Maraqlı məsələlərdən biri də parlamentin ölkədə insan haqları ilə bağlı tutduğu mövqedir. Deyək ki, Azərbaycanda bloqqerlərin həbsi ilə bağlı Almaniya və Britaniya parlamentlərindən, Avropa parlamentindən reaksiyalar olur. Müxtəlif ölkələrin parlament üzvləri öz hökumətlərindən bu məsələni nəzarətdə saxlamağı tələb etdilər. Siz necə, bir depuatat kimi bu məsələdən narahat oldunuzmu, oldunuzsa bunu necə bildirdiniz?
Mən bu məsələdə narahatlığımı bildirmədim.
Nəyə görə? Çünki bizdə məhkəmə var və bunlar diffamasiya haqqında qanununa riayət olunmamasına görə həbs olunsaydılar doğrudan da mən başa düşərdim. Amma bunlar sırf xuliqanlığa görə həbs olunublar.
Bəlkə də cəza həddindən artıq sərt idi. Mənə elə gəlir ki, onlar artıq 2-3 ay idi həbsdə idilər və onlara şərti cəza vermək olardı. Amma mən sizə tam səmimiyyətlə deyim, Əfv komissiyasının üzvü kimi bizim əlimizdən yüzlərlə belə faktlar keçir. Xuliqanlığa görə, kafedəmi, hansısa ictimai yerdəmi, evdəmi kimsə kiminləsə dalaşıb və ona həbs cəzasl veriblər. Verirlər – kəndçiyə də verirlər, aşbaza da verirlər, tələbəyə də verirlər. Bəs nəyə görə siyasi narazılıq olmur belə hallarda?
Hətta biz onları əfv edirik və hesab edirik ki, xuliqanlığa görə həddən artıq cəza verirlər onlara. Mən hətta Əfv komissiyasının iclasında demişəm ki, bizdə alternativ cəzalar tətbiq olunmalıdır. Biz penitisionar sistemin liberallaşdırılmasına doğru getməliyik. Bu bizdə düzgen deyil – həddən artıq sərt cəza verilir. Nə bilim, kimsə 3 dənə xoruz oğurlayır, ona 3 il, 4 il cəza verirlər. Bax belə hallarda biz onlara əfv veririk.
Amma bu məsələni mən siyasiləşdirməzdim.
İkinci tərəfdən, gəlin, mətbuatda gedən prosesləri izləyək. Məgər bəzi qəzetlərdə verilən məqalələrə görə bunları məhkəməyə vermək olmazmı?
Şəxsən mən hakimiyyətdə olsaydım belə bir passaja görə qəzeti məhkəməyə verərdim. Buyurun: “Bu gün ən şərəfli qələm Azərbaycan insanının qanını içən, onun bədbəxtçiliyi üzərində dəbdəbəli saraylar ucaldan, xalqın mənəviyyatını zorlamaqdan, bu ölkəni səfalətin və cəhalətin dibinə yuvarlamaqdan zövq alan bir tayfa hakimiyyətinin çirkinləri, iyrənclikləri qarşısında susmayan qələmdir” və sair və sair....
Sizcə bu yazı etik normalara sığır? Bu, bolşeviklərin lozunqlarıdı, bu, bolşevikcəsinə yazılan məqalədir.
Siz, səhv etmirəmsə,“Azadlıq” qəzetindən sitat gətirirsiz...
“Azadlıq”dı, ya başqa qəzetdi...Mən “Azadlığın” adını ona görə çəkmirəm ki, bu qəzetin çox böyük və şərəfli ənənələri var. Amma belə ünvansız, və ən başlıcası, faktsız təhqirlər heç kimə yaraşmır. Bax ona görə inam artıq yoxdur bu qəzetlərə.
Sizcə qələm susmalıdır bütün bunların qarşısında?
Bəli. “...xalqın mənməviyyatını zorlamaqdan zövq alan hakimiyyət”, yəni doğrudanmı bizdə hakmiyyət zövq alır?
Bəs muğamın dirçəlməsi, teatrların dirçəlməsi, beynəlxalq musiqi festivallarının keçirilməsi? Mən o gün Qəbələdə caz festivalını izləmişəm. 7 gündür ən məşhur kollektivlər rayonda (!) konsertlər verirdilər. Bəs kitabların çap olunması, muğam haqqında gözəl-gözəl nəşrləin çap olunması? Bütün bunlar “xalqın mənəviyyatının zorlanması” deməkdir?
Hakimiyyətin gözəl işlərini görməmək olmaz. Birtərəfli düşünmək olmaz.
Problemlər çoxdur, heç kim demir ki, problem yoxdur. Gəlin problemlərdən yazaq. Ümumiləşdirməyək!
Mən də AzadlıqRadiosunda işləmişəm. Bir problemi götürüb konkret onun üstündə işləyirdim. Məsələn, Elçibəyin dövründə çoxlu problemlər var idi. Amma mən ancaq pis tərəfi deyil, hakimiyyətin yaxşı tərəfini də götürüb fikirləşirdim ki, onu da xalqıma, xaricə çatdırım.
Olmaz belə yazmaq.
Necə olur axı, bütün dünya İlham Əliyevə onun sərt xarici siyasətinə, daxildə apardığı reformalara alqış deyir, amma biz daxildə belə şeyləri yazırıq? Mən bununla heç vaxt razılaşa bilmərəm.
Misalçün, mən hakmiyyətdə olsaydım, mən də belə müəllifləri məhkəməyə verərdim.
Başqa məsələ isə həbs cəzasıdır. Məsələn, mən diffamasiya haqqında qanunun qəbul olunmasına tərəfdarıyam. Mən istəməzdim ki, hətta belə sözlərə görə kimsə həbs olunsun. Qoy cərimə olunsun. Qəzet üzr istəsin, amma bizdə jurnalistlər həbs olunmasın.
Amma, Elmira xanım, Konstitusiyaya əsasən həmin yazı müəllifinin də ölkədəki vəziyyəti yazdığı kimi qiymətləndirmək haqqı tanınmalıdır.
Haqqı tanınmalıdır, amma baxmalıdır ki, bunu hansı formada yazırsan.Axı biz özümüz də həm xarici mətbuatda, həm də jurnaslitikada işləmiş adamlarıq. Belə ifadələr nədir? “Rəzalət, eybəcərlik, İlham Əliyevin diktatiturası” – bu, bilirsən, gülüncdur. Bunu 90-cı illərin əvvəlində, ortalarında yazmaq olardı. Artıq jurnaslitika elə səviyyəyə çatıb ki, belə məqalələr keçmir! Bu, əks reaksiya doğurur.
Siz hesab edirsiniz ki, ölkədə diktatura deyil. Amma o hesab edir ki, diktaturadır.
Hesab eləyir, eləsin ey, amma bir forma tapmalıdır, bunun təsdiqini göstərməlidir, faktlar gətirməlidir. Bu, ruslar demişkən “Boyevoy listok”dur, bu, analitik məqalə deyil.
Sizin istinad etdiyiniz köşə yazısıdır, köşə yazısında da insanlar şəxsi fikirlərini deyirlər.
Şəxsi fikirlərin də forması olmalıdır. Bunu mən heç vaxt qəbul edə biımərəm.
Müsahibənin tam mətnini burada oxuya bilərsiniz