Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 07:02

ABŞ ilə Çinin dronlarla bağlı ticarət savaşında Ukrayna arada qalıb


Ukraynalı hərbçi Pokrovsk şəhəri yaxınlığındakı cəbhə mövqeyindən döyüş dronu buraxır.
Ukraynalı hərbçi Pokrovsk şəhəri yaxınlığındakı cəbhə mövqeyindən döyüş dronu buraxır.

Çinlə ABŞ arasında ticarət sahəsində artan gərginlik Ukraynanın özünü qorumasından ötrü son dərəcə önəmli olan dronla təchizatını təhdid edir. ABŞ mediasında çıxan xəbərlərdə deyilir ki, Çin istehsalçıları dron hazırlanması üçün vacib hissələrin Ukraynanı dronlarla təchiz edən ABŞ və Aİ-yə satışını məhdudlaşdırır.

Bu məhdudiyyətlər Ukraynaya döyüş meydanında mane ola bilər. Kiyev ucuz, ancaq effektiv dronlardan kəşfiyyat, hədəflərə partlayıcı atmaq və Rusiya hücumlarından müdafiə olunmaq üçün yararlanır.

Pekinin bu addımı Vaşinqtonun dekabr ayında Çinə yüksək genişlikli yaddaş çipləri və əlavə yarımkeçiricilər satışına qadağa qoymasına cavab kimi görülür. Pekin bu qadağalara cavab olaraq, artıq Amerika ordusuna ikili məqsədli məhsulların, ABŞ şirkətlərinə isə hərbi tətbiqi olan yüksək texnologiyalı materialların satışını yasaqlamışdı.

AzadlıqRadiosunun əməkdaşı Rid Stendişin qələmə aldığı məqalədə deyilir ki, Rusiyadan qorunmaq üçün Ukraynaya gərəkli dron hissələri təchizatının kəsilməsi artmaqda olan ticarət qarşıdurmasının yeni elementidir.

Ucuz və kiçik dronlarda dominantlıq Çinə məxsusdur

Ekspertlər deyirlər ki, Çinin belə davranışı həm də ABŞ-nin növbəti prezidenti Donald Trampın gələcək administrasiyasına mesajdır. Başqa deyimlə, Çin Vaşinqtonun sanksiyalarına cavab vermək iqtidarında olduğunu göstərir.

"Bu, qismən ABŞ-nin tariflərinə cavab və Amerikanın ixracata nəzarət qaydalarına görə cəza tədbiridir. Ancaq dron texnologiyasına məhdudiyyət qoyulmasının Ukrayna üçün döyüş meydanında mənfi nəticələri olacaq. Bu, mümkün atəşkəs danışıqları ərəfəsində vacib ola bilər", - Atlantika Şurasının aparıcı tədqiqatçısı Cosef Uebster belə deyib.

Ucuz və ticari baxımdan əlçatan dronlar üç ilə yaxındır sürən Ukrayna savaşında həm Kiyev, həm də Moskva üçün mühüm silah növünə çevrilib.

ABŞ hələ də iri hərbi dronlarla bağlı üstünlüyünü qoruyub saxlayır. Ancaq daha ucuz və kiçik dronlar və onların hissələrinə gəlincə, bu bazarda dominantlıq Çinə məxsusdur. Belə dron və hissələr ikili - həm mülki, həm də hərbi məqsədlərlə istifadə edilir.

Ukrayna hərbçiləri modifikasiya edilmiş drona döyüş sursatı bağlayır.
Ukrayna hərbçiləri modifikasiya edilmiş drona döyüş sursatı bağlayır.

Aparılan bir neçə müstəqil araşdırma Çinin ABŞ-nin dron bazarının 90 faizinə, dünya dron bazarınınsa 80 faizinə nəzarət etdiyini üzə çıxarıb.

Bu amili nəzərə alan ekspertlər Çinin qlobal dron təchizatına nəzarətindən asılılığın problemlər yarada biləcəyi haqda xəbərdarlıq ediblər. İkinci Tramp administrasiyası dövründə Çinlə ABŞ arasında ticarət qarşıdurmasının artacağı ilə bağlı gözləntilər fonunda Vaşinqton yeni təchizat zəncirləri yaratmağın zəruri olduğunu ifadə edib.

Çinin Ticarət Nazirliyi, eləcə də Sənaye və Texnologiya Nazirliyi AzadlıqRadiosunun məsələ ilə bağlı açıqlama xahişinə cavab verməyib.

"Güvənilməz qurumların siyahısı"

Çin 2019-cu ildən bəri milli maraqlarına ziyan vuran şirkətləri cəzalandırmaq üçün "Güvənilməz qurumların siyahısı"nı yaradıb. Rəsmi Pekin ABŞ-nin Çin şirkətlərinə qoyduğu məhdudiyyətlərə əməl edən şirkətləri cəzalandırmaq üçün qaydalar da hazırlayıb.

Bu qaydalar Pekinə nadir elementlər və litium kimi materiallar da daxil, önəmli komponentlərin dünya bazarına çıxışını məhdudlaşdırmaq imkanı verir. Litium smartfonlardan tutmuş, elektrikli avtomobillərədək bir çox məhsulun istehsalından ötrü qaçılmaz komponentdir.

Oktyabrda Çin Ukrayna ordusunu dronlarla təchiz edən "Skydio" ABŞ şirkətini, Tayvan hökumətindən kontrakt qazanmasına cavab olaraq, sanksiyalara məruz qoyub.

"Skydio" ABŞ-nin Çin istehsalçılarından və Çin təchizat zəncirindən asılılığa alternativ olan yerli şirkəti kimi görülür.

Bu şirkət Çindən kənarda təchizat zənciri qurmağa illərlə vaxt sərf etsə də, bir mühüm komponentlə bağlı hələ də Çindən asılıdır. Söhbət nə az, nə çox, batareyalardan gedir.

Çinin "Skydio"ya batareya satışını məhdudlaşdırması şirkəti müştərilərinə mal göndərməyi ertələməyə məcbur qoyub. Onun müştəriləri arasında Kiyevi təchiz edən ABŞ ordusu da var.

Donbasda dron savaşı
Gözlə
Embed

No media source currently available

0:00 0:03:56 0:00

Ukrayna Çindən gətirilən ehtiyat hissələrindən asılıdır

Kiyevin özü üçün Çin təchizat zəncirindən asılılığı azaltmaq xeyli çətindir. Ukraynanın bir çox dron istehsalçısı ucuz və effektiv dronlar hazırlamaq üçün hələ də Çindən gətirilən ehtiyat hissələrdən asılıdır.

Çin iyul ayında hərbi məqsədlərlə istifadə üçün dron ixracına qadağa qoyduğunu açıqlayıb. Pekin Rusiyaya, yaxud Ukraynaya silah vermədiyini iddia edib.

Ancaq ikili istifadə üçün nəzərdə tutulan avadanlığın Çindən Rusiyaya axını Kremlin Ukraynada apardığı tammiqyaslı müharibədə yardımçı olaraq qalır.

Çin hökumətinin bu yeni qadağaları Ukraynanın dron və yeni ehtiyat hissələri almasını daha da çətinləşdirib.

"Skydio" şirkəti Pekinin sanksiya tətbiqindən öncə alternativ təchizatçılarla əlaqə qurmağa imkan tapmayıb. Ancaq şirkətin Asiyada, o sıradan Yaponiya və Tayvanda bir neçə şirkətlə danışıq apardığı bildirilir.

Çinin öz ərazisi saydığı Tayvan dronların müasir müharibələrdəki artan önəmini görüb öz dron təchizat zəncirini qurmağa çalışır. Bu sahədə bəlli irəliləyiş əldə edən Tayvan dron texnologiyaları sahəsində Avropa ölkələri ilə bağlar qura bilib. Tayvanın xarici işlər naziri bu mövzuda müzakirələr aparmaq üçün noyabrda Latviya, Litva və Polşaya göndərilən nümayəndə heyətinə rəhbərlik edib və hər üç ölkə ilə dron istehsalının inkişafına dair anlaşma memorandumları imzalayıb.

"Çinin bu ticarət qadağaları yeni dron təchizat zəncirlərinin ortaya çıxmasına yol aça bilər. Ancaq Çinin onların inkişafını məhdudlaşdırmaq istəməsini də gözləmək lazımdır", - Atlantika Şurasından Uebster belə deyib.

XS
SM
MD
LG