Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 01:11

Gediş haqqı baha, səliqə-sahman yox, oturacaqlar çirkli....


Rəsmi şəxslər deyir ki, tezliklə nəqliyyatda yüksək xidmət olacaq
Rəsmi şəxslər deyir ki, tezliklə nəqliyyatda yüksək xidmət olacaq

İctimai nəqliyyatda əsas narazılıq gediş haqqının bəlli olmamağıdır, amma səliqə-sahman, təmizlik və intizam problemi də ondan az aktual deyil.


Tofiq Məsimovun şəxsi avtomobili yoxdur, o, adətən, şəhərdaxili nəqliyyatdan istifadə edir. Xüsusilə işə gəlib-gedəndə. Ancaq avtobusların xidməti onu qane etmir: «Oturacaqlar çirklidir, yer zibillidir, sürücü maşını ləng sürür. Əsəbiləşirsən, sürücüylə savaşırsan, səhərini pis ovqatla başladıcından həmin gün kefin də pozulur».


Sərnişindaşıyan əksər avtobusların texniki vəziyyətinin nasaz olması, səliqəsizlik, oturacaq üzlüklərinin çirkli olması sürücülərin özlərini də narahat edir. Məsələn, 248 saylı marşrutun sürücüsü Tofiq deyir ki, oturacaqların üzü yuyulmur, onları ən azı ildə bir dəfə dəyişmək arzuolunandır, amma bunu edə bilmirlər: «Qazancımız azdı, nə qazanırıq ki, hələ bir servisi də qaldıraq».


Avtobusların natəmizliyinə sərnişinlər də səbəb olur. Sürücülər deyirlər ki, maşının salonundan tum qabığı, su qabı, kağız tullantılarını yığmaqdan yorulublar


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, sərnişinlərin seçim imkanı məhdud olduğundan nasaz, çirkli marşrutlardan istifadə etməyə məcbur olurlar. Bu isə, istehlakçı hüququnun pozulmasıdır: «Gərək ölkənin istehlakçı siyasəti olsun».


Söhbətləşdiyimiz nəqliyyat nəzarətçisi Cavanşir Əliyevsə, deyir ki, əvvəllər ictimai nəqliyyatın təmizliyinə ciddi nəzarət varı idi, sürücülərin geyimindən tutmuş maşının salonunun təmizliyinə qədər hər şeyə diqqət yetirilirdi.


Bakı Şəhər İcra Hakimiyyətində Nəqliyyat Departamentinin mütəxəssisi Samir Məmmədovun sözlərinə görəsə, indi bu məsələylə məşğul olan konkret qurum yoxdur. Çünki departamentin bu sahəni tənzimləmək səlahiyyətləri Nəqliyyat Nazirliyinə verilib. Hazırda nazirlikdə həmin şöbə formalaşır. Cənab Məmmədov sərnişinləri əmin edir ki, tezliklə ictimai nəqliyyatda yüksək xidmətin şahidi olacaqlar.


XS
SM
MD
LG