Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:06

Bir il əvvəl salınmış yol yenidən asfaltlanır


Fəhlə prospektində təmir işləri
Fəhlə prospektində təmir işləri
Fəhlə prospektində təxminən bir il əvvəl çəkilmiş yolun asfalt örtüyü indi təzələnir.

Ərazidə işləyənlər asfaltın nəyə görə yenilənməsi barədə mikrofona danışmaq istəmədilər. Amma mikrofondan kənar söhbətdə dedilər ki, bu yaxınlarda ölkə başçısı prospektdən keçib və yolu bəyənməyib. Ona görə də yenidən təmir işləri gedir. Özünü təqdim etmək istəməyən iş icraçısı onu da dedi ki, hətta bəzi yerlərdə asfalt çökübmüş.

YOL MÜVƏQQƏTİ İMİŞ

Yolun yenidən təmiri bu dəfə də «Akkord» Şirkətlər Qrupuna həvalə olunub. Baxmayaraq ki, elə indi bəyənilməyən bu yolu bir il əvvəl də bu şirkət yenidən qurmuşdu.

Şirkətin mətbuat katibi Afaq Quliyeva isə deyir ki, bir il öncə çəkilmiş asfaltın keyfiyyətsizliyi ilə bağlı deyilənlər həqiqətə uyğun deyil. Çünki yenidənqurulmasına 1 il əvvəl başlanmış Fəhlə prospektinin 10 km-lik hissəsində işlər hələ ki, tamamlanmayıb. Burada işlər mərhələlərlə həyata keçirilib.

«Həmin yolda işlər ümumiyyətlə yekunlaşmayıb və təbii ki, 1 il əvvəl istifadəyə verilməsi ilə bağlı söylənilənlər də həqiqətə uyğun deyil. Bu yolda işlər hələ ki, davam edir».

Quliyeva deyir ki, yolun çəkilməsinin uzanması yenidən qurulması aparılan yolun təhkim zolağına düşən hissəsindən yaşayış və digər obyektlərin sökülməsi ilə bağlı olub.

«Sifarişçi təşkilat onlarla danışıqlar aparıb ərazini boşaltdıqdan sonra Şirkət işini davam etdirib. Yolun nəqliyyatın istifadəsi üçün açıq olması isə onunla bağlıdır ki, ərazidə iş aparan «Akkord» Şirkətlər Qrupu əhalinin maksimal rahatlığını təmin etməyə çalışaraq yolun tam bağlanmasını həyata keçirməyib və bu işləri yolu işlək vəziyyətdə saxlayaraq həyata keçirməyə üstünlük verib. Yolla bağlı güya ki, bizim iş icraçısından aldığınız məlumat isə inandırıcı deyıl. Çünki həmin ərazidəki iş icraçısı İtaliya vətəndaşıdır və nə azərbaycan, nə də rus dillərində danışa bilmir».

Afaq Quliyevanın sözlərinə görə, 2008-ci ildə görülən iş müvəqqəti imiş:

«Həmin ərazi mərhələlərlə asfaltlanıb. Prospektdə hərəkət intensiv olduğuna görə və hərəkət dayanmasın deyə, söküntülərin aparılması ilə paralel olaraq bəzi ərazılərə müvəqqəti asfalt çəkilmişdi. Lakin bu, daimi asfalt demək deyildi. Bəzi ərazilərdə isə 2 qat asfalt çəkilmişdi indi isə ərazidə tamamlama işləri gedir, sonuncu - üçüncü qat asfalt çəkilir».

Sifarişçi - Nəqliyyat Nazirliyinin «Azəryolservis» Açıq Səhmdar Cəmiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmadı.

«BURDA BÖYÜK KORRUPSİYA RİSKLƏRİ VAR»

Azad İqtisadiyyata Yardım Mərkəzinin sədri Zöhrab İsmayıl isə deyir ki, ölkədə yeni təmir olunmuş yolun qısa müddətdən sonra təkrar təmiri hallarına rast gəlmək artıq adi hala çevrilib. Bu isə görülən işin keyfiyyətsizliyinin, ayrılan vəsaitin mənimsənilməsi ehtimalının mümkünlüyünü açıq-aydın göstərir:

- Təbii ki, bu, israfçılıqdır. Çünki hər bir işin görülməsi üçün vəsait ayrılır, bu cür işlər fundamental həyata keçirilməlidir ki, sonra demək mümkün olmasın ki, müvəqqəti salınmışdı, indi yenidən edirik və s. Bu, büdcə vəsaitlərinin səmərəsiz istifadəsidir. Və əgər proseslər şəffaf deyilsə, deməli, burda böyük korrupsiya riskləri var.

Təkcə ötən il Fəhlə prospekti-Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması uçun 83,5 milyon manat vəsait ayrılıb. Afaq Quliyevanın sözlərinə görə, Zığ dairəsi – Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində inşa olunan avtomobil yolunun 17 kilometri və Naxçıvanski hərbi liseyindən Zığ dairəsinə qədər 3 kilometrlik yolun inşasına 171 milyon manat xərclənib. Yəni bu yolun hər kilometri orta hesabla 8,5 milyon manata başa gəlib.

Afaq Quliyeva Fəhlə prospektində 2008-ci il və hazırda görülən işlərə nə qədər vəsait xərclənəcəyini açıqlamadı. Bildirdi ki, xərclənən vəsaitlə bağlı məlumat iş sona çatandan sonra açıqlanacaq.

Yol layihələrinin xərcləri ilə bağlı hesablama aparan Dünya Bankının məlumatında deyilir ki, təzə asfalt yolun bir kilometri ən çoxu 1 milyon 832 min dollara başa gəlir. Dünya Bankına görə, artıq mövcud olan yolların bərpasına isə hər kilometrinə 62 min dollardan 609 min dollara qədər pul xərclənə bilər.

Siz necə, Azərbaycan yollarından razısınızmı?
Yeni çəkilən yol yenidən çəkilir
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00
Direct-ə keçid
XS
SM
MD
LG