Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 08:40

Dünyanın səsi necə batdı?


Luçano Pavarotti 1966-cı ildən ünlü «La-Skala»nın solisti olub
Luçano Pavarotti 1966-cı ildən ünlü «La-Skala»nın solisti olub
Olum da, Ölüm də jurnalistlərdən ötrü sadəcə xəbərdir. İki il öncə Pavarottinin ölümünü də beləcə xəbərlədi həmkarlarım. Hətta tibbi anketdən Luçanonu ölümə sürükləyən səbəblər də – xəstəlik adları da sadalandı: «mədəaltı vəzin xərçəngi»… «böyrək çatışmazlığı» və sair və ilaxır…Sonra, bəd olsa da, təzə xəbəri satmaq vərdişləri işə düşdü…Xəbərə miqyas verildi və beləcə, bəlkə jurnalistlərin özü də bilmədən, Pavarottinin geniş ölçüləri onu dünyayla eyniləşdirdi --itkinin planetar miqyası üzə çıxdı. Ən müxtəlif dillərdə çıxan qəzet-jurnalların sərlövhələrə baxın:

DÜNYA SƏSSİZ QALDI!..
DAHA DÜNYA DİNMƏZ OLDU!

Və qəfildən itkinin miqyasına tam uyğun bir ad işardı:

DÜNYANIN SƏSİ BATDI!

Bu «İz»də iki il öncə dünyasını dəyişmiş əfsanəvi Pavarottinin, daha doğrusu, onun səsinin izinə düşmüşük.

Luçano Pavarottini – bu xeyirxah gombulu Azərbaycanda da sevirdilər. Onu Şuşalı Bülbülə, bakılı Müslüm Maqomayevə bənzədənlər də vardı, Modenalı «yüksək do kralı»na bir də dünyaya gəlməz dahi kimi baxanlar da. Ölümündən həmən sonra aldığımız müsahibələrdə Azərbaycan sənətçiləri-- Cavanşir Quliyev, Fidan Qasımova, Lütfiyar İmanov (ruhu şad olsun!) və Azər Zeynalov italyan tenorun sənət özəlliklərinə toxunur, onu bütün xalq və mədəniyyətlərin övladı sayır və onun dahi sənət müəllimi olduğunu vurğulayırdılar! Veriliş boyu Pavarottinin dünya mediasına verdiyi müsahibələrdən də istifadə etmişik. Beləliklə, “Dünyanı dindirən səsin izi ilə və ya şişman dahinin vida nəğməsi” adlandırdığımız “İz” sizin qarşınızdadır. Onu həm “Səs” bölümünü tıklayıb dinləyə bilərsiniz (bu həm də onun bənzərsiz səsini bir daha dinləmək imkanı verəcək), həm də oxuya.

AZADLIQ: bu səsin sahibi indən belə yalnız virtual məkanlarda olacaq, yəni xəyal və düşüncələrdə, ekran və monitorlarda yaşayacaq. Gerçək Pavarottini daha görməyəcəyik. Gerçək Pavarottiyə ayrılmış gerçək zaman 2007-ci ilin sentyabrın 6-da bitdi!..Öləri dünya və öləri zaman yerini bitməzliyə buraxdı. İndi bizlər Luçano Pavarottini deyil, bu şişman və bu sadə dahi bizləri izləyəcək və bizlərə göylərdən göz qoyacaq!..

Bir müsahibədən: - Tanrı sizə istedad verib, milyonlarınız, üstəlik də gənc xanımınız var. Bəs nədən gözlərinizdən kədər çəkilmir? Dünyanın ən yaxşı tenoru nədən dərdli görünür?

Pavarotti: Həmən deyim ki, özümü bu günün ən yaxşı tenoru saymıram. Plasido Dominqo və Xose Karreras kimi dahilərin varlığını unutmağa dəyməz. Onların istedadı önündə baş əyirəm. O vaxt ki, üçümüz bir yerdə oxuyuruq, bax o zaman bizi dünyanın ən yaxşı tenoru adlandırmaq olar. Gözlərimdəki kədərə gəlincə…təbiət gözlərimi belə yaradıb. Bəlkə də çətin keçən uşaqlığım, doğmalarımın ölümü ucbatından kədərli qalıb gözlərim.

Üstəlik, qarşılıqsız sevgilər və ədalətin yoxluğu da öz möhrünü basıb gözlərimə. Ruhum musiqiyə könül verib. Ruhumu yönəltməyi öyrənmək üçün səbrsizlənirəm. Di gəl, nəsə həmişə səndən yan keçib gözdən itir…Yenə uca zirvələrə dırmanmaq lazım gəlir…Amma yaş o yaş deyil, axı…

Bir müsahibədən: Hansı müğənninin yaradıcılığı sizə daha çox təsir göstərib?

Pavarotti: Əlbəttə, Karuzonun! Amma zaman vardı ki, Karuzonun adını eşidincə, qanım qaralardı. Atam sərt adam idi. Səhnədə ilk çıxışımı dinləyəndən sonra demişdi ki: «ay uşaq, sən pis oxumursan, amma Karuzo deyilsən. Bu boş məşğuliyyətdən əl çək, ciddi bir işdən yapış». Bax, onda öz-özümə dedim ki: Karuzo varsa, Pavarotti də olmalıdır!

AZADLIQ: Balaca Luçano qurbağa və kərtənkələ tutmaqdan çox xoşlanar, hər fürsətdə futbol oynamağa qaçar və bir də mahnı oxuyardı. İtaliyada kim mahnı oxumaz ki? Atası Fernando çörəkçiydi, amma onun da gözəl tenoru vardı – həmişə Modena şəhərindəki «Korala Rossi» xoruna qatılardı.

Luçanonun anası tütün fabrikində çalışardı. Gələcəyin böyük Pavarottisi öz anasının üzünü yalnız gecələr – o, işdən qayıdanda görərdi. Amma anası opera vurğunuydu. Dahi tenorların – Enriko Karuzonun, Benyamino Cilinin və Covanni Martinellinin valları onun sevimli əyləncəsiydi. Sanki tütünün zəhərlədiyi ciyərlrini dahi tenorların ifalarıyla təmizlərdi. Luçano da vallara qulaq asar, dahi tenorları yamsılamaqla anasını güldürərdi. Di gəl, yan-yörədəki 15 mənzilin hamısından «qurtar, son ver! Yumsan ağzını!» çığırtılarını eşidincə, hər dəfə dırmaşdığı stoldan aşağı enər və müğənnilik məzəsini bitirərdi.

Bir müsahibədən:
Önünüzə arıqlamaq məqsədi qoymusuz deyəsən…

Pavarotti: Makaron mənim zəifliyimdir. Məndən ötrü spagetti cibimdəki mıx kimidir. Sofi Loren deyir ki, öz ilahi fiqurasına görə italyan makaronuna minnətdardır. Mən də minnətdaram, amma əks minnətdarlıq mənasında. Düzdüır, axır ki, köklüyümlə barışmayan biri tapılıb--sevimli gənc arvadımı deyirəm. Məni 20 kilo arıqlada bilib.

Jurnalist: Deyirsiniz ki, not bilmirəm. Bu doğrudursa, bəs kağızın üzündən necə oxuyursuz?
Pavarotti: Heç atam da çörəyin istehsal texnologiyasını bilməzdi, amma bişirdiyi bulkalara növbəyə düzülərdilər. Məncə, hər bir sənət ilk öncə bir duymaq qabiliyyətidir. Ferens List notları ovqat işarələri adlandırmışdı: bax bu yerdə musiqiçi sevinir, bu yerdə kədərlənir. Bu ağrılarının bağırtısıdır, bu – sevgilərinin harayı. Not vərəqlərində öz işarələrimi qoyuram – ruhumun uçuş işarələrini. Səsim bu gizli yazıları səhvsiz oxuyur.

AZADLIQ: Bir az böyüyən Luçano futbola meylini salır və doğma Modenada sütül gənclərdən ibarət komandaya kapitanlıq edir. İşlər pis getmirdi, ancaq Uelsdə keçirilən nüfuzlu bir musiqi yarışmasında qalib gəlməsi Luçano Pavarottinin sanki həyatını dəyişir. Və o, həmin dönəmlər Modenada yaşayan peşəkar belkanto Arriqo Poladan vokal dərsləri almağa başlayır…

Bir müsahibədən: O düzdür ki, futbol vurğunusuz?
Pavarotti: Əlbəttə, gənclikdə özüm də futbol oynamışam. İndinin özündə «Yuventus»un dəlisiyəm. «Yuventus»u o qədər sevirəm ki, köhnə oyunlarına baxmaqdan da həzz alıram.

Jurnalist: Belə bir maraqlı ehtimal var ki, opera müğənnisi nə qədər kök olsa, o qədər yaxşı səsi olar. Doğru ehtimal kimi görünür—heç arıq fiaçı yoxdur axı – Siz, Monserrat Kabalye, elə başqaları da yetərincə şişmansız...

Pavarotti: Bu nəzəriyyəni mən də eşitmişəm. Düz deyil. Sadəcə, opera ifaçıları pop-ifaçılar qədər bədən ölçülərini güdməyə məcbur deyillər – bizlər nə səhnədə atılıb-düşürük, nə alt paltarının reklamında çəkilirik, nə də idman yarışlarına qatılırıq. Bu baxımdan yanaşanda, istənilən çəkini yığa bilərəm. Opera müğənnisi üçün zahiri görkəm yox, səs hər şeydən qiymətlidir.

AZADLIQ: Ata-anası Luçanonun musiqiyə vurğunluğuna pis baxmasalar da, onu müəllim görmək arzularından da yan keçmirdilər. Luçano da sözəbaxan övlad kimi müəllim olacağının siqnallarını verirdi. Hətta ibtidai siniflərdə dərs deməyə başlamışdı. Amma müəllimlik onluq deyildi – uşaqlar səs salır, dəcəllik edirdilər. Müəllim Pavarotti onları söyməkdən, üstlərinə bağırmaqdan, bəzən səsi batınca çığırmaqdan başqa əlac tapa bilmirdi...
Bir müsahibədən: Soruşmaq ayıb olmasın… sizin kimi bir meqa ulduzdan soruşmaq yersiz olsa da… dinləyicillər heç sizi fitə basıbmı?

Pavarotti: Hə, 2 dəfə olub. Tamaşaçılar ümumən çox incə məxluqlardır. Var gücün və həvəsinlə oxuyub-oxumadığını o dəqiqə duyurlar…Tanınmış bir adamın tənqidçisi yanında olmalıdır, yoxsa həyatı çox darıxdırıcı keçər. Şəxsən mən tənqidçilərimi sevirəm və heç vaxt onlardan incimirəm.

AZADLIQ: Pavarotti müğənni olduğu üçün birinci arvadına – Aduyeyə minnətdar olmalıdır. Onun sözünə qulaq asmasaydı, indi dünya dahi ifaçını deyil, adi bir müəllimi itirəcək və bundan heç kəsin xəbəri olmayacaqdı. Aduye Luçanonu dilə tutdu və o, musiqi dərslərini davam etdirdi. İlk uğur özünü çox gözlətmir. 1961-ci ildə 26 yaşlı Pavarotti Reco-nel-Emiliyada keçirilən vokal yarışmasında birinciliyi qazanır. Beləcə, maestro Pavarottinin yüksəlişi başlanır!

Bir müsahibədən: İndi ən uğurlu müğənnilərdən birisiz. İlk qonorarınız nə qədər olub?
Pavarotti: Təxminən 2 dollar. Müharibədən sonra kasıb düşən xalq bundan çox verə bilməzdi. 18 yaşından toylara gedər, xalq mahnıları oxumaqla dolanardım. Peşəkar müğənni olmağı planlamazdım. Bu, olsa-olsa, bir hobbi idi. Məktəbdə müəllim işləmək istəyirdim – bunu bacarardım. Amma 30 yaşın dolaylarında səhnəyə çıxası oldum və birdən anladım ki, oxumasam, ölərəm!

AZADLIQ: Luçano Pavarotti 1966-cı ildən ünlü «La-Skala»nın solisti olub. Donisettinin «Alay qızı» operasında Toninonun ariyası 1972-ci ildə məşhur Nyu-York Metropoliten-Operasında səslənəndən sonra Luçanoya dünya şöhrəti gətirib. O vaxtdan Pavarotti «Yüksək «do»nun kralı» adını daşıyıb. Queldestin ariyasında 9 «do»nun 9-unu da oxuyan yeganə ifaçı kimi Luçano Pavarotti opera tarixinə öz adını yazdırıb. Bəzən ona «pop»la «opera»nı birləşdirdiyi üçün«poper» də deyiblər. Layza Minelli, Elton Con, Bon Covi və Stinqlə oxuduğu duetlər «Pavarotti və dostları» adıyla keçirilən ənənəvi xeyriyyə konsertlərinin şöhrətini bütün dünyaya yayıb.

Bir müsahibədən: Bu il 72 yaşınız tamam olacaq. Səhnədən getdiyinizi elan edib uzun-uzun «vida konsertləri»ylə dünyanı dolaşdınız. Sağlıq problemlərinizi çözüncə, yenə konsert verəcəksiz?

Pavarotti: Bir sirr açım sizə. Lap öncə 60 yaşında pensiyaya çıxmağa hazırlaşırdım. Düşünürdüm ki, yəni daha sonralar da oxumağa dəyər? Səhnədə necə görünəcəyəm? Oxuya-oxuya sökülüb-tökülməyəcəyəm ki? Amma indi yenə konsertlərdən ləzzət alıram. Səsim yenə əvvəlki kimidir. Adamlar da yenə məni görmək istəyirlər. Sözsüz, daha up-uzun -- 2 il sürən qastrollara çıxa bilmərəm-- səhhətim buna yol verməz. Amma öz qurdumu öldürmək üçün ara-sıra niyə də oxumayım?

AZADLIQ: Dünya sevdikləriylə məzələnməyi sevir. Amerikalıların qısaca «ze biq Pi!» adlandırdıqları Luçano da həmişə sevilib. Başqa sözlə, HƏMİŞƏ ONUNLA MƏZƏLƏNİBLƏR. Olub ki, dahi tenora tam bir məzə çəlləyi kimi baxıblar. Paparassilər – kulislərdə dolaşmağı sevən və qəfildən milçək kimi cana daraşan fotoreportyorlar Pavarottini – bu nəhəng bədəni səhnə arxasından səhnəyə daşıyan qolf avtomobilində çəkmək üçün hansı hoqqalardan çıxmazdılar. Həmin avtomobilə «Pavamobil» adı verilmişdi. Bəlkə qarınqululuğuyla bağlı atmacalardan qaçmaqdan ötrü Pavarotti hər konsertdən sonra yaxın adamlarına verdiyi ziyafətlərə qatılmaz, qatılsa da, bir an görünüb gözlərdən itərdi.

Bir müsahibədən:-- Nikolettayla evlənəndə onun 25, sizin 60 yaşınız vardı. Saç-saqqalını ağardan biri üçün yüngüllük kimi görünmür?

Pavarotti: İtalyanların bir məsəli var: «dəymiş portağalın şirəsi çox olar». Xoşbəxtəmsə, yaşın nə fərqi var ki? Həyatımda ilk dəfə qadın da musiqi qədər önəmli olub. İndii əminəm ki, kişilər öz əsl məhəbbətiylə 50-60 yaşlarında rastlaşa bilər.

AZADLIQ: O, Modenada yaşasa da ilə 2 milyon dollar qazana bilirdi. Monte-Karloda, Parisdə, Nyu-Yorkda mülkləri, fəaliyyətdə olan 11 müəssisəsi, 60 at ferması və üstəlik, ətir biznesi vardı. Bütün bunlar ən çox birinci arvadı Aduyenin hünəriydi. Bu qadın yorulmaq bilmədən çalışır, Luçanodan olan 3 qızının xoşbəxt gələcəyini təmin etmək üçün özünü oda-közə vururdu. Di gəl, 61 yaşlı Pavarottiylə 27 yaşlı Nikoletta Mantovaninin eşq macərası barədə teleekranlardan və qəzet səhifələrindən işaran cürbəcür görüntü və fotolar artıq bu nigahın çoxdan bitdiyini göstərirdi...

35 illik ailə həyatına son qoymağın vaxtı çatmışdı. Boşanma mərasimi Luçano üçün çox ağır nəticələndi: keçmiş arvadına 100 milyon dollar təzminat ödəməliydi. Arvadı onu dövlətdən 20 milyon dollar vergini gizlətməkdə də ittiham etmişdi. Luçanonun ciddi problemləri başlamışdı.Onu mafiyayla bağlantılarda suçlayanlar da tapılırdı. Bütün bunlara mat qalan Pavarotti «Mənim dünyam» kitabında belə yazmışdı: «İşə bax ki, vaxtilə Aduyenin sevgisini qazanmağa 6 ilim getmişdi. İndi onu boşamaq üçün az qala o qədər zaman xərcləyirəm».
68 yaşlı tenor 10 il sürən tanışlıqdan sonra keçmiş katibəsiylə evlənir. 34 il yaş fərqi olsa da, onlar bir-birini sevirdilər. Toyu da ilk dəfə tanış olduqları yerdə keçirdilər – Pavarottinin atçılıq ferması yerləşən parkda – Nikoletta bu fermada işə başlamışdı. Bu nikahdan biri oğlan, biri qız olan ekizlər doğulsa da, oğlan oksigen çatışmazlığından öldü və beləcə, Pavarotti artıq 4-cü dəfə qız atası oldu...

Bir müsahibədən: -- Həyatda hər şeyə nail olmusuz?
Pavarotti: Yox, o qədər şey qalıb ki! Gör dünyanın nə qədər problemi var. Ac-yalavac uşaqlar, xəstə insanlar mənim gözümdə ən dəhşətli problemlərdir.Xeyriyyəçilik yaradıcılığımın bir başqa yönüdür.

AZADLIQ: Hər il Modenada keçirilən «Pavarotti və dostları» adlı xeyriyyə konsertlərində Birləşmiş Millətlər Təşkilatı üçün pul toplanırdı. Bosniya-Hersoqovina və Qvatemalanın, Kosovo və İraqın savaşdan ziyan çəkən sakinləri Pavarottinin yardımlarından indi də faydalanmaqdadır…Bosniyada savaşdan sonra Pavarotti burada Musiqi Mərkəzi qurub və yerli istedadların inkişafına yol açıb. O, 2006-cı ildə Sarayevonun fəxri vətəndaşı da seçilmişdi.
Bir müsahibədən: Plasido Dominqo boynuna alır ki, həmişə sol kulisdən səhnəyə çıxır – bu onun xoşbəxlik əlamətidir…

Pavarotti:
Atam hər dəfə şəhərə gedəndə anam onun cibinə mıx qoyub deyirdi ki, səni qadınlar gözə gətirməsin deyə belə edirəm. Atam gözəl kişiydi. Oxumağa başladığım gündən anam mənim də cibimə mıx qoyar və deyərdi: «Sənin paxılların tapılacaq. Səni yüksəldiyin yerdən salmaq üçün fürsət axtaracaqlar. Heç şübhəm yoxdur ki, ilk çıxışımda – Puççininin «Bohema» operasından ariya oxuduğum zaman anamın qoyduğu mıx uğur qazanmama kömək edib. İndi paslanıb o mıx, ancaq hələ də saxlayıram.

AZADLIQ: Ötən əsrin qarmaqarışıq, hər küncündən ölüm və sürgünlər yağan dönəmində – 1935-ci il oktyabın 12-də --faşistlərin tüğyan etdiyi çağlarda doğulub Pavarotti. Ölkənin hər yerində olduğu kimi Modenada da Duçenin böyük İtaliyasından – 2-ci Roma imperiyasından danışırdılar…

21-ci əsrin terror qoxulu xoflu çağlarında dünyayla vidalaşdı Pavarotti – dünyanın ən yüksək «do» kralı! Amma nəinki İtaliyada, hətta Azərbaycanda da «demokratiyadan» danışırlar. Demokratiya varsa, sülhün-barışın səsi batmaz! Demokratiya varsa, savaş və qəza qurbanlarının da bir gün üzü gülər! Pavarotti kimi gözlərində əbədi kədər qalsa da!
XS
SM
MD
LG