Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:42

Pakistandakı ölümcül məzhəb zorakılığının arxasında nə sezilir?


Pakistanın şimal-qərbindəki Kurram rayonunun inzibati mərkəzi olan Paraçinarın sakinləri yolların açılmasını tələb edirlər.
Pakistanın şimal-qərbindəki Kurram rayonunun inzibati mərkəzi olan Paraçinarın sakinləri yolların açılmasını tələb edirlər.

Pakistanın şimal-qərbində onillərdir məzhəb zəminində zorakılıq halları baş alıb gedir. Noyabrın 21-23-ü arasında Xayber-Paxtunxva əyalətinin Kurram bölgəsində baş verən son toqquşmada 80-dən çox insan öldürülüb.

AzadlıqRadiosunun "Radio Azadi" xidmətinin əməkdaşı Əbubakar Siddikin hazırladığı yazıda deyilir ki, toqquşma şiə müsəlmanları konvoyuna bir silahlı şəxsin atəş açması ilə başlayıb. Bu qanlı toqquşmanın ardınca şiələrin sünni icmasına qarşı qisas hücumu başlayıb. Noyabrın 24-də tərəflər yeddigünlük atəşkəs elan ediblər.

Pakistanda əhalinin çoxu sünni olsa da, Əfqanıstanla sərhəddə yerləşən dağlıq Kurram bölgəsində çoxsaylı şiə sakinlər də yaşayır.

Onillərlə sürən toqquşmalar çox zaman torpaq zəminində olur. Kurramdakı toqquşmalarda minlərlə insan yaşamını itirib. Təkcə bu ilin iyulundan bəri 200-dən çox insan öldürülüb.

Silahlı toqquşma məkanı

Pakistanın şimal-qərb bölümü onillər boyunca silahlı toqquşmaların məkanı olub. Ekspertlər deyirlər ki, bölgədə sünni və şiə silahlı qruplaşmalarının yaranması məzhəb münaqişəsini daha da ağırlaşdırıb.

"Rəqib məzhəblərə məxsus silahlı qruplaşmalarının yaranması Kurramı məzhəb dominantlığı uğrunda döyüş meydanına çevirib", - Əfqanıstan və Pakistanda silahlı qrupları izləyən "Khorasan Diary" saytının xəbər direktoru İhsanullah Tipu Mehsudun sözləridir.

Şiələr deyirlər ki, "Təhrik-e Taliban Pakistan" (TTP), Xorasan İslam Dövləti və "Ləşkər-e Cənqvi" kimi sünni ekstremist qruplar Kurramda kafir sayılan şiələrin kökünü kəsməyə, yaxud onları bölgədən çıxarmağa çalışır.

Hökumət rəsmiləri Xayber-Paxtunxva əyalətinin Kurram rayonunda şiə və sünni qruplar arasında atəşkəsə əməl olunmasına nəzarət edirlər.
Hökumət rəsmiləri Xayber-Paxtunxva əyalətinin Kurram rayonunda şiə və sünni qruplar arasında atəşkəsə əməl olunmasına nəzarət edirlər.

2007-2011-ci illər arasında "Pakistan Talibanı" kimi tanınan TTP bölgəni ələ keçirməyə çalışarkən, Kurramda baş verən ağır zorakı toqquşmalarda çoxu şiə olan 2 minədək insan öldürülüb.

Sünni icması Kurramdakı zorakılığa görə Suriyada döyüşmüş pakistanlılardan oluşan hərbi qruplaşmanı – "Zeynəbiyyun briqadası"nı günahlandırır. Bu qrupun üzvləri arasında son illər vətənə qayıdan yerli kurramlı şiələr də var.

Ekspertlər deyirlər ki, Kurramdakı qanlı məzhəb zorakılığı həm də zəif idarəetmə və siyasi marginallaşmanın fəsadıdır.

Pakistanın sərhəd bölgələri, o sıradan Xayber-Paxtunxva əyaləti islamçı və separatçı iğtişaşlara qarşı hərbi hücumlara səhnə olub və olduqca yayğın insan haqları pozuntularına görə ordu ittiham edilib.

"Bu idarəçilik modeli indi ağır nəticələrini göstərməkdədir"

İslamabaddakı federal hökumət də, istər daxili, istərsə xarici siyasətdə güclü rola sahib olan qüvvətli ordu da demokratik norma və təsisatları aşındırıb.

2019-cu ildə İslamabad Xayber-Paxtunxvadakı güvənlik güclərinə geniş yetkilər verən qanun qəbul edib. Bu qanuna görə, güvənlik gücləri şübhəli şəxsləri müddətsiz və rəsmi ittihamsız saxlaya bilər.

Pakistanın şimal-şərqində yerləşən Peşəvər şəhərində universitet müəllimi olan Səid İrfan Əşrəf deyir ki, Pakistan ordusu Xayber-Paxtunxvada avtoritar idarəçilik modeli tətbiq etməyə cəhd göstərib. "Bu idarəçilik modeli indi ağır nəticələrini göstərməkdədir", - İrfan Əşrəfin sözləridir.

XS
SM
MD
LG