Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:02

Nəhayət ki, yarmarka baş tutdu


Yarmarkalar hər həftəsonu təşkil olunacaq
Yarmarkalar hər həftəsonu təşkil olunacaq

Nəhayət ki, çoxdan gözlənilən yarmarka baş tutdu. Kənd təsərrüfatı məhsullarının qiymət artımının qarşısını almaq məqsədi təşkil edilən yarmarkanın bazarlara da təsiri olub. 28 may metro stansiyası yaxınlığında yerləşən bazarda söhbətləşdiyimiz satıcılar da bunu təsdiqlədilər. Onlar deyirlər ki, həftənin sonu şəhərə xeyli məhsul gətirildiyindən pomidor-xiyarın qiymətində fərq olub. Məsələn, indi rayon pomidorunu, xiyarı 20 qəpiyə almaq mümkündür, elə məşhur Zirə pomidoru da 50 qəpiyə enib. Satıcılar bazarda azacıq seyrəklik yarandığını da etiraf etdilər.


Amma bəzi satıcılar dedilər ki, onlar özləri də yarmarkaya baş çəkiblər və əlaqədar dövlət məmurlarının, həmçinin jurnalistlərin yarmarkanı tərk etməsindən sonra qiymətlərin qalxmasının şahidi olublar. Bəzilərinin fikrincə isə, yarmarkadakı qiymətlərlə bazardakı qiymət arasında fərq cüzi olub.


Bazarda meyvənin qiymətində enmə yoxdur, həm də yarmarkaya meyvə çıxarılmayıb. Kənd Təsərrüfatı Nazirliyinin şöbə rəisi Sabir Vəliyev bunu meyvə mövsümünün tədricən qurtarması ilə izah edir. Cənab Vəliyevin sözlərinə görə, yarmarkalarda qiymət qaldırılmayıb. «Bütün gün ərzində əməkdaşlarımız alış-veriş prosesini nəzarətdə saxlayıblar. Heç kim qiyməti qaldırmayıb».


Amma bəzi sahibkarlar məhsullarını ucuz satmağa meylli deyillər. Söhbət etdiyim fermerlər deyirlər ki, ucuz qiymətə istər alverçiyə sat, istərsə də yarmarkada-bunun heç bir fərqi yoxdur. Hər iki variant iş adamına sərf etmir. Məsələn, Sabirabadlı Mehdi Nağıyev deyir ki, bir həftə əvvəl Bakıya 500 kilo xiyar gətirib və onu alverçilər ondan 4 manata alıblar.


«Bizə ucuz satmaq xeyir eləmir. Zəhməti çəkən biz, qazanan alverçilərdir. Mənə gəlib bazarda oturub satmaq da sərf eləmir. Yaxşı olar elə tənzimləsinlər ki, gətirib münasib qiymətə verək».


Kənd Təsərrüfatı Nazirliyi də yarmarkanın bazara təsirindən razı qalıb. Nazirliyin mütəxəssisi Sabir Vəliyev deyir ki, onlar birinci tədbirin nəticələrini müsbət qiymətləndiriblər və qərara alıblar ki, hər həftənin sonu mövsümə uyğun kənd təsərrüfatı məhsullarının yarmarkasını təşkil eləsinlər.


XS
SM
MD
LG