Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 05:55

Bizə hansı dəyərlər lazımdır?


Əslində, elə suallar var ki, bu vaxta qədər onlara cavab tapılmalı idi. Amma bu suala hələ də tam cavab tapılmayıb. Ötən əsrin 90-cı illərində müxalifət düşərgəsində bununla bağlı böyük müzakirələr keçirildi. Amma həmin vaxt müxalifət bu suala cavab tapa bilmədi. Hakimiyyətə gəldikdə isə onların mühafizəkarlığı belə axtarışlara ümumiyyətlə imkan vermir. Ölkənin Avropa Şurasına üzv olması belə təəssürat yaratdı ki, ən azı dövlət səviyyəsində qeyd olnunan məsələ ilə bağlı ciddi seçim edilib. Amma on il keçməsinə baxmayaraq Azərbaycan Avropa Şurasında «uzaq avtoritar ada» kimi qalır.

Azərbaycan rəsmiləri ölkənin Avropa Şurasına sıx inteqrasiyasına deyil, daha çox Avropa Şurasından qorunmasına çalışır. Burada çox təzadlı mənzərə yaranıb. Dövlət rəsmiləri avropalı kimi yaşamağa, ancaq asiyalı kimi idarə etməyə çalışırlar. Amma məsələ təkcə hansısa məmurların davranışı ilə müəyyən olunmur. Bu məsələnin yüz ildən çox tarixi var. Hətta problem ədəbiyyata da yol açıb, «Əli və Nino», «Studentlər» kimi gözəl romanlar yazılıb, fəlsəfi traktatlar ərsəyə gəlib.

AXUNDOVDAN BAŞLAYAN QƏRBÇİLİK


Azərbaycanın tarixi qəribəliklərlə zəngindir. Onun tarixində hətta bütün bəşəriyyəti təəccübləndirəcək detallar var. Orta statistik avropalı heç vaxt inanmaz ki, elmə və təhsilə bir o qədər də aludə olmayan ölkədə Nizami kimi böyük şəxsiyyət olub. Adam inana bilmir ki, indi fərdi təşəbbüsləri ilə bir o qədər də seçilməyən, ciddi etirazlar yarada bilməyən azərbaycanlılar arasında nə vaxtsa Nəsimi olub. Amma bunlar olub və bütün bunlar tarixdir. Eyni sözləri M.F.Axundov haqqında da demək olar. İnanılmazdır ki, keçmiş Çar Rusiyasının adi bir canişini məmurluqla yanaşı həm də ciddi bir problemi araşdırıb və «Kəmalüddövlə məktubları» kimi böyük bir fəlsəfi pamflet ərsəyə gətirib.

Axundova Şərqin Molyeri deyirlər, ancaq eyni uğurla ona Şərqin Volteri də demək olar. Amma cəmiyyətin indiki inkişafı və məzmunu ilə müqayisə edəndə bir o qədər də ürəkaçmayan detallar üzə çıxır. Bizim mədəniyyət hələ də dissident mədəniyyətini xatırladır. Ötən illər ərzində böyük dəyişikliklər baş verib. Məsələn, Azərbaycan latın qrafikasına keçib.

Axundov üçün bu, böyük arzu idi və bəlkə də o, inanmazdı ki, nə vaxtsa bu arzu gerçəkləşə bilər. Amma bununla belə, biz öz mədəniyyətimizin tam sahibinə çevrilə bilmirik. Bəlkə bunun səbəbi bir qədər haçalanmış ictimai şüurdur. Azərbaycanlı şüuru daim müxtəlif qütblər arasında «gəzişir».

Amma təqdirəlayiqdir ki, digər ölkələrdən fərqli olaraq burada məhz qərbçilik ciddi şəkildə təbliğ edilib və sistemləşdirilib. Digər ölkələrdə qərbçiliklə yanaşı eyni zamanda şərqçilik də böyük konseptual məzmuna malikdir. Azərbaycanda isə belə deyil. Fəlsəfə və politologiya tamam Qərb ruhundadır. Ədəbiyyatda bir qədər tərəddüd var və bu tərəddüd özünün gözəl əksini «Əli və Nino» romanında tapıb.

21-Cİ ƏSRİN SEÇİMİ


Tarixi inkişaf rəqəmlərlə ölçülmür. Elə bu səbəbdən «artıq 21-ci əsrdir və biz hamımız Qərbi seçməliyik» deməklə məsələ həll olunmur. Sadəcə bu prosesə marağı bir qədər artırmaq olar. Yüz il bundan əvvəl Azərbaycanda başqa vəziyyət idi. Hakimiyyətdə Axundovlar idi, cəmiyyətin böyük bir qövmü isə Novruzəlilərdən ibarət idi. İndi vəziyyət inversiya olunub, cəmiyyət daha çox Axundovlardan ibarətdir, amma idarəedənlər daha çox Xudayarbəyi xatırladırlar. Çox təzadlı vəziyyət yaranıb. Və getdikcə bu təzadlar kəskinləşir. Çox güman ki, nə vaxtsa bu kəskinlik keyfiyyət dəyişməsinə gətirib çıxaracaq. Onda hər şey öz yerini tutacaq və böyük mədəniyyət nəhayət ki, öz sahibini tapacaq.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Həmçinin oxu!

"Ölülər"in sonunda səhnəyə "Quran" gəlir
XS
SM
MD
LG