Keçid linkləri

2025, 08 Yanvar, çərşənbə, Bakı vaxtı 19:25

Ukrayna qüvvələri Kurskda irəliləməyə çalışarkən, Rusiya ordusu Kuraxovo şəhərini tutub


Rusiya əsgəri Kursk vilayətində Rusiya-Ukrayna sərhədi yaxınlığındakı Ukrayna mövqeyinə haubitsadan atəş açır.
Rusiya əsgəri Kursk vilayətində Rusiya-Ukrayna sərhədi yaxınlığındakı Ukrayna mövqeyinə haubitsadan atəş açır.

Yanvarın 6-da Ukrayna ordusunun Kursk vilayətindəki hücumları sürərkən, Rusiya qoşunları həmin ölkənin daha bir açar şəhərini ələ keçirib. Hər iki tərəf atəşkəslə bağlı mümkün danışıqlardan öncə strateji önəmli mövqelər tutmağa çalışır.

ABŞ Savaş Araşdırmaları İnstitutunun (ISW) yanvarın 5-də yaydığı hesabatına görə, Ukrayna qoşunları Kursk vilayətində, azı, üç istiqamətdə hücumları bərpa edərək "taktik uğurlar" qazanıb.

Ukrayna xəbər agentlikləri və Rusiya bloqerləri Kurskda şiddətli döyüşlərin getdiyini bildirirlər.

Rusiya ordusu ötən ilin avqustunda Kursk vilayətinə girən Ukrayna hərbçilərini hələ də tam sıxışdırıb çıxara bilməyib.

Rusiyalı hərbi təhlilçi Yan Matveyev yanvarın 6-da AzadlıqRadiosuna indiki əməliyyatın qısamüddətli məqsədlər daşıdığını deyib: "Bütünlükdə Kursk vilayətinin geniş ərazisini tutmaqdan ötrü ukraynalıların yetərli ehtiyatlara sahib olmasına şübhəylə yanaşıram".

Y.Matveyev ardınca əlavə edib: "Onlar danışıqlardan öncə platsdarmı genişləndirməyə çalışa bilərlər. Üstəlik, belə hücumlar müdafiə olunan tərəfi - Rusiyanı əlavə güc toplamağa vadar edir. Bu da cəbhənin digər yerlərindəki mümkün hücumları zəiflədir".

Məqsəd Pokrovsku işğal etməkdir?

Bu arada Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya ordusu Pokrovskdan 30 km cənubda yerləşən Kuraxovo şəhərində nəzarəti ələ keçirib. Bu ordunun son bir neçə aydakı əsas məqsədi strateji önəmli logistika mərkəzi sayılan və savaşdan öncə 64 min sakini olan Pokrovsku tutmaqdır.

İndiki irəliləyişin miqyası və cəbhə xəttində hansı dəyişikliklər doğuracağı hələ bilinməsə də, ABŞ dövlət katibi Antoni Blinkenin sözlərinə görə, Ukraynanın Kurskdakı mövqeyi Moskva ilə Kiyev arasındakı danışıqlarda həlledici anlam daşıyır.

Blinken danışıqlar başlasa, rəsmi Kiyevin Putinə qarşı "adekvat" güvənlik zəmanətlərınə ehtiyacı olacağını da sözlərinə əlavə edib: "Hansısa bir məqamda atəşkəs baş tutmalıdır. Bu, Putin üçün "oyun bitdi" anlamı verməyəcək… Onun imperiyaçı ambisiyaları qalmaqdadır. Dincini alıb, yenidən güc toplayınca, önü-sonu, yenə hücuma keçəcək".

O, Putinin bunu etməməsi üçün "adekvat" çəkindirici üsullara əl atmağa çağırıb.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi elçisi Kit Kelloqq deyib ki, savaş yaxın aylarda öz həllini tapa bilər. Onun Ukraynaya mümkün səfəri barədə yayılan bilgilər fonunda yanvarın 6-da "Reuters" agentliyi bildirib ki, Kelloqq Trampın yanvarın 20-dəki andiçmə mərasiminədək səfərini ertələyib. O, Roma və Paris daxil, digər Avropa paytaxtlarında da görüşlər keçirmək istəyir.

6 yanvar

Ukrayna ordusunun Kurskdakı yeni hücumu şiddətli toqquşmalara yol açıb

Ukrayna hərbçiləri yanvarın 5-də səhər saatlarında Kursk bölgəsində yeni hücuma başlayıb. Bu bilgini yayan Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, əks-hücum Kursk vilayətində Rusiya qoşunlarının irəliləyişinin önünü kəsmək məqsədi daşısa da, ukraynalılar "məğlub edilməkdədirlər".

Yeni əks-hücum gerçəkləşdirildiyini təsdiqləməyən ukraynalılar toplam 44 toqquşmanın baş verdiyini bildiriblər. Bu toqquşmalardan 9-u gecə saatlarından bəri hələ də davam edir.

Ukraynalıların bilgisinə görə, əks-hücum Sudja rayon mərkəzində başlanıb və Kursk şəhərindən 70 km uzaqda yerləşən Bolşoye Soldatskoye yaşayış məntəqəsi səmtində aparılır.

Rusiya Müdafiə Nazirliyi isə sərhəddən 15 km məsafədəki Berdin qəsəbəsində əks-hücumun qarşısının alındığını bildirir.

Yeni hücumun miqyası və cəbhə xəttində hər hansı bir dəyişiklikliyə yol aça biləcəyi bəlli deyil.

Gözlənilməz hücumlar?

Ukrayna prezident administrasiyasının başçısı Andrey Yermak deyib ki, Kursk vilayətindən "yaxşı" xəbərlər gəlib və Rusiya "layiq olduğunu almaqdadır".

Ölkənin Milli Güvənlik Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib ki, Rusiya qoşunları bir neçə istiqamətdən "gözlənilməz" hücumlara məruz qalıb.

Əks-hücumda zirehli texnikadan, minatəmizləyənlərdən və radiolokasiya sistemlərindən istifadə edildiyi deyilir.

Digər iddialara görə, Ukrayna ordusunun hərbi maşınları Kursk vilayətində irəliləyir.

Kremlyönlü "Telegram" kanalları baş verənləri "xırda təxribat qruplarının hərəkətləri" deyil, "tammiqyaslı hücum cəhdi" kimi qələmə verir.

AzadlıqRadiosu bu bilgilərin doğruluq dərəcəsini yoxlaya bilməyib.

Son həftələr minlərlə şimali koreyalı hərbçinin dəstəyi ilə irəliləməyi bacaran Rusiya ordusu ötən ilin avqustunda Kursk vilayətinə girən Ukrayna hərbçilərini hələ də tam sıxışdırıb çıxara bilməyib.

Rəsmi Kiyev Sudja olmaqla 500 kvadratkilometrədək Rusiya ərazinə nəzarəti əlində saxlayır.

Ukrayna prezidenti Volodimir Zelenski yanvarın 2-də verdiyi müsahibədə deyib ki, Kursk əməliyyatı Ukraynanın savaşda yenilməsi təəssüratlarının üstündən xətt çəkib: "Kursk əməliyyatı hər şeyi dəyişdi. Bu, önəmli addım idi".

Zelenski bir başqa müsahibəsində bildirib ki, gələcək sülh sazişinin uğuru yalnız ABŞ-nin verdiyi güvənlik zəmanətlərinə söykənməlidir.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi elçisi Kit Kelloqq deyib ki, savaş "yaxın aylar ərzində öz həllini tapa bilər".

XS
SM
MD
LG