Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:02

«Narahatçılıq var ki, Hacı Məmmədovla istintaq sövdələşməyə gedə bilər»


«Elmar Hüseynov» Fondunun təsisçilərinin mətbuat konfransı, 26 iyul 2006
«Elmar Hüseynov» Fondunun təsisçilərinin mətbuat konfransı, 26 iyul 2006

«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovu ağır qətllər və adam oğurluqlarında ittiham edilən Hacı Məmmədovun dəstəsinin öldürməsinə birmənalı yanaşmayanlar var. «Elmar Hüseynov» Fondunun təsisçilərindən olan «Qanun» jurnalının baş redaktoru Şahbaz Xuduoğlu deyir ki, bu qətli Hacı Məmmədovun və ya hüquq-mühafizə orqanlarında çalışan başqa bir silahlı dəstənin törətdiyini istisna etmirlər. Çünki hadisəni araşdıran İctimai Təhqiqat Qrupunda olan məlumatlara görə, qətldən əvvəl Elmar Hüseynovun həm bütün hərəkət istiqaməti izlənilib, həm də onun telefon danışıqları dinlənilirmiş.


Cənab Xuduoğlunun sözlərinə görə, bu da həmin dəstənin bəzi üzvlərinin hüquq-mühafizə orqanlarında çalışdığını göstərir.


«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu isə yada salır ki, hələ bir il əvvəl də Elmar Hüseynovu Hacı Məmmədovun dəstəsinin öldürməsi ilə bağlı versiyalar səslənirdi. «Türkiyənin Əmniyyət Güvənliyinin əməkdaşı Ramazan Ər mətbuata açıqlamalarında bildirmişdi ki, Elmar Hüseynovu qətlə yetirməkdə şübhəli bilinən dəstə üzvləri həbs ediliblər. Hərçənd istintaq bunu ciddi-cəhdlə inkar edirdi».


Ancaq «Elmar Hüseynov» Fondunun təsisçiləri sifarişçinin məhz keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev olmasına bir qədər şübhə ilə yanaşırlar. Rauf Arifoğlu deyir ki, Hacı Məmmədov üçün artıq əlavə bir qətl hadisəsinin məsuliyyətini üzərinə götürüb-götürməməyin elə bir əhəmiyyəti yoxdur: «Narahatçılıq var ki, Hacı Məmmədovla istintaq sövdələşməyə gedə bilər».


Fondun üzvləri ehtiyat edirlər ki, Hacı Məmmədov həbsdə olan yaxın qohumlarının cəzasının yüngülləşdirilməsi və ya ailə üzvlərinin əmlakının toxunulmazlığı naminə hakimiyyətin istəmədiyi bir şəxsi sifarişçi kimi təqdim edə bilər.


Fondun təsisçiləri həmçinin Hacı Məmmədovun ifadələrini də ziddiyyətli sayırlar. «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahidov yada salır ki, Hacı Məmmədov Elmar Hüseynovun qətli istisna olmaqla bütün qətllərin onun sifarişi ilə törədildiyini bildirib. Bu isə cənab Zahidovun fikrincə, o qədər də inandırıcı görünmür: «Əgər İqtisadi İnkişaf nazirinin belə bir dəstədən xəbəri olubsa və onlara sifariş veribsə, deməli, hüquq-mühafizə sistemində çalışan vəzifəli şəxslərin də bu məsələlərdən xəbəri olub. Onda deməli, çoxları Hacı Məmmədovdan istifadə edib».


Hazırda həbsdə olan keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev də müraciət yayaraq Elmar Hüseynovun qətlinə görə heç bir məsuliyyət daşımadığını bildirib. Müraciətdə deyilir ki, həbsdə olduğu doqquz ay ərzində dövlət çevrilişinə cəhdlə bağlı ittihamı qəbul etməsi üçün ona hədsiz təzyiqlər edilib. Cənab Əliyevin yazdığına görə, bir müddət əvvəl isə dövlət çevrilişi ilə bağlı ittihamı qəbul etməyəcəyi təqdirdə, onu Elmar Hüseynovun qətliylə əlaqələndirəcəklərini bildiriblər. Müraciətdə daha sonra qeyd edilir ki, Milli Təhlükəsizlik Nazirliyi ona qarşı qərəzliliyi, qanunsuzluğu və insafsızlığı davam etdirərək, qatı cinayətkarlarla belə sövdələşməyə əl atır.


Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Arif Babayev Fərhad Əliyevin müraciətində nazirliyin ona qarşı cinayətkar qrupla sövdələşməyə getməsiylə bağlı səslənən fikirlərinin heç bir əsası olmadığını deyir: «Bu fikir absurd olduğu qədər də gülüncdür».


O ki qaldı məhkəmədə Hacı Məmmədovun Elmar Hüseynovun qətlini öz dəstəsinin üzərinə götürməsinə və bu qətlin sifarişini Fərhad Əliyevin verməsini deməsinə Arif Babayev qeyd edir ki, hələ istintaq başa çatmadığından bu məsələyə şərh vermək niyyətində deyillər. Ancaq onun sözlərinə görə, istintaqda bir sıra versiyalar kimi, bu qətli Hacı Məmmədovun törətməsiylə bağlı versiya üzərində də iş aparılıb: «Elmar Hüseynovun qətliylə bağlı bütün versiyalar öyrənilir, təhlil edilir. Yəni, bu proses statik deyil, dinamikdir. Bu məsələyə aid daim yeni işlər görülür».


Arif Babayev hələ bir il əvvəl bu qətllə bağlı axtarılan Tahir Xubanov və Teymuraz Əliyevin məsələsinə isə aydınlıq gətirmədi. Onun sözlərinə görə, hələ istintaq başa çatmadığından həmin şəxslərin axtarışlarının qüvvədə olub-olmamasıyla bağlı heç nə deyə bilməz.


Ancaq çoxlarını belə bir sual düşündürür: Teymuraz Əliyevlə Tahir Xubanov Hacı Məmmədovun dəstəsinə daxildirlərmi? Hacı Məmmədovun iyulun 27-də davam edəcək məhkəmə prosesində bu məsələyə aydınlıq gətirib-gətirməyəcəyi hələ ki, məlum deyil. Üstəlik o, məhkəmənin sonuncu iclasında bildirmişdi ki, ittiham olunan 26 nəfərdən yalnız 10 nəfərə yaxını onun dəstəsinə daxildir. Hər halda əgər məlum olsa ki, Tahir Xubanovla Teymuraz Əliyev Hacı Məmmədovun dəstəsinə daxil deyil və onların bu qətllə heç bir bağlılığı yoxdur, onda istintaqın uzun müddət qatilləri ölkə xaricində axtarmasının səbəbləri də bu işdə ictimaiyyət üçün qaranlıq qalan məsələlər sırasına daxil olacaq.


XS
SM
MD
LG