Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:22

«Əmək pensiyasındakı dəyişikliklər ədalətlidir»


Səlim Müslümov
Səlim Müslümov
2010-cu ilin yanvarın 1-dən qadınların təqaüd yaşı hər il altı ay artırılacaq və 2016-cı ilin yanvarın 1-ə 57 yaşdan 60 yaşa çatacaq. Kişilərdə isə təqaüd yaşı 2012-ci ilə ildə yarım il artmaqla indiki 62 yaşdan 63 yaşa qədər qaldırılacaq. «Əmək təqaüdləri haqqında» qanuna əlavə və dəyişikliklərdən biri də təqaüd yaşının artırılmasıyla bağlıdır.

TƏQAÜDÇÜNÜN ƏHVALI KORLANIB

«İndi cibimdə 20 qəpiyim də yoxdur. Gəl dolan görək. Danışanda da deyirlər bu qədər gəlirimiz var, iqtisadiyyatımız inkişaf edir, neftdən pullar gəlir. Hanı o pullar, üstəlik pensiya yaşımızı da artırır».

59 yaşlı Vahid Ağayev deyir ki, pensiya yaşının artırılmasıyla bağlı qanun dünən parlamentdə qəbul olunandan sonra əhvalı lap korlanıb.

Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovsa deyir ki, qanuna dəyişikliklər əhaliyə düzgün çatdırılmır. Onun fikrincə, qanuna edilən əlavə və dəyişikliklər əslində pensiya-sığorta islahatlarının növbəti mərhələsi kimi qəbul olunmalıdır. Bu addımlar əvvəlcədən planlaşdırılıb və 2015-ci ilə qədər həyata keçirilməli olan məsələlərdəndir.

Səlim Müslümov deyir ki, qanuna edilən dəyişikliyin ən mühüm elementi keçmiş dövrdə qazanılmış əmək pensiyasının məbləğinin müəyyənləşməsini nəzərdə tutan dəyişiklikdir. Pensiya yaşının artırılması isə ikinci dərəcəli, sığorta-pensiya sistemi üçün vacib olmayan məsələlərdir. O deyir ki, «guya bu dəyişikliklərin nəticəsində pensiyalar 30 faiz azalacaq. Əslində isə belə bir təhlükə yoxdur».

Səlim Müslümov deyir ki, yeni sistem fəaliyyətə başlayandan, yəni 1 yanvar 2006-cı il tarixdən 2009-cu il oktyabrın 1-dək Sosial Müdafiə Fondu orqanları tərəfindən 167 min 891 nəfərə yaşa görə pensiya təyin olunub:

«Bunların 60,4 faizi və ya 101 min 370 nəfəri minimum pensiya, yəni 75 manat alır. Yerdə qalanların 4 faizinin pensiyası 300 manatdan yuxarı, 680 nəfərin pensiyası isə 1000 manatdan çoxdur. 300 manatdan çox pensiya alan həmin 4 faizin 6700 nəfərinin aldığı pensiyanın məbləği ümumi pensiyaçılrın aldığı vəsaitin 20 faizini təşkil edir. Pensiyaçıların 60,4 faizinin, yəni 75 manat alanların toplam pensiyası isə ümumi pensiya məbləğinin cəmi 39 faizi həcmindədir.
Qadir İbrahimli
Belə çıxır ki, 40 il müəllim işləyən adam 75 manat pensiya alır, 10-15 il əmək fəaliyyəti olan adam isə 2000-3000 manat pensiya alır. Bu əvvəlki hesablama qaydasının yanlış olmasının nəticəsi idi. Ona görə də bu aradan qaldırılmalıydı və qanunun 27-ci maddəsinə dəyişiklik etməklə onu aradan qaldırdıq».

PROBLEM NECƏ HƏLL OLUNMALIYDI?

«Güzəran» Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli isə deyir ki, yaranmış vəziyyət dövlətin imkanları hesabına yoluna qoyulmalıydı. O həm də orta ömür yaşının azalması baxımından da pensiya yaşının artırılmasını ədalətsiz sayır:

«Büdcənin də, Sosial Müdafiə Fondunun da, dövlətin də əlavə maliyyə imkanları var. Ədalət prinsipini gözləmək istəyirdilərsə, bunu dövlətin hesabına etməliydilər. Başda kəpəyi təmizləmək üçün başı kəsmək lazım deyil. Həm də Azərbaycanda ölüm cavanlaşır. Son 20 ilin statistikasını əvvəlki illərlə müqayisə edəndə görürük ki, əvvəl orta ömür 70-75 yaş sayılırdı, indi isə 60-65 yaş həddində götürülür. Belə bir vəziyyətdə pensiya yaşının artırılması məntiqli görünmür».

Pensiya yaşının artırılması millət vəkillərinin də etirazına səbəb olmuşdu. Oktyabrın 27-də parlamentdə qanuna əlavə və dəyişikliklər qəbul olunanda müxalifətdən olan millət vəkilləri əhalinin indiki aşağı yaşayış səviyyəsində dəyişikliyin yersiz olduğunu bildirmişdilər.
XS
SM
MD
LG