Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:08

İndidən gələn ilin vergisini istəyirlər


2008-ci ilin yekunlarına və 2009-cu ildə qarşıda duran vəzifələrə həsr edilmiş kollegiya iclası
2008-ci ilin yekunlarına və 2009-cu ildə qarşıda duran vəzifələrə həsr edilmiş kollegiya iclası
Vergilər Nazirliyinin müxtəlif departamentlərindən fiziki şəxslərə zəng vurub yanvar ayında ödənilməli olan vergini qabaqcadan istəyirlər.

BAŞA ÇATMAMIŞ KVARTALIN VERGİSİ


Bu barədə AzadlıqRadiosuna müraciət edən Gülnar Əliyevanın dediyinə görə, Bakı şəhəri Vergilər Departamentinin 3 saylı filialından ona müraciət edib hələ başa çatmamış kvartalın vergisini ödəməsini istəyiblər. Gülnar Əliyeva deyir ki, ona müraciət edən vergi əməkdaşı deyib ki, iki gün ərzində 85 manat vergini ödəyib qəbzi departamentə təqdim etməlidir.

«Deyirəm ki, axı hələ verginin vaxtı deyil. Birdə ki mən hələ dekabr ayını işləyib başa vurmadan necə vergini ödəyə bilərəm? Deyir xanım mən sizi indiyə qədər zəng edib narahat etməmişəm, amma indi ilin sonudur, bizə də lazımdır».

«SİZ ÖDƏYİN VƏ QALIQ NÖVBƏTİ HESABAT DÖVRÜNDƏ NƏZƏRƏ ALINAR»

Gülnar Əliyeva deyir ki, o hazırkı işində indiyə qədər iki dəfə vergi və hesabat verib. Hər dəfə də 55 manat vergi ödəyib, amma indi ondan 85 manat istənilməsi də onun üçün təəccüblü gəlib.

«Deyirəm axı mən 85 manat yox, indiyə qədər 55 manat ödəmişəm, mənə müraciət edən vergi əməkdaşı deyir ki, yox sizin adınızın qarşısına 85 manat yazılıb və təcili ödəməlisiniz. Mən deyirəm ki, axı mənim vergim 85 manat olmur, deyir siz ödəyin və qalıq növbəti hesabat dövründə nəzərə alınar».

Gülnar Əliyevaya müraciət edən Bakı şəhəri Vergilər Departamentinin 3 saylı filialın həmin əməkdaşına müraciət edib məsələyə aydınlıq gətirməsini istədik. O isə verginin əvvəlcə ödənilməsində hər hansı problemin olmadığını bildirdi. Adının çəkilməsini istəməyən əməkdaşın bizə dediyinə görə, əslində hesabat yanvarın 1-dən 20-dək təqdim etməlidir, amma vergi ödəyicisi vergini hər ay ödəməlidir.
Məhəmməd Talıblı deyir ki, bütün bu məsələlər büdcə kəsirinin doldurulmasıyla bağlıdır
Qaldı ki, 55 manat əvəzinə vətəndaşdan 85 manat vergi istənilməsinə vergi əməkdaşı deyir ki, heç kimi hesablanmış vergidən əlavə vergi ödəməyə məcbur edə bilməz.

QANUNA ZİDD MƏSƏLƏ

Vergi mütəxəssisi Ədalət Abbasovsa deyir ki, hesabat dövrü başa çatmadan verginin əvvəlcədən istənilməsi qanuna zidd məsələdir. Vergi əməkdaşlarının kiməsə nə qədər vergi ödəmək barədə hər hansı bir göstəriş verməsinə gəlincə, ekspert bunun da qanunazidd bir məsələ olduğunu bildirir: «Elə məsələni heç kimə deməməlidirlər. Vergi ödəyicisinin hesabatında nə qədər vergi və ya nə qədər borc yaranırsa o da ödənməlidir».

Vergilər Nazirliyi isə yayılan məlumatları anlaşılmazlıq hesab edir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Fariz Səmədov deyir ki, bir tərəfdən vergi ödəyiciləri öz vergi öhdəliklərini tam başa düşmədiyindən düzgün məlumatlar vermir, bundan başqa kütləvi informasiya vasitələri məsələnin tam təfərrüatlarına varmadan bu məsələləri şərh edirlər.

Amma Fariz Səmədov bu məsələnin çox sadə bir izahı olduğunu deyir. Nazirlik rəsmisinə görə, birincisi, hər sadələşdirilmiş vergi ödəyicisi olduğunu deyən sadələşdirilmiş vergi ödəyicisi deyil, ikincisi, ola bilər ki, hansısa vergi ödəyicisinin sadələşdirilmiş vergi üzrə borcu olmasın, amma onun başqa vergi üzrə borcu olması mümkündür.

YANVAR AYINA NƏ BORC OLA BİLƏR?

İqtisadi İnnovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblı isə deyir ki, bütün bu məsələlər büdcə kəsirinin doldurulmasıyla bağlıdır. İqtisadçıya görə, bu problem çoxdan var və il başa çatmamış ilin sonuna yaxın büdcə kəsirinin olması ehtimalı çox böyükdür. Məhəmməd Talıblı deyir ki, büdcədə ümumi vəziyyət elə bir həddə çatıb ki, büdcə təyinatlı və digər müəssisələrdə əlavə gəlirlər barədə sərəncam vermək hüquqları gələn ildən onların əlindən alınır və bu məsələ mərkəzləşdirilmiş qaydada Maliyyə Nazirliyinə həvalə edilir:

«Ənənəvi olaraq indiyə qədər büdcənin kəsirləri Neft Fondunun transferləri hesabına doldurulurdusa, amma indi sadə vətəndaşların ödədiyi simvolik ödəmələri hesabına büdcəni doldurmaq kursu götürülüb».

Məhəmməd Talıblıya görə, yaranmış vəziyyət onu göstərir ki, 2010-cu ilin dövlət büdcəsi kəsiri bu ilki büdcə kəsirindən daha çox olacaq.
XS
SM
MD
LG