Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:18

Azəri qazı «Nabucco»dan əvvəl Cənub dəhlizinə gedərmi?


İTGİ də AB üçün strateji bir layihədir
İTGİ də AB üçün strateji bir layihədir
Bu günlərdə «Nabucco» qədər hay-küy yaratmayan bir enerji layihəsi yavaş, ancaq özündən əmin addımlarla irəliləyir. Bu, Cənub dəhlizi kimi də tanınan Türkiyə-Yunanıstan-İtaliya təbii qaz boru xətti - qısa adı ilə İTGİ-dir.

Tətildən qayıdanda İtaliyanın «Edison» enerji şirkətinin Türkiyə təmsilçisi Akın Özkan ilə tələm-tələsik söhbətim həm bu layihə barədə, həm də bölgəmizdəki enerji həmlələrində bəzi daşları yerinə otuzdurmağıma kömək etdi.

Türkiyəyə 2008-ci ildə gələn «Edison»un burdakı işlərini Özkandan soruşuram. O deyir: «Hidroelektrik, kömür və liqnit (boz daş kömür) stansiyaları ilə maraqlanırıq, ancaq əsas işimiz İTGİ-dir».

«Edison» firması Xəzər bölgəsindən ildə 10-12 milyard kubmetr təbii qazın Türkiyə və Yunanıstandan keçərək İtaliya və Avropaya nəql edilməsiylə bağlı olan bu layihənin 2013-cü ildə həyata keçirilməsini planlaşdırır. Hökumətlərarası müqavilələr 2007-ci ildə imzalanıb. Yəni, «Nabucco»dan iki il qabaq. Ancaq hazırlıq işləri 2004-cü ildə başlayıb.

Akın Özkan deyir ki, Yunanıstanla İtaliya arasındakı dənizaltı boru xətti üçün bütün icazələr alınıb, mühəndislik işləri başa çatdırılıb. Digər tərəfdən, Türkiyə ilə Yunanıstan arasında boru xətti vardır ki, bu da «Nabucco»ya görə önəmli bir üstünlükdür. Buna görə də Akın Özkan «İTGİ boru xətti ən sürətli şəkildə həyata keçirilə biləcək bir layihədir. «Nabucco» və «Cənub axını»na görə daha konkret addımlar atılıb» deyir. «Nabucco» kimi, bu layihəni də Avropa Birliyi dəstəkləyir. Akın Özkan sözlərinə bunları əlavə edir: «İTGİ də AB üçün strateji bir layihədir. 7-8 milyard dollara başa gələcək olan «Nabucco» üçün 200 milyon avro pul bağışlandı. 2-2.5 milyard avroluk İTGİ layihəsinə 100 milyon avro yardım edildi».

DÜYÜN NÖQTƏSİ AZƏRİ QAZIDIR

Yaxşı, İTGİ və ya Cənub dəhlizi layihəsi nəyi gözləyir?

Azərilərlə imzalanacaq olan qaz sazişini. Eynilə «Nabucco» və Rusiyanın «Cənub axını» layihəsində olduğu kimi, məsələ gəlib azəri qazında düyünlənir. Hamının gözü «Şahdəniz-2» yatağının qazında. Hələ istismara verilməyən «Şahdəniz-2» yatağından ildə 14 milyard kubmetr qaz əldə ediləcəyi hesablanır.

Akın Özkanın sözlərinə görə, bunun təxminən 3 milyard kubmetri Azərbaycanla Gürcüstanda bazara çıxarılacaq, 3-4 milyard kubmetrini BOTAŞ istəyir. Bütün müzakirələr yerdə qalan 7-8 milyard kubmetr qaz üçün aparılır.

Yaxşı, «Edison» şirkəti azərilərlə razılıq əldə etdimi? Özkan deyir ki, «Müzakirələr davam edir və böyük ehtimalla 2010-cu ildə işlər relsə oturacaqdır. Azərilər konkret layihəyə qaz verəcək». Özkana görə, bu işin ən önəmli tərəfi - azərilər konkret bir layihə üçün «Şahdəniz-2» yatağından qaz çıxarmağa başlayacaq və Türkiyə də bu qazdan istifadə edə biləcək.
XS
SM
MD
LG