Haldan düşmüş Ukrayna qoşunları ölkənin şərqində, donmuş sahələrdə və palçıqlı səngərlərdə canlı qüvvə və silah üstünlüyü olan Rusiya ordusunun önünü kəsməkdə çətinlik çəkir.
Pokrovsk
AzadlıqRadiosunun müxbiri Mayk Ekelin yazısında deyilir ki, müharibədən öncə əhalisi 60 min nəfər olan Pokrovsk şəhəri Ukraynanın hazırda itirə biləcəyi yerlərdən ən böyüyüdür. Düzdür, belə durumda başqa yerlər də var.
Kiyevlə Moskvanı danışıqlara vadar edəcək basqıların güclənsə də, Kreml və Vladimir Putin zərbələrini dayandırmaqda, yaxud Ukrayna və onun Qərb dəstəkçilərinin qəbul edə biləcəyi atəşkəs şərtlərini gözdən keçirməkdə maraqlı görünmür.
"Müharibənin gedişi Rusiyanın xeyrinə çevrilib, Rusiya silah və canlı qüvvə üstünlüyündən amansızca yararlanır", -Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Avropa, Rusiya və Avrasiya Proqramının direktoru Maks Berqmann ötən ay belə deyib və davam edib: "İndi Rusiyanın danışıq aparmağa az səbəbi var. [Putin] böyük ehtimalla müharibədə qalib gələcəyinə inanır. Bu da onun gözündə Ukraynanın Rusiya nəzarətinə tabe etdirilməsi deməkdir".
Daha sakit zamanlarda Donetsk vilayətinin qərbində yerləşən bu şəhər kömür mədənləri, koks (daş kömürdən alınan yanacaq növü) və metallurgiya zavodları ilə ad çıxarmışdı. Bir dəmiryol qovşağı və bir neçə iri yol kəsişməsi də burada idi. Bu şəhər həm də XX əsrin əvvəllərində, Qərbdə bu gün də çox məşhur olan "Şşedrik" Milad mahnısını bəstələyən Mikola Leontoviçin vətənidir.
Rusiya qoşunları bu ilin əvvəllərində Avdeyevkanı ələ keçirəndən sonra Ukraynanın təchizat xətlərini kəsmək üçün qərb və şimal-qərb istiqamətində hərəkət edib. Qərbə aparan E50 magistral yolu Pokrovsku Ukraynanın dördüncü ən iri şəhəri olan Dnepr ilə birləşdirir. Şərq və şimal-şərqə doğru uzanan T0504 magistral yolu isə Pokrovsku Rusiyanın ələ keçirməyə çalışdığı daha bir dəmiryol qovşağı olan Konstantinovkaya bağlayır.
"Hazırda düşmən Pokrovskda döyüş aparmağa ümid etmir, ancaq şəhərin yanından keçərək təchizat zəncirini qırmağa çalışır", - Ukraynanın "Xortitsya" qoşun qruplaşmasının sözçüsü Viktor Trequbovun yanvarın 2-də dövlət kanalına dediyi sözlərdir.
ABŞ Ordusunun Ayrıca Qüvvələrinin istefada olan polkovniki Liam Kollinz deyib ki, Rusiya qoşunları sülh danışıqlarından öncə daha çox ərazi ələ keçirməkdən ötrü Pokrovskun yanından keçməyə çalışa bilər: Pokrovskun özü Donetsklə Dnepropetrovsk bölgələrinin inzibati sərhədindən 18 kilometr aralıdadır.
Onun sözlərinə görə, onların, məsələn, Baxmut şəhərinin ələ keçirilməsi zamanı baş verən amansız şəhər döyüşlərindən yayınmaq ehtimalı daha böyükdür.
"Ruslar da, istənilən başqa ordu kimi, şəhərin yanından keçməyə, içəridəki döyüşçülərin təchizat xətlərini kəsməyə, onların çıxmasını və son nəticədə çox ciddi döyüşsüz təslim olmasını gözləməyə üstünlük verəcəklər", - "Şəhər döyüşlərini anlamaq" (Understanding Urban Warfare) adlı kitabın müəllifi olan Kollinz belə deyir.
Kuraxovo
Pokrovskdan təxminən 30 kilometr cənubdakı Ukrayna qüvvələri rusiyalıların irəliləməsini yavaşıtmaq üçün Vovça çayının üzərində tikilmiş Kuraxovo su anbarından yararlanmağa çalışıb. Rusiya qoşunları noyabrın sonu və dekabr ayında su anbarının şimal tərəfi boyunca irəliləyib. Su anbarının qərb səmtində yerləşən damba isə qismən dağıdılıb. Onun Ukrayna, yaxud Rusiya tərəfindən dağıdıldığı bilinmir.
Su anbarının cənub sahillərindəki Ukrayna qoşunları şərq istiqamətindən irəliləyən Rusiya qoşunlarının hücumları nəticəsində Kuraxovo şəhərinə nəzarəti itiriblər. Yalnız şəhərin qərbində yerləşən sənaye rayonları Ukraynanın nəzarətində qalıb. Cənub-qərb istiqamətində Rusiya qoşunları H15 Donetsk-Zaporojye magistral yolunu da təhdid edib. Bu, Kuraxovodan qərb istiqamətinə gedən mühüm təchizat yoludur.
Polşada yaşayan, Ukraynanı vaxtaşırı ziyarət edən hərbi təhlilçi Konrad Muzıka deyir ki, qoşunlarının gücünü artırmaqla bağlı Ukraynanın uzun zamandan bəri davam edən problemləri Kuraxovonun müdafiəsində özünü aydın göstərir. O, X-də paylaşdığı postunda yazıb ki, bölgənin landşaftı müdafiə əməliyyatları üçün əlverişli olsa da, Ukrayna ordusu mövcud canlı qüvvə çatışmazlığına görə bu təbii imkanlardan yararlanıb düşmənin irəliləyişini dayandıra bilmir. "Canlı qüvvə çatışmazlığı onların Rusiyanın ərazidəki üstünlüyünü bitirə biləcək əkshücum həyata keçirmək imkanını da məhdudlaşdırır", - Muzıkanın sözləridir.
Kiyevdə fəaliyyət göstərən hərbi təhlilçi Mixaylo Jiroxov deyir ki, "Kuraxovonun müdafiəsi, əslində, uğursuzluğa məhkumdur. İndi onlar bu müdafiəni yalnız siyasi səbəblər üzündən saxlayırlar".
"Şəhərin itirilməsi prezident ofisinə çox pis hədiyyə olardı. Bu, ona güvən reytinqini çox aşağı salardı", - Jiroxov belə deyir.