Rusiya Ukraynanın işğal edilmiş ərazilərində yeniyetmələri biganə olması və öz ölkəsinə qarşı döyüşə hazırlamaq üçün "Yunarmiya" (Yeniyetmə gənclərin ordusu -red.) adlı militarist gənclər təşkilatından yararlanır.
Tammiqyaslı savaş zamanı "Yunarmiya"nın yaradılması Rusiya işğal administrasiyasının daha öncə dərc etmədiyi sənədlərdən məlum olub. "KibOrg" adlı Ukrayna haker qrupu bu sənədləri üzə çıxararaq AzadlıqRadiosu Ukrayna xidmətinin araşdırma qrupu olan "Sxemı"nın və onun media tərəfdaşlarının diqqətinə yetirib.
2016-cı ildə o dönəmin müdafiə naziri Sergey Şoyqunun təşəbbüsüylə qurulan "Yunarmiya" 1.3 milyon üzvünün olduğunu iddia edir. AzadlıqRadiosu Ukrayna xidmətinin əməkdaşı Maksım Savçuk və "Sxemı" komandasının hazırladığı materialda deyilir ki, 8 yaşına çatan uşaqlar mobil əlavə vasitəsiylə sorğu vərəqəsini dolduraraq bu qurumun sıralarına yazılırlar.
Oğlanlar Rusiya qoşunlarında xidmətə hazırlanır
Təşkilat "Yunarmiya" kadetlərinin mənəvi, ictimai və intellektual inkişafını gücləndirdiyini iddia edir. Qurum "konstitusiya borcunu yerinə yetirmək üçün" müsbət motivasiya formalaşdırdığını və gənc oğlanları Rusiya Federasiyasının Silahlı Qüvvələrində xidmətə hazırladığını da bildirir.
2017-ci ildə "Yunarmiya" kadetləri Moskvada 9 May - Qələbə Günündə prezident Vladimir Putinin qəbul etdiyi paradda əsgərlərlə birlikdə addımlayıblar. Bu il "Yunarmiya"nın işğal altındakı Luqansk bölgəsindən cəlb etdiyi uşaqlar Rusiyanın Novosibirskdə keçirilən təntənəli hərbi tədbirlərinə qatılıblar.
Rusiya işğal etdiyi Ukrayna ərazilərində ilk "Yunarmiya" dəstəsini Krımda, təşkilatın rəsmi təsisindən bir neçə ay sonra yaradıb. Müharibə zamanı uşaq hüquqlarının pozulmasını sənədləşdirən "Almenda" Vətəndaş Təhsili Mərkəzinin təhlilçisi Oleh Oxredko deyir ki, 2016-cı ilin sentyabrında "Yunarmiya" bütün Krıma yayılmışdı.
Təkcə rus deyil, ukraynalı uşaqlar da?
Rusiyanın işğalından sonra Krımı tərk edib Kiyevə köçməyə məcbur edilən Regional İnsan Haqları Mərkəzinin hüquqşünası Katerına Reşevska deyir ki, ""Yunarmiya" yalnız rus [uşaqlara] deyil, işğal edilmiş ərazilərdən olan ukraynalı uşaqlara da hərbiləşdirilmiş təhsil verilməsi düşüncəsi ilə yaradılıb".
Rusiya Müdafiə Nazirliyinin bilgisinə görə, 2022-ci ilin yanvarında - Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan bir ay öncə "Yunarmiya"nın təkcə Krımda 29 min üzvü olub.
Ukrayna hüquq-mühafizə qurumları işğal edilmiş Krımdakı "Yunarmiya" rəhbərliyini Cenevrə Konvensiyasında təsbit edilmiş mülki şəxslərin qorunması qaydalarını pozmaqda suçlayıb. Cenevrə Konvensiyasında mülki şəxslərin könüllü orduya yazılmasını təmin etmək məqsədilə təbliğat aparılmasını yasaqlayan maddə var.
Krım İnsan Haqları Qrupunun eksperti İrına Sedova bu rəsmi ittihamı dəstəkləyir.
"Düşünürük ki, bu təşkilatın fəaliyyəti beynəlxalq humanitar hüququ pozur və bu təşkilatın liderləri Krım sakinlərinə, özəlliklə zombiləşdirib de-fakto könülsüz şəkildə "Yunarmiya"ya cəlb etdikləri uşaq və yeniyetmələrə qarşı savaş cinayəti törədir", - o, 2022-ci ildə AzadlıqRadiosunun "Krım.Realii" xidmətinə belə demişdi.
Bu ittihamlara cavab olaraq, "Yunarmiya"nın Sevastopol şöbəsinin rəhbəri Volodımır Kovalenko indiki Ukrayna hökumətini qeyri-legitim saydığını deyərək hər hansı cinayət törətdiyini inkar edib.
Ancaq tammiqyaslı müharibə başlanandan bəri işğal edilmiş ərazilərdən olan bəzi keçmiş "Yunarmiya" üzvləri Rusiya ordusuna qoşularaq Ukraynaya qarşı vuruşublar.
"Yunarmiya" Donbasda yalnız Putinin 2022-ci ilin sentyabrında Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin Rusiyanın tərkib hissəsi olduğunu elan etməsindən sonra fəaliyyət göstərməyə başlayıb. Ancaq 2019-cu ildən bəri burada "Gənc Qvardiya – Yunarmiya" adlı bənzər qrup fəaliyyət göstərib.
Ötən il Donetsk və Luqansk bölgələrinin Rusiya işğalı altındakı hissələrində odlu silah və idman təlimi üçün nəzərdə tutulan məktəb binaları – "Yunarmiya evləri" açılıb. "KibOrg"un təqdim etdiyi sənədlərdən belə görünür ki, "Yunarmiya" məktəb binalarından ödənişsiz yararlanır və Rusiyanın federal hökuməti ilə qurumun Moskvadakı baş qərargahından maliyyə dəstəyi alır.
Hücum silahlarından atəş açmaq öyrədilir
Bu ilin yayında təşkilatın Mariupolda yeni açılmış şöbəsi Azov dənizi sahilində təşkil edilən yay düşərgəsində yeddi sessiya keçirib. Burada uşaqlara hücum silahlarından atəş açmaq da öyrədilib.
Düşərgənin təşkilatçılarından biri Mariupolun işğalçı administrasiyasının Ailə və Uşaq Məsələləri Departamentinin rəhbəri Valeri Onatskiydir. "Sxemı"nın 2023-cü ildə apardığı araşdırma Onatskiyin ukraynalı uşaqların Rusiya işğalı altındakı ərazilərdən çıxarılmasında iştirak etdiyini üzə çıxarmışdı. Rusiyanın bu hərəkəti Beynəlxalq Cinayət Məhkəməsinin Putini müharibə cinayətlərində şübhəli bilərək onun həbsinə qərar verməsi ilə nəticələnmişdi.
2022-ci ilin noyabrında işğal administrasiyaları Xerson və Zaporojye bölgələrinin Rusiyanın nəzarətində olan hissələrində də "Yunarmiya" şöbələrinin yaradıldığını bildirmişdi.
"Yunarmiya"nın Moskvada yerləşən baş qərargahı "Sxemı"nın təşkilatın fəaliyyəti ilə bağlı açıqlama xahişinə cavab verməyib.