Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:17

«Qarabağ münaqişəsinin həlli üç prinsipə əsaslanmalıdır»


Filip Qordon Yerevanda mətbuat konfransında, 9 iyun 2009
Filip Qordon Yerevanda mətbuat konfransında, 9 iyun 2009
İyunun 9-da Yerevandakı mətbuat konfransında ABŞ Dövlət katibinin köməkçisi Filip Qordona belə bir sual veriblər: «Qarabağ münaqişəsinin həllində öz müqəddəratını təyin etmə prinsipinin tətbiq olunmasına necə baxırsız?» Qordon cavab verib ki, Qarabağ probleminin həllində üç əsas prinsip var – əgər bunlardan biri öz müqəddəratını təyin etmədirsə, digərləri ərazi bütövlüyü və gücdən istifadə etməməkdir:

DAĞLIQ QARABAĞIN STATUSUNU KİM MÜƏYYƏN EDƏCƏK?

«Yekun nəticə balanslı şəkildə bu prinsiplərin hər üçünə əsaslanmalıdır. Bunların üçü də mühümdür. Mən hesab edirəm ki, bəli, insanların iradəsini əks etdirən müəyyən səsvermə formasından istifadə - problemin həllində mühüm hissə olacaq».

Dövlət katibinin köməkçisi kimi iki həftədir işə başlayan Filip Qordon Amerikanın xarici siyasətinin Avropa və keçmiş sovet ölkələri istiqamətinə baxır.

Yerevandakı mətbuat konfransında Filip Qordona həm də belə bir sual veriblər: «Türkiyə rəhbərliyi bildirib ki, Qarabağ münaqişəsi həll olunmadan Ermənistan-Türkiyə sərhədinin açılması mümkün deyl, buna necə baxırsız?» Qordon cavab verib ki, sərhədlər açılsa, bunun Türkiyəyə də xeyri olacaq, Ermənistana da, bütün regiona da. Ona görə də Qordonun fikrincə, sərhəd məsələsini başqa məsələlərlə əlaqələndirmək lazım deyil. Bu barədə «Azadlıq» radiosunun Ermənistan xidməti xəbər verir.

QORDON ANKARA VƏ YEREVANDAN KONKRET ADDIM İSTƏYİR

Amerika Dövlət katibinin köməkçisi vurğulayıb ki, Türkiyə-Ermənistan əlaqələrinin yaxşılaşdırılması bəlli bir müddət içində baş verməlidir:

«Bizim mövqeyimiz odur ki, heç bir ilkin şərt qoyulmamalıdır.
Və bir də proses qeyri-müəyyən müddətdə davam edə bilməz, əbədi ola bilməz. Məncə, tərəflər bunu anlayır. Mən düşünürəm ki, tərəflər irəli getməyə ehtiyac olduğunu anlayırlar».

ABŞ Dövlət katibinin köməkçisi Ermənistana səfəri zamanı Yerevandakı son bələdiyyə seçkilərinə də münasibət bildirib. O deyib ki, seçki yenicə yekunlaşdığı üçün Amerikanın hələ ki, bununla bağlı hesabatı hazır deyil. Amma bildirib ki, seçkidə qanunsuzluqlar haqda eşidiblər və belə seçki onların görmək istədiyi seçki deyil.

Bir müddət əvvəl Amerika Ermənistana «Minilliyin çağırışı» proqramı üzrə boyun olduğu 236 milyon dollarlıq yardımın bir hissəsini dayandırıb. Vaşinqton bunu ölkədə insan haqlarının vəziyyətinin yaxşı olmaması ilə izah edib. Qordon və Ermənistanın Xarici İşlər naziri Nalbandyan bu məsələni də müzakirə ediblər.

«YOL XƏRİTƏSİ»NƏ BAKIDAN BAXIŞ

Filip Qordon iyunun 11-də Gürcüstandan Azərbaycana gələcək.

Onun Türkiyə ilə Ermənistanı münasibətləri normallaşdırmaq üçün konkret addımlar atmağa çağırmasının bir nəticə verəcəyinə şübhə edənlər də var. Azərbaycanlı politoloq Elxan Mehdiyev deyir ki, Ankara və Yerevanın arasında imzalandığı deyilən «yol xəritəsi»nin detalları açıqlanmadığı üçün onda imzalanan sənədin «yol xəritəsi» anlamına gəldiyinə inam yoxdur:

«Yol xəritəsi» odur ki, bu ay bir addım atılır, gələn ay başqa bir addım və sonda konkret nəticəyə varılır. Amma ortada belə bir sənəd yoxdur. Ortada yalnız konkret məram var ki, iki ölkə münasibətlərinin normallaşdırılmasını istəyir. Sadəcə, Amerika bunun adına «yol xəritəsi» deyir».

Elxan Mehdiyev düşünür ki, Ankara və Yerevan münasibətlərin normallaşması haqda danışıqlar apara bilərlər. Amma Bakıyla Ankara arasında yaranan son gərginlikdən sonra Türkiyədə elə bir ictimai rəy formalaşıb ki, hansısa Türkiyə rəhbərinin bundan sonra Azərbaycanın milli maraqlarının əksinə olaraq Ermənistanla yaxın münasibətlər qurması demək olar ki, mümkün deyil.
XS
SM
MD
LG