Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:54

Kərrubi və Musəvinin köməkçiləri həbs edilib


Əlirza Beşeşti
İran rəsmiləri və mühafizəkar liderlərinin müxalifət tərəfdarlarına son günlər intensivləşən sözlü hücumları sonucda həbslərlə nəticələnib.

Əhmədinejadın son seçkidəki əsas rəqibləri Mehdi Kərrubi və Mirhüseyn Musəvinin yardımçıları həbs edilib.

Musəvinin köməkçisi Əlirza Beşeşti və Kərrubinin köməkçisi Mortəza Əlviri dünən öz evlərindən aparılıblar.

Hər iki şəxs həm də seçkisonrası etirazlarda öldürülən, yaralanan və həbs edilənlərin aqibətini araşdıran xüsusi komitənin üzvləriydilər.

Kərrubinin ofisi və rəhbərlik elədiyi Ettemad Melli Partiyasına isə bir gün sonra hüquq-mühafizə orqanları baş çəkib, axtarış aparıb, sənədlər, kompyuterlər müsadirə olunub və Kərrubinin internet saytının baş redaktoru həbs olunub.

Hüquq müdafiəçisi Emad Bağınin yaratdığı Siyasi Məhbusların Müdafiəsi Assosiasiyasında da axtarış aparılıb və ofis qapadılıb.

KƏRRUBİ VƏ MUSƏVİ DƏ HƏBS OLUNACAQ?

Bəziləri düşünür ki, bu həbslər və axtarışlar sonda Əhmədinejadı və ölkə rəhbərliyini son seçkinin saxtalaşdırmaqda ittiham eləyən əsas fiqurlar - Kərrubi və Musəvinin özünün də həbsiylə nəticələnəcək.

Amma bəziləri iddia eləyir ki, sadəcə hökumət Musəvi və Kərrubi tərəfdarlarını gələn həftəyə - Qüds gününə təyin edilən nümayişdən çəkindirmək və gözünü qorxutmağa çalışır.

Musəvi sentyabrın 5-də yaydığı bəyanatda tərəfdarlarını həmin gün etirazlara çağırmışdı. Kərrubi də adətən anti-İsrail xarakterli nümayişlərin keçirildiyi həmin gündə hökumət əleyhinə nümayişə hazırlaşırdı.

Amma Kərrubinin oğlu, Hüseyn Kərrubi AzadlıqRadiosunun İran xidmətinə deyib ki, rəsmilər atasına qarşı seçkidən sonra tutulan məhbusların zorlanması iddialarını yaydığı üçün təzyiqlərə başlayıblar. Amma atası bu yoldan çəkinən deyil:

Mortəza Əlviri
«Hər şey ola bilər, amma bir şey dəqiqdir ki, nəyin baş verəcəyindən asılı olmayaraq Kərrubi möhkəmdir və işini ciddi davam etdirəcək».

Bu son həbslərdən cəmi bir həftə öncə, bir sıra İran rəsmiləri, o cümlədən prezident Əhmədinejad özü də seçkisonrası toqquşmaları təşkil edənlərin həbslərini tələb edirdilər.

İranlı deputat Seyid Əli Məhəmməd Mübarək mühafizəkar «Kayhan» qəzetinə deyib ki, Musəviyə qarşı addımlar ölkə siyasətçiləri və ictimaiyyətin tələbidir.

İRANDA HƏR KƏS XAMENEYİNİN CÜMƏ NAMAZINI GÖZLƏYİR

İndi İranda hər kəs dini lider Ayətullah Xameneyinin cümə namazını gözləyir. Ölkənin ali rəhbəri sonuncu dəfə iyun ayında küçə etirazlarına və mübahisələrə son qoyulmasını tələb eləmişdi. Amma iranlılar bu çağırışa məhəl qoymayıb etirazlar təşkil eləmişdilər. Nəticədə isə onlarla insanın həlak olduğu 20 iyun toqquşmaları baş vermişdi.

İnsan haqları müdafiəçisi Hadi Qaeminin fikrincə, indiki həbslər məhz həmin hadisələr haqda əsl həqiqətləri ört-basdır eləmək məqsədi daşıyır:

«Öldürülən insanların, həbsdə zorakılıqla üzləşənlərin aqibətini araşdıran bu qrupların verdiyi faktları incələmək əvəzinə bu faktları təqdim edənlərin həbs edildiyini görürük. Yəni hakimiyyət bu fəaliyyətindən narahatdır və bunu gizlətməyə çalışır».

Kərrubinin həbs edilən köməkçisi Mortəza Əlviri avqustun 30-da bildirmişdi ki, həmin araşdırma aparanlara hər cür əngəllər yaradılır. Həbsindən bir neçə saat əvvəl «Ruz» internet qəzetinə verdiyi müsahibədə isə Əlviri bildirmişdi ki, İran cəmiyyətinin baş verənlər qarşısında susqun qalması, etirazlarının olmadığını göstərmir. İnsanların beynində bunlar bomba kimi yığılır və nə vaxtsa partlayacaq.
XS
SM
MD
LG