Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:42

Badamdar qəsəbəsinin namizədləri…


«Səbail rayonu ərazisində 3 bələdiyyə var. Bu bələdiyyələrə namizədlərin 98 faizi YAP üzvləridir»
«Səbail rayonu ərazisində 3 bələdiyyə var. Bu bələdiyyələrə namizədlərin 98 faizi YAP üzvləridir»
«Səbail rayonu ərazisində 3 bələdiyyə var. Bu bələdiyyələrə namizədlərin 98 faizi YAP üzvləridir. Əgər bu seçkilərdə rəqabət olacaqsa onların arasında olacaq».

Bu 29 saylı Səbail Seçki Dairəsindən namizədliyini verən Müsavat Partiyası yerli təşkilatının sədri Hüseyn Məlikdir. O, bələdiyyə seçkilərinin azad və ədalətli keçiriləcəyinə şübhə edir. Onun fikrincə, bundan ötrü hakimiyyətin siyasi iradəsi yoxdur.

Hüseyn Məlik deyir ki, hər şey icra strukturlarının seçimindən asılı olacaq. Müsavatçı namizəd fikirləşir ki, icra strukturları onun qələbəsini tanısalar belə vəziyyəti dəyişmək iqtidarında olmayacaq. Çünki başa düşür ki, bir nəfər bələdiyyə üzvünün yalnız nəyəsə müqavimət göstərməyə gücü çata bilər. Namizədliyini verməkdə məqsədi isə sadəcə bir vətəndaş olaraq axıra qədər mübarizə aparmaqdır.

BADAMDARDA TORPAQLAR SATILIB…

Hüseyn Məlik deyir ki, hələ bələdiyyələrin birinci dönəmində namizədliyini irəli sürdüyü Badamdar qəsəbəsindəki torpaqların 70 faizi satılıb. İkinci dönəmdə isə qalan torpaq sahələrini də satıb qurtarıblar. Hüseyn Məlikin deməsinə görə, artıq iş o yerə çatıb ki, Səbail rayonundakı bələdiyyələr bir-birlərinin ərazilərinə sərəncamlar verirlər:

«Badamdarda bir nəfər deyə bilməz ki, o torpaq alanda, həmin torpağın sərəncamını alanda pul verməyib. Bu mümkün deyil…»

Hüseyn Məlik deyir ki, məqsədi həm korrupsiya ilə mübarizə aparmaq, həm də bələdiyyələrin icra strukturlarından asılılığını aradan qaldırmaq istiqamətində əlindən gələni əsirgəməməkdir.
1992-1993-cü illərdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini işləmiş Hüseyn Məlikin iddiasına görə, əgər azad və ədalətli seçkilər olarsa, seçicilərin hakim partiyanın namizədlərinə səs vermədikləri kimsədə şübhə doğurmaz.

YAP BÖYÜK QÜVVƏDİR?

Badamdar qəsəbə bələdiyyəsinə hakim Yeni Azərbaycan Partiyasından namizədliyini verən Ramiq Mustafa da elə deməsinə görə xalqın səsinə arxayındır. Ancaq o, fərqindədir ki, hakim partiyanın namizədi olmaqla qüvvəsi iki qat artır. Ramiq Mustafa Badamdar bələdiyyəsinin sədr müavinidir. O hesab edir ki, bu 5 ildə Badamdar bələdiyyəsinin gördüyü işlər onlar üçün bir divident rolunu oynayacaq:

«Mən öz seçicim qarşısında üzərimə götürdüyüm vəzifələrin heç olmasa 50 faizini yerinə yetirməsəydim, namizədliyimi verməzdim. Mən birinci növbədə qəsəbə sakinlərinin səslərinə arxayınam».

Ramiq Mustafa deyir ki, bu 5 ildə qəsəbədə yaşayan kimsəsiz, şəhid, qaçqın ailələrə maddi yardımlar göstəriblər. Seçiləcəkləri təqdirdə bu layihələri davam etdirmək niyyətindədirlər. O cümlədən bura abadlıq işləri də daxildir. Onun fikrincə, əsas məqsədlərindən biri də vətəndaşların ictimai fəallığının artırılmasında bələdiyyələrin rolunu qabartmaqdır. Badamdar qəsəbəsindəki torpaqların satılmasına gəldikdə isə Ramiq Mustafa deyir ki, onların dönəmində bu tam qanuni və şəffaf şəkildə aparılıb:

«Biz konkret olaraq boş torpaq sahələrinin alqı-satqısını aparmadıq. Sadəcə olaraq istifadə edilən və zəbt olunmuş torpaqların qanuna uyğun olaraq sənədləşdirilməsini həyata keçirdik».

QƏBİRİSTAN MÜDİRİNİN SEÇİCİLƏRƏ SÖZÜ YOXDUR


Badamdar qəsəbəsindəki namizədlərdən biri isə həmin ərazidəki qəbiristanlığın müdiri Rauf Mayılovdur. Onun isə deyəsən heç təşviqat aparmaq fikri yoxdur. Hər halda bizimlə söhbətdə o seçicilərə sözünün olmadığını dedi:

- Yox mən bu söz söhbətə qarışmıram.
- Bəs istəmirsiniz ki, seçicilər sizi tanısın?
- Yox, yox! 100-ə qədər namizəd var, kim istəyirsə - istəsin mən istəmirəm…

«Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu deyir ki, əslində bəzi namizədlərin təşviqatdan qaçmasını təbii başa düşmək lazımdır. Çünki onlar başa düşürlər ki, seçicilər seçkinin taleyini həll etmir. Azər Rəşidoğlu düşünür ki, bu seçkilərinin bələdiyyə təyinatları adlandırılması daha doğru olardı. Sadəcə budəfəki özəllik ondan ibarətdir ki, təyinatlar zamanı rəqabət əsasan bir partiya arasında gedəcək…
XS
SM
MD
LG