Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:37

Xaricə göndərilən tələbə oxusun, yoxsa işləsin?


Təhsil Nazirliyinin rəsmisi deyir ki, qərar olmadan onlar təqaüdü artira bilməzlər
Təhsil Nazirliyinin rəsmisi deyir ki, qərar olmadan onlar təqaüdü artira bilməzlər
Xaricə göndərilən tələbə oxusun yoxsa işləsin? Türkiyədə dövlətlərarası müqavilə əsasında təhsil alan azərbaycanlı tələbələr hər ikisini etməli olurlar. Ankara Universitetinin tələbəsi Ramin Məcidov deyir ki, Türkiyə və Azərbaycandan aldığı təqaüdü üst-üstə qoyub bir ayı başa vurmaq olmur. Ona görə də yay tətilində də işləyir ki, növbəti dərs ilində xərclərini qarşılaya bilsin:

«BU TƏQAÜDLƏ TÜRKİYƏNİN İRİ ŞƏHƏRLƏRİNDƏ YAŞAMAQ MÜMKÜN DEYİL»

- Azərbaycandakı ailə gəliri burdakından qat-qat aşağıdır. Bu da bizə rahat hərəkət etməyə icazə vermir. Həftə sonları işləmək məcburiyyətində qalırıq. Hətta yayda evə getmirəm, Antalyada işləyirəm. Bu, evdən gələn xərclərimi minimuma salmaq üçündür. Çünki ailəmin də vəziyyətini bilirəm. Dərsləri axsatmamaqla yanaşı maddi problemləri həll etməyə çalışırıq.

Hazırda Türkiyədə 550-yə yaxın azərbaycanlı tələbə təhsil alır. Onlar yataqxana və təhsil xərcləri ödəmirlər. İldə bir dəfə olan təyyarə xərci isə Azərbaycanın üzərinə düşür. Hər tələbəyə Türkiyə hökuməti ayda 150 dollar, Azərbaycan isə 50 dollar təqaüd verir. Tələbələr deyirlər ki, bu təqaüdlə Türkiyənin iri şəhərlərində yaşamaq mümkün deyil. Ankara Universitetinin siyasi elmlər fakültəsinin dövlət idarəçiliyi bölümünün tələbəsi Sahil Bağırov:

- Bu təqaüd bir aya bəs eləmir. Tələbə də evdən pul ala bilməyəndə işləməyə məcbur olur. Azərbaycan tərəfi aylıq 50 dollar verir. Bu pul da üç aydan bir verilir. Ortalama götürsək, bir tələbə üçün 50 dollar iki həftəlik puldur. Dərs notlarını, kitab xərclərini çıxıram. Təkcə günlük yemək-içməyə çata bilər.

«HƏFTƏ SONLARI ANKET İŞLƏRİ GÖRÜRƏM»

Elgiz Qəhrəmanov Ankara Universitetinin siyasi elmlər fakültəsinin beynəlxalq əlaqələr bölümündə oxuyur. Dövlətdən aldığı təqaüd ona da çatmır. Xərclərini ödəmək üçün müxtəlif işlərə əl atır:

- İmkan olduğu qədər ailəmiz kömək edir. Olmayanda isə özüm həftə sonları, yaxud dərslərimin az olduğu vaxtlarda işləyirəm. Həftə sonları anket işləri görürəm. Hər hansı restoranda, mağazada işləmək olur. Yay tətilində gedib Antalyada, Alanyada çalışırıq. Otel işlərindən tutmuş tərcüməçiliyə qədər işlərlə məşğuluq.

Türkiyə Universitetləri Məzunları İctimai Birliyindən Çingiz Bayramov isə deyir ki, birlik xaricdə təhsil alanların təqaüdünün artırılması üçün bir neçə dəfə təkliflərlə çıxış edib:

- Ən yaxşı yol odur ki, Azərbaycanla əlaqə quran Türkiyə firmaları və ya Türkiyədə işləyən Azərbaycan firmaları o tələblərlə maraqlansın, onlara kömək etsinlər. Bizim böyük firmalarımız, eləcə də dövlətimizin əlaqədar qurumları, araşdırma aparmalıdır, Təhsil Nazirliyindən bu gənclərin siyahısını almalıdırlar ki, bizə gələcəkdə hansı kadr lazımdır. Onlar tələbələri öhdəliyinə götürə, müəyyən məbləğdə təqaüd verə bilər ki, qayıdıb gələndə də onun firmasında işləsin.

«BİZ QƏRAR OLMADAN O MƏBLƏĞİ ARTIRA BİLMƏRİK»

Təhsil Nazirliyinin xarici əlaqələr şöbəsinin müdiri Qulu Novruzov isə deyir ki, təqaüdlərin aşağı olması ilə bağlı nazirliyə tələbələr də, valideynlər də müraciət ediblər:

- Mən desəm ki, Türkiyənin verdiyi 150 dollar, Azərbaycanın verdiyi 50 dollar orada yaşamaq üçün kifayətdir, bu, həqiqət olmazdı. Təbii ki, onların valideynləri də kömək etməli olur. Diplomdan sonrakı pillələr üzrə təhsil alan tələbələrin bəziləri işləmək məcburiyyəti qarşısında qalır. Biz bu 50 dollar təqaüdü Azərbaycan hökumətinin müvafiq qərarları əsasında veririk. Bu qərar olmadan biz o məbləği artıra bilmərik.

Azərbaycanlı tələbələrin Türkiyədən aldığı təqaüd indiyədək bir neçə dəfə artırılıb. Azərbaycan tərəfinin müəyyənləşdirdiyi məbləğ isə hələ ki, dəyişilməyib.
XS
SM
MD
LG