Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:23

«Keçid balını aşağı salmaq heç bir məntiqə cavab vermir»


«Test tapşırıqlarının əksəriyyətində suallar dəqiq və aydın deyil, abituriyentlərin biliyini qiymətləndirməkdən daha çox, onları çaşdırmağa yönəlib»
«Test tapşırıqlarının əksəriyyətində suallar dəqiq və aydın deyil, abituriyentlərin biliyini qiymətləndirməkdən daha çox, onları çaşdırmağa yönəlib»
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) I və III ixtisas qrupu üzrə ali məktəblərə keçid balını əvvəlcədən müəyyənləşdirdiyi həddən aşağı salıb. Qurumun mətbuat katibi deyir ki, buna səbəb abituriyentlərin bilik səviyyəsinin aşağı olmasıdır. Mütəxəssislər isə hesab edirlər ki, bilik səviyyəsi aşağı olan abituriyent tələbə adına layiq görülməməlidir.

«BİR SUAL VAR İDİ Kİ, ÜMUMİYYƏTLƏ, BAŞA DÜŞMƏDİK»

- Riyaziyyat çox çətin idi, birinci dəfə idi elə suallarla rastlaşırdım. İmtahandan sonra gəldim evdə kitaba baxdım ki, bəlkə mən öyrənmədiyim nələrsə var, amma kitabda da tapmadım. Fizikadan da elə suallar var idi. Bir sual var idi ki, ümumiyyətlə, başa düşmədik.

İyulun 12-də I ixtisas qrupu üzrə ali məktəbə qəbul imtahanı verən Fərid Adıgözəlov belə deyir. O bildirir ki, onun kimi, digər abituriyent dostları da test suallarının çətin olmasından şikayətçidirlər. Onun fikrincə, məhz buna görə də əksər abituriyentlər 250 keçid balını belə toplaya bilməyiblər.

TQDK-nın məlumatına görə, bu il I ixtisas qrupu üzrə imtahanda əvvəlcədən müəyyənləşmiş minimum keçid balından – 250-dən yuxarı bal toplayanların sayı ali məktəblərə plan yerlərinin sayından da az olub. Başqa sözlə, onların hər biri rəqabətsiz ali məktəbə yerləşdirilə və bundan sonra hələ 2000 plan yeri də boş qala bilərdi. Buna yol verməmək və normal müsabiqə şəraiti yaratmaq üçün TQDK minimal balı 250-dən 200-ə endirib.

Analoji addım III ixtisas qrupu üzrə qəbulda da atılıb – minimal keçid balı 300-dən 250-yə salınıb. TQDK-nın mətbuat katibi Elnur Nağızadə deyir ki, abituriyentlərin bu cür aşağı nəticə göstərmələrinə səbəb onların bilik səviyyəsinin aşağı olmasıdır. Bu iddia ilə mütəxəssislər, ali məktəblərə abituriyent hazırlayan müəllimlər də razılaşırlar. Amma səbəbin təkcə bu olmadığını da deyirlər.

«SUALLAR DAHA ÇOX ABİTURİYENTLƏRİ ÇAŞDIRMAĞA YÖNƏLİB»

«Zirvə» abituriyent hazırlığı kursunda tarixdən dərs deyən Kamran Qədimov deyir ki, ümumi götürdükdə abituriyentlərin bilik səviyyəsi aşağıdır, amma onların imtahan sualları ilə bağlı dediklərində də həqiqət var. Müəllimin dediyinə görə, test tapşırıqlarının əksəriyyətində suallar dəqiq və aydın deyil, abituriyentlərin biliyini qiymətləndirməkdən daha çox, onları çaşdırmağa yönəlib. Onun dediyinə görə, hətta bu il III ixtisas qrupu üzrə tarixdən imtahan suallarının birində səhvə də yol verilib:

- Bu, biabırçılıqdır. Bir sual bir şagirdin taleyidir. 10 baldan ötrü abituriyent pulsuz əvəzinə pullu məktəbə düşə bilər.

«MƏN ÜMUMİYYƏTLƏ KEÇİD BALININ 280-dən AŞAĞI OLMASININ ƏLEYHİNƏYƏM»

TQDK-nın keçmiş sədri Vurğun Əyyub da suallarla bağlı deyilən iradlarla razılaşır. Amma onun fikrincə, narahatedici məqam həm də keçid ballarının aşağı salınması ilə bağlıdır:

- Abituriyentlərin səviyyəsi aşağıdır deyə, müsabiqəyə keçid balını aşağı salmaq heç bir məntiqə cavab vermir. Belə çıxır ki, biz plan doldurmaq naminə savadı aşağı olan abituriyentin ali məktəbə yerləşməsinə şərait yaradırıq. Zəif abituriyentlər ali məktəbdə də zəif oxuyacaqlar və yeni rüşvət, korrupsiya mənbəyinə çevriləcəklər. Eləcə də onların gələcəkdə layiqli mütəxəssis olacağına çox böyük şübhə var. Ona görə də mən ümumiyyətlə keçid balının 280-dən aşağı olmasının tamamilə əleyhinəyəm.

GÖSTƏRİCİLƏR AŞAĞI OLARSA, IV VƏ II İXTİSAS QRUPLARI ÜZRƏ DƏ BALLAR AŞAĞI SALINACAQ

TQDK-nın mətbuat katibi Elnur Nağızadə isə deyir ki, sualların tərtibi ilə bağlı heç bir nöqsandan söhbət gedə bilməz. Onun dediyinə görə, suallar peşəkar mütəxəssislər tərəfindən və yalnız orta məktəb tədris proqramına uyğun olaraq hazırlanır. O ki qaldı keçid balının aşağı salınmasına:

- TQDK çox istərdi ki, ən az 350 bal toplayan, yəni maksimal balın 50 faizini toplayan abituriyentlər ali məktəblərə qəbul olunsun. Amma təəssüf ki, indiki reallıqda bunu etmək, buna nail olmaq mümkün deyil. Ona görə biz məcbur olduq ki, I qrupda balı 200-ə salaq, hər halda bu qrup texniki fənlərdir və 200 bal toplayanlar ali təhsil ala bilərlər, əgər onlara ali məktəblərdə normal tədris imkanları yaradılarsa.

Elnur Nağızadə deyir ki, IV və II ixtisas qrupları üzrə qəbul imtahanlarında da abituriyentlərin göstəriciləri aşağı olarsa, analoji addım atılacaq, keçid balları aşağı salınacaq. Abituriyent Fərid Adıgözəlov isə narahatdır ki, müsabiqə şərtinin, başqa sözlə, keçid balının sonradan dəyişməsi ixtisas seçimində rəqiblərinin sayını xeyli artıracaq.

II ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 24-də, IV ixtisas qrupu üzrə imtahan isə iyulun 18-də keçiriləcək. Müsabiqə şərtlərinə cavab verən abituriyentlər iyulun 25-dən avqustun 3-dək ixtisas seçimi edə biləcəklər.
XS
SM
MD
LG