Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:48

Fərhad Əliyev aclıq aksiyasını dayandırıb?


Həbs olunandan bəri bu, Fərhad Əliyevin sayca ikinci aclığıdır
Həbs olunandan bəri bu, Fərhad Əliyevin sayca ikinci aclığıdır

İyulun 27-də günün ikinci yarısında sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev aclıq aksiyasını dayandırdığı bildirilir. Bu barədə «Azadlıq» radiosuna sabiq nazirin vəkillərindən biri Ramiz Məmmədov məlumat verib. Digər vəkil Elton Quliyevsə bəyanat yayaraq bu məlumatı təkzib edib.


Fərhad Əliyev iyul ayının 24-də ürək ağrıları kəskinləşdiyindən və qan təzyiqi artdığından Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təcridxanasından Ədliyyə Nazirliyinin Böyükşor qəsəbəsindəki xəstəxanasına köçürülüb. Sabiq nazir kardiologiya üzrə ixtisaslaşmış xəstəxanalardan birinə deyil, məhz Ədliyyə Nazirliyinin xəstəxanasına köçürülməsinə etiraz edərək aclıq aksiyasına başlamışdı.


Vəkilləri bildirirdi ki, iyulun 23-də hipertonik böhran keçirən Fərhad Əliyevin aclığa başlaması səhhətinə təhlükə doğura bilər.


Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası Baş İdarəsindən verilən məlumata görəsə sabiq nazirin səhhəti hazırda qənaətbəxşdir.


Bu həbsdə olduğu müddətdə sabiq nazirin başladığı sayca ikinci aclıq aksiyasıdır. Birinci dəfə Fərhad Əliyev iyulun 6-da istintaqın uzanmasına etiraz əlaməti olaraq iki günlük aclıq aksiyasına başlamışdı.


Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə iyulun 25-də keçirilən prosesdə təqsirləndirilən şəxslərdən biri, Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov bildirib ki, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovu Fərhad Əliyevin sifarişi ilə onun rəhbərlik etdiyi dəstə öldürüb. Sabiq İqtisadi İnkişaf naziri isə vəkilləri vasitəsi ilə yaydığı müraciətində bunun iftira olduğunu bəyan edib. Fərhad Əliyevin digər vəkili Adil İsmayılov «Azadlıq» radiosuna bildirib ki, Fərhad Əliyev hələ də Ədliyyə Nazirliyinin Böyükşor qəsəbəsindəki xəstəxanasındadır.


Fərhad Əliyev 2005-ci ilin oktyabrında həbs olunub, hakimiyyəti zorla ələ keçirməyə cəhddə və dövlət əmlakını mənimsəməkdə ittiham olunur.



XS
SM
MD
LG