Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 06:53

«Ölülər və Ölümsüzlər»


«Kəndlilər» filmindən bir fraqment
«Kəndlilər» filmindən bir fraqment
2009-cu il sentyabrın 22-də Azərbaycanın ilk peşəkar kinorejissoru sayılan Səməd Mərdanovun 100 yaşı tamam oldu. Ancaq o özü bu yüzün heç otuzunu da qeyd edə bilmədi. Otuzun tamamına 1 ay 17 gün qalmış amansız xəstəliyin qurbanına çevrildi. Bütün gücünü toplayıb “Kəndlilər” filminin çəkilişini tamamladı, montajın dəqiq ardıcıllığını yazaraq, onu sevənlərin yalvarışlarına baxmayaraq, bu dünyadan köç etdi...

AzadlıqRadiosunun “İz” proqramı Azərbaycanın ilk peşəkar rejissorunu, həm də ilk səsli filminin rejissorlarından birini 100 illik yubileyində anmaq qərarına gəldi və “Ölülər və ölümsüzlər” radio dastanını hazırladı. Kinorejissor Ayaz Salayev və kino tariximizin araşdırıcısı Aydın Kazımzadə bu işdə yardımçımız oldu...

S.İ.: Səməd Hacı Haşım oğlu Mərdanov 1909-cu il sentyabrın 22-də Tiflisdə doğulmuşdu. Çoxuşaqlı ailənin sonbeşiyi idi. Tez-tez xəstələndiyi üçün hamı üstündə əsirdi. Lap kiçik yaşlarından oxumağa başlamışdı. İlk oxuduğu jurnal - Mirzə Cəlilin “Molla Nəsrəddin”dərgisi, ilk baxdığı səhnə əsəri- yenə Mirzənin “Ölülər”i oldu. Cəlil Məmmədquluzadə ailə dostları idi. Hacı Haşımın qonaqlı-qaralı evi şair Əliqulu Qəmküsarın, Molla Nərəddinçi Ömər Faiq Nemanzadənin, “Şərqi-Rus” qəzetinin naşiri Məhəmməd ağa Şahtaxtlının, publisist Eynalı Sultanovun, yazıçı Əbdürrəhim bəy Haqverdiyevin hər zaman gəlib-getdiyi bir məkan idi. Səməd belə bir mühitdə böyüyüb formalaşırdı. Üstəgəl, iki qardaşı--Mustafa və Mərdan aktyor idilər. Mustafa bu sənəti sonacan atmadı.Azərbaycan teatrının ən görkəmli aktyorlarından oldu, xalq artisti adını aldı. “O olmasın, bu olsun “filmindəki Həsən bəy obrazı ilə ölməzlik qazandı. Mərdan sonralar aktyorluğu başqa sənətə dəyişdi, əməkdar inşaatçı kimi şöhrətləndi. Elə 3 qardaşın 3 bacısı da teatr aşiqləri idilər. Ona görə də, gözünü açandan sənət dünyası ilə dövrələnən Səməd hansı sənəti seçməliydi ki? Qardaş-bacıları Səmədi aktyor görmək istəyirdilər...Ancaq Səməd o vaxtların deyimi ilə “Dumanlı şəkillər” sənətini seçəsi oldu.

-Ayaz bəy, Səməd Mərdanov Azərbaycan kino tarixinə həm də ilk səsli filmin rejissoru kimi düşüb. Təhsilini yenicə tamamlamış bir gənc rejissora o dövrdə belə bir iltifat nədən doğurdu?

Ayaz Salayev: 1936-cı ildə çəkilən ilk səsli filmimizin iki rejissoru vardı. Rus rejissor Boris Barnet və Səməd Mərdanov. Bu film barədə mən maraqlı bir şey söyləmək istərdim. Biz bununla fəxr duymalıyıq. Təəssüf ki, çox zaman Azərbaycan kinosunun şah əsərləri sadalananda, “Mavi dənizin sahilində”filmi yada düşmür...Keçək söyləyəcəyim fakta. 1995-ci ildə Moskvada “Kinovedçeskiye zapiski” adlanan nəzəri toplu dünyanın ən görkəmli, ən nüfuzlu, ən səviyyəli kino tənqidçiləri ilə bir sorğu keçirmişdi. Onlar dünya kinosunun 10 ən gözəl əsərinin adını müəyyənləşdirməli idilər. Və bu sorğuda “Mavi dənizin sahilində” filmi 5 siyahıya düşüb! Görün kimlər bunu müəyyənləşdirib: Adriano Apra--İtaliyanın məşhur kino nəzəriyyəçisi və tənqidçisi, Jan Duşe--Fransanın ən böyük və maraqlı kino nəzəriyyəçilərindən biri, Naum Kleyman --Rusiya, Marsel Marten və ən nəhayət, Bernar Ayzenşidt--Fransa. O dünya kinosu ki, orda Federiko Fellini var, Çarli Çaplin var, Antonioni kimi dahilər var, orda bir Azərbaycan filmi də var! Həqiqətən də, Səməd Mərdanov Azərbaycan kinosunun ən maraqlı və faciəvi adlarından biridir. Belə bir adam Fransa kinosunda da var idi--Jan Viqo. Cəmi bir tammetrajlı, bir ortametrajlı bədii film çəkmişdi--“Atalanta” və “Əxlaqa görə sıfır”. O da cavankən dünyasını dəyişib və Fransa kinosunda əfsanə kimi qalıb.Mənə elə gəlir ki, Səməd Mərdanov da bizim kinonun bu cür əfsanəsi ola bilərdi. O da cavan dünyasını dəyişib. O da iki film çəkib, biri şərikli. Sonra “Kəndlilər”i çəkib və ölüm hər şeyi yarımçıq qoyub...Bax, Səməd Mərdanov Azərbaycan kinosunun belə bir əfsanəvi qəhrəmanıdır. O, həqiqətən çox maraqlı bir rejissordur. Əgər Səməd Mərdanovun istedadı tam açıla bilsəydi, o filmlər çəkə bilsəydi, Azərbaycan kinosu bəlkə də başqa yolla inkişaf edərdi.
Səməd Mərdanov


Aydın Kazımzadə: Səməd Mərdanovun bu il 100 yaşı tamam olur. Bu bizim üçün böyük bir fəxrdir. Azərbaycanın ilk peşəkar kinorejissorudur. İlk milli rejissorumuz Abbas Mirzə Şərifzadədir. Bu iki şəxs tarixə belə düşüblər. Səməd Tiflisdə anadan olub-- sənətçilər ailəsində. Orta məktəbi bitirəndən sonra Moskvaya--Kinematoqrafiya İnstitutuna daxil olub. Orda təhsil aldığı illərdə özünü qeyri-adi istedada malik bir adam kimi tanıdıb. Meyerhold kimi böyük bir rejissor onu teatra dəvət edib. O vaxtlar Meyerhold teatrda inqilabi tərzdə tamaşalar qoyurdu. Tamaşalarda, o dövr üçün yeni olan ekrandan istifadə edirdi. Səmədi də elə ona görə çağırmışdı.Ona kömək edirdi. Gördülər ki, bu çox istedadlıdır. 1933-cü ildə Bakı kinostudiyasının rəhbərliyi ona bir sənədli film verdilər çəkməyə--“Köçərilər”. Deyilənə görə, film çox maraqlı alınıbmış. Təəssüf ki, o film qalmayıb. Ona görə də, Azərbaycanda ilk səsli film çəkiləndə, Səmədi ikinci rejissor kimi dəvət edirlər. Boris Barnet özü filmi Səmədlə çəkmək istəyib. Çünki Səməd artıq həm Moskvada, həm də Bakıda məşhur idi. Səməd bu filmin üzərinndə Barnetlə birgə işlədi. İkinci rejissor olduğuna baxmayaraq, demək olar ki, tam hüquqlu rejissor idi. Mən o filmin iştirakçılları ilə --Nikolay Kryuçkov və Maşa rolunun ifaçısı ilə vaxtilə söhbət eləmişəm. Onlar deyirdilər ki, məşqləri və çəkilişi Səməd Mərdanov aparanda, biz bayram edərdik. Çünki çox savadlı rejissor idi. Filmdə milli koloritlə bağlı elə nüanslar var ki, bu Boris Barnetin ağlına gələ bilməzdi. Məs, orda Yusifin ayağına tikan batır. Yolda axsayaraq gedir. Və bu zaman klarnetdə Azərbaycan havası çalınır. Bax, Səmədin tapdığı bu detallar filmə kolorit, şuxluq gətirirdi...

Ayaz Salayev: Mənə elə gəlir ki, Səməd Mərdanovdan dərs almadılar. Onun filmlərindən öyrənmədilər. Düzdür, “Kəndlilər filmində yanlış siyasi ideyalar var idi-- Müsavata qarşı. Elə şeyləri bağışlamaq lazımdır. Rus kinosunda da-- Dovjenkonun “Torpaq” filmində, S.Eyzenşteynin filmlərində siyasi ideyalar yanlışdır. Amma onlar şah əsərlərdir. Onu da vurğulayım ki, Səməd Mərdanov böyük rejissor, dünya kinosunun, mədəniyyətinin ən mühüm fiqurlarından olan Sergey Eyzenşteynin tələbəsi olub. “Kəndlilər” filmi onu göstərir ki, o həqiqətən də onun tələbəsidir. Bu film göründüyündən daha dərin bir əsərdir. Orda həyatı dərindən göstərmək, əfsanəvi bir proses kimi göstərmək cəhdi hiss olunur. Məsələn, göydə buludlar əfsanəvidir, yerdə öküzlər əfsanəvidir...Qəhrəmanın özü də--Göydəmir həm aşıqdır, həm cəngavər. Çünki Səmədin müəllimi Eyzenşteyn hər bir konkret adamda, hadisədə onun tarixi ənənələrini, tarixi köklərini görə bilirdi. Səməd Mərdanov da filmlərində dünyanı o cür təsvir edirdi. Azərbaycan kinosunun bəlkə də ən maraqlı epizodlarından biri—“Kəndlilər”də atışmaya keçən toy səhnəsindir. Bu epizoda baxanda biz Tofiq Tağızadənin “Yeddi oğul istərəm”i çəkərkən kimə əsaslandığını duyuruq. Bu baxımdan hesab edirəm ki, Azərbaycan kinosu Səməd Mərdanovun yolu ilə getsəydi, bəlkə daha maraqlı olardı...

S.İ.: Tiflisdəki qayğısız uşaqlıq illəri sona yetir. Ailə Bakıya köçəsi olur. Səməd orta təhsilini Bakıda tamamlayır. Onda yeni-yeni istedadlar açılır. Deyilənə görə, klassiklərin əsərlərini dərindən öyrənən Səməd onların əsərlərini, hətta rübailəri belə rus dilinə tərcümə edirmiş. Rus dilindən başqa gürcü, fars, həm də fransız dilini bilirmiş. Səməd gözəl tar çalarmış... Hətta tarın böyük simfoniyalarda səslənməsini arzularmış. O tarda improvizələr edər, xüsusi musiqi parçaları çalarmış. Çaldığı improvizələrə ad da qoyurmuş. “Arazın ləpələri” çalınarkən bütün dostları özünü Araz çayının sahilində hiss edərmişlər. Səməd sonralar oxuyacağı Kinematoqrafiya İnstitutunda da bu improvizələrini davam etdirərmiş.

- 30-cu illərdə Bakıya, kinostudiyaya gələn Səməd Mərdanov nələrlə qarşılaşdı?

Ayaz Salayev: 30-cu illər SSRİ-nin tarixində, o cümlədən kinonun tarixində məhvedici illər idi. İş ondadır ki, o vaxt hər şey mərkəzləşmişdi. Təbii ki, imperiya idi. Bütün güc “Mosfilm”ə, rus kinosuna verilmişdi. Ümumiyyətlə milli kinematoqrafiyaya heç nə verilmirdi. Ondan da heç nə tələb olunmurdu. Ona görə də, milli kinomuzda yanlışlıqlar azdır. Moskvada o vaxt Qoskinonun sədri var idi—Boris Şumyatski, sonra güllələdilər onu, o istəyirdi ki, Sovet kinosunu Hollivud standartları ilə inkişaf etdirsin. Yəni zahirən Hollivud standartları, daxilən milli və totalitar ideyalar...Sonralar Rumıniya kinosu bu yolla getdi. Ona görə də, 30-cu illər Sovet kinosunun tarixində çox mürəkkəb bir dövr idi. Bəzən şah əsərləri yaransa da, bu illər əsas etibarilə totalitar ideyaların bir təcəssümü kimi qaldı rus kinosunda...

-Bəs Azərbaycan kinosunda?

Ayaz Salayev: Dediyim kimi, Azərbaycana fikir vermirdilər. 30-cu illərdə çəkilən rus filmlərinə baxsaq, görərik ki, nə qədər dəhşətli ideyalar var. Bu baxımdan Azərbaycan filmləri daha ləyaqətlidir, toya getməlidir, biz onlardan utanmaya bilərik. İlk növbədə Səməd Mərdanova görə. Mən Səməd Mərdanovu bu baxımdan kinomuzun ən mühüm şəxsiyyəti kimi görürəm. Mən onu, təbii ki, tanımırdım. O mən doğulandan çox qabaq dünyasını dəyişib. Ancaq mənə elə gəlir ki, biz onunla eyni hava ilə nəfəs alırıq...

Aydın Kazımzadə: Bakıya gələndən sonra Səməd bir xeyli vaxt film çəkmir. Sən demə, “Ölülər”i çəkmək istəyirmiş. Üstündə işləyirmiş də. Onu çağırırlar kinostudiyanın rəhbərliyinə, məcbur edirlər ki, “Kəndlilər”i çəkməlisən. Güclə ssenarini ona verirlər. Mdivani yazmışdı ssenarini. Çoxlu düzəlişlər gedir Moskvanın göstərişi ilə, hətta çəkiliş prosesində bəzi kadrları dəyişdirməyə məcbur edirlər. Misal üçün, Müsavatın əleyhinə olan sözlər yazılırdı, bizim xeyrimizə olan hissələr atılırdı, ora bolşeviklərin xeyrinə olan hissələr salınırdı...

S.İ.: Ona ən böyük arzusuna çatmağa qoymadılar. Uşaqlıqdan tamaşasına baxıb sevdiyi “Ölülər” filmini çəkmək istəyi ürəyində qaldı. Özü də, Səməd filmi Cəfər Cabbarlının yazdığı ssenari üzrə çəkmək istəyirmiş. Deyilənə görə, filmin ayrı-ayrı epizodlarını, müəyyən detalları hətta xəyalən görür-qoy da edirmiş. Ancaq bunu ona çox görürlər. O vaxtların deyimi ilə, “İnqilabi keçmişimizdən”bəhs edən “Kəndlilər” filmini çəkməyə məcbur edirlər...O, amansız xəstəliyə yaxalandığına, son çəkilişlərə xərəklə gətirilməsinə baxmayaraq, bu işin öhdəsindən bacarıqla gəlir. “Kəndlilər” indi qızıl fondda qorunur...

-Səməd Mərdanov amansız xəstəliyə tutulmasaydı, 30-cu illərin repressiya maşını onu əzərdimi?

Ayaz Salayev: Şayiələr gəzirdi ki, bəzi həmkarları onu paxıllıqdan, bilə-bilə bu xəstəliyə yoluxdurublar. Mənə də çox maraqlıdır. Kimsə bu işlə məşğul olsaydı, araşdırsaydı, yaxşı olardı. Kinostudiyada isə bu şayiə kimi hər zaman dolaşırdı...Bəlkə də, xəstəlik olmasaydı...ola bilərdi..

Aydın Kazımzadə: Onu demək olmaz. Bizim Kinostudiyadan repressiya olunan adam tanımıram. Elə olub ki, dolaşdırıblar, amma güllələməyiblər. Mən arxivdən bir sənəd tapmışam. Orda kinostudiyada çalışan etibarsız adamların siyahısı yazılıb. Təhlükəsizlik Komitəsinin məktubuna əsasən, siyahı tutulub ora göndərilib. Bu siyahıda xarici vətəndaşlar qeyd olunmuşdu. Orda polyaklar, almanlar, norveçlilər, ruslar, yəhudilərin adları var idi. Hətta Məmməd Əlili də o siyahıdaydı--Təbrizdən olduğuna görə. Bilirsiniz, çox faciəvi bir haldır. Yəni insanların xəbəri olmadan başlarının üstündə Damokl qılıncı dayanıbmış...Amma mənə elə gəlir ki, xəstəlik olmasaydı, Səməd Mərdanov yaşayacaqdı, işləyəcəkdi...
Çox cavan getdi...1909—1939. Cəmi 30 il yaşadı. Amma Azərbaycan kinosunun tarixində silinməz iz qoyub getdi. Üstündən uzun illər keçəndən sonra Nansda keçirilən Beynəlxalq Film Festivalının retrospektiv baxışında bu filmə baxanlar demişdilər:”Bu şedevrdir!”

S.İ.: Onun bədxahları da vardı. İstedadlı adamın kölgəsini qılınclayan xəbislər hər zaman olur. Ancaq onu sevənlər daha çox idi. Birini sizə açıqlayım.Uzun-uzun illər öncə tale elə gətirdi ki, mən görkəmli rejissor Ağarza Quliyevin oğlu Səmədlə bir yerdə çalışdım. Söhbətlərin birində o adının niyə Səməd olduğunun tarixçəsini danışdı. Sən demə, 1939-cu ildə doğulan bu jurnalist həmkarımın adı, həmin ildə dünyasını dəyişmiş Səməd Mərdanovun şərəfinə qoyulubmuş. Səməd Quliyev atasının ölənə qədər dostunu unutmadığını, hər zaman ondan danışarkən göz yaşı tökdüyünü söylədi. Ağarza müəllim dostunun xatirəsini o qədər əziz tuturmuş ki, digər oğlunu--Ramizi də eynən Səməd Mərdanov kimi rejissor etmək istəmişdi, ona Səmədin oxuduğu Ümumittifaq Kinematoqrafiya İnstitutunda təhsil vermişdi. Nə yazıq ki, kinomuzun bəxti bu dəfə də gətirməmişdi. Yenicə müstəqil fəaliyyətə başlayan həmin gənc rejissor kino çəkilişinə getdiyi Odessada faciəli şəkildə həlak olmuşdu...

- “Kəndlilər” filminin toy səhnəsi necə çəkildi?
-Səməd Mərdanov son çəkilişdə oturduğu kreslodan güclə qalxıb hansı bayatını söylədi?
-Səməd uşaqlıqda hansı hoqqalardan çıxırdı?
-Tələbə dostları onu necə xatırlayırdı?

“Ölülər və Ölümsüzlər” dastanını tam şəkildə audio bölməsində dinləyə bilərsiniz.
XS
SM
MD
LG