakı dəmir qutuya pul atarkən söhbətləşdiyim Vahid Mürsəlov deyir ki, onun “nəzir qutuları”nın yanından pul atmadan keçib getdiyi gün yadında deyil. O, da Fatma Qəmbərova kimi nəzir verdiyi pulların necə xərclənməsi ilə heç maraqlanmayıb.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elçin Əsgərov da deyir ki, o da dəfələrlə nəzir qutularına pul atsa da, həmin pulların sonrakı taleyilə maraqlanmayıb. Komitə rəsmisi ölkədə nə qədər nəzir qutusu olduğunu bilmir. Cənab Əsgərov deyir ki, belə bir statistikanı yalnız Qafqaz Müsəlmanları İdarəsi aparır. Onun sözlərinə görə, bəzi məscidlərdəki nəzir qutularına heç Qafqaz Müsəlmanları İdarəsi də nəzarət edə bilmir və həmin məscidlər bu işi özbaşına həyata keçirirlər.


Qafqaz Müsəlmanları İdarəsinin mətbuat katibi Akif Ağayev deyir ki, onlar yalnız məscidlərin ətrafında və həyətlərində olan nəzir qutularına nəzarət edirlər. Amma müxtəlif yerlədə nəzir qutuları da var ki, onların sahibləri ilə heç cür bacara bilmirlər. Hətta bir neçə dəfə həmin “nəzir qutuları”nın yığışdırılmasıyla bağlı hüquq-mühafizə orqanlarına müraciət də ediblər, amma elə bir nəticəsi olmayıb. Məscidlərin həyətindəki nəzir qutularına yığılan pulların qeydiyyatının aparılmasına gəldikdə isə Akif Ağayev deyir ki, bu işi Qafqaz Müsəlmanları İdarəsindəki Nəzarət-Təftiş Şöbəsi həyata keçirir. Nəzir qutularından milyonlarla manat vəsait əldə olunmasıyla bağlı məlumatları isə Akif Ağayev şişirdilmiş məlumatlar hesab edir: «Hər şeyi qoyaq kənara, gəlsin jurnalistlər nəzir qutularının yanında bir həftə dursun, görsün bu qutulara nə qədər vəsait yığılır».


Yığılan pullar…


Cənab Ağayev deyir ki, din dövlətdən ayrı olduğundan Azərbaycandakı dini qurumlar yığılan ianələr hesabına fəaliyyət göstərirlər. İdarə rəsmisi onu da dedi ki, yığılan pullardan kimsəsizlərə, qaçqınlara da yardımlar edilir.


Lakin Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən bildirdilər ki, son iki ildə dini idarə və qurumlardan qaçqınlara hansısa yardımlar edildiyi barədə məlumatlara malik deyillər. Komitənin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov deyir ki, qaçqınlara belə yardımlar ediləndə bu barədə Komitəyə məlumat verilir, amma son iki ildə onlara dini qurumlardan qaçqınlara yardımla bağlı hər hansı müraciət edilməyib.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr əvəzi Elçin Əsgərov məscid və ziyarətgahların ərazisindəki nəzir qutularından əldə olunan vəsaitlərdən vergi tutulmadığını desə də Vergilər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Fariz Səmədova görə, istənilən sahədə gəlir əldə olunursa burda qeydiyyat aparılmalı və vergi tutulmalıdır.


Azərbaycandan fərqli olaraq


Azərbaycandan fərqli olaraq Türkiyədə nəzir qutuları müxtəlif yerlərə yox yalnız məscidlərin girişinə qoyulur. “Azadlıq” radiosunun Türkiyədəki müxbirindən aldığımız məlumata görə, məscidlər Türkiyə Dini İşlər İdarəsinə bağlı olub, bu İdarənin ciddi nəzarəti altındadır. Ramazan və Qurban bayramlarında qutulara atılan nəzirlər komissiyanın nəzarəti altında sayılır və məscidin hesabına koçürülür. Bundan fərqli şəkildə nəzir vermək istəyənlər dövlətdən qəbz alırlar.


Amma Türkiyədən fərqli olaraq nə Dini İşlər üzrə Komitədən, nə Qafqaz Müsəlmanları İdarəsindən, nə də məscidlərdən ayda və ya bir ildə vətəndaşlardan nə qədər ianələr toplandığını heç cür öyrənə bilmədim.


Xalqların yaşatdığı ənənələr


Dini İşlər üzrə Komitənin sabiq sədri Rafiq Əliyev deyir ki, nəzir qutuları müxtəlif müsəlman ölkələrində var. İraqdakı əksər məscidlərin içərisində iri nəzir qutularının olduğunu bildirən Rafiq Əliyevin sözlərinə görə, o komitə rəhbəri olan dövrdə həmin vəsaitlərin necə xərclənməsini öyrənib. Məlum olub ki, həmin vəsaitlər xüsusi komissiyanın nəzarəti altında məscidlərin təmirinə və imkansız ailələrə sərf edilir. «Nəcəfdə Hüseynin, Əlinin məzarları üstündə yerlər var və həmin yerlərə nəzir verilir, bu da xüsusi komissiyanın nəzarəti altında bir və ya iki aydan bir açılır hesablanır və lazımı yerlərə xərclənir».


Rafiq Əliyev deyir ki, komitə sədri olduğu müddətdə Azərbaycanda nəzir qutularından nə qədər vəsait toplandığını və həmin vəsaitlərin hara xərclənməsini araşdırmaq istəyib, amma buna gücü çatmayıb.


Dinşünas alim, Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən biri Nəriman Qasımoğlu deyir ki, əslində nəzir yığılması ilə bağlı islam dinində hər hansı bir qayda-qanun yoxdur, bu daha çox xalqların yaşatdığı ənənələrdir. Camaatın “nəzir” kimi verdiyi ianələrin məscidlərin təmirinə xərclənməsində isə elə bir qəbahət görmür. O hesab edir ki, məscidlərin təmirindən sonra yerdə qalan pullar kimsəsizlərə, şikəstlərə və s. zümrələrə paylanmalıdır. Amma o, Azərbaycandakı bütün məscidlərin bu yola getmədiyi deyir. Bu sahədə kifayət qədər korrupsiya hallarının olduğunu söylənən Nəriman Qasımoğluna görə, bunu vətəndaşlar da bilməmiş deyil. Onun sözlərinə görə, dini ocaqlara verilən ianələrin xərclənməsində şəffaflıq təmin edilmədiyinə görə, hər dəfə müxtəlif problemlər üzə çıxır.


Vətəndaş passiv olanda…


Nəriman Qasımoğlu deyir ki, əslində vətəndaş verdiyi ianənin hara və necə xərclənməsilə hər an maraqlana bilər və dini qurumlar da bu məlumatları verməyə borclu olmalıdırlar. O, belə bir şəffaflığın olmamasını daha çox vətəndaşların passivliyi ilə əlaqələndirir. Cənab Qasımoğlu ianələrin niyə qara dəmir qutulara qoyulmalı olduğunu da başa düşə bilmədiyini deyir. «Yaxşı olar banklarda hesablar açılsın, lap elə həmin hesablar din xadimlərinin adına olsun, sadəcə bilinsin ki, bir gündə, bir ayda nə qədər pul yığılır».


XS
SM
MD
LG