Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:52

Sovet ordusunu Bakıya kimlər çağırmışdı?


Bakıda Sovet qoşunları
Bakıda Sovet qoşunları

*Hər gün yenilənən Youtube Kanalımıza abunə olun - Azərbaycanda baş verənlərdən xəbəriniz olsun

«20 yanvar hadisələri zamanı birbaşa indiki baş nazir Artur Rəsizadənin imzası ilə Moskvaya teleqram vurulub və «qayda-qanun yaradılması» üçün qoşun yeridilməsinə ehtiyac olduğu bildirilib».

Belə bir iddianı «Turan» İnformasiya agentliyinə verdiyi müsahibəsində Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov səsləndirib.

«BU, TAMAMİLƏ HƏQİQƏTDİR»

20 yanvar deputat istintaq komissiyasında işçi qrupunun rəhbəri olmuş Səftər Nəhmədov deyir ki, əslində belə teleqramlar tək Artur Rəsizadənin imzasıyla getməyib. Onun sözlərinə görə, o vaxt komissiya bu hadisələri araşdıranda üzə çıxıb ki, yanvarın 13-dən sonra bütün dövlət qurumlarına tapşırılıbmış ki, kömək üçün Moskvaya müraciət etsinlər.

«Bu tamamilə həqiqətdir. İndi ola bilər ki, həmin şifrəli teleqramlar Moskvada olduğuna görə heç kim bunu boynuna almasın, amma biz o dövrdə komissiyada işləyəndə rayonların hamısına sorğu göndərmişdik. Və belə bir fakt ortalığa çıxmışdı. Misal üçün o vaxt Neftçala rayon icra komitəsinin sədri bizə cavab yazmışdı ki,

Səftər Nəhmədov

bəli sərhəd rayonu olduğu üçün Neftçalaya qoşun yeridilməsi qanunauyğun olub. Etibar Məmmədovun məlumatlı bir şəxsdir. Bu baxımdan da onun dedikləri həqiqətdir».

«PARTİYA BİLETLƏRİNİ ATANLAR YALNIZ SIRAVİ ŞƏXSLƏR OLUB»

Səftər Nəhmədov deyir ki, 20 yanvar faciəsindən sonra bir nəfər də olsun vəzifəli şəxs baş verənlərə etiraz olaraq istefaya getməyib.

«Ona görə ki, mütəşəkkil şəkildə Mərkəzi Komitə tərəfindən təşkil olunmuş teleqramları onlar Moskvaya özləri göndərmişdilər. Görün həmin dövrdə vəzifədə işləyən Mərkəzi Komitənin 1-ci katibi, Nazirlər Kabinetinin sədri, Respublika Prokurorluğu, DİN, DTK etiraz etdimi ki, Azərbaycana bu qoşun kontingenti nəyə lazımdır, nəyə gəlib. Çünki teleqramları özləri vurub. Baxın partiya biletlərini atanlar yalnız sıravi şəxslər olub. Vəzifədə işləyənlərdən biri nə vəzifəsindən istefa verdi, nə də partiya biletini təhvil verdi».

İNDİYƏ KİMİ İNKAR OLUNMAYAN FAKTLAR

Azərbaycan Xalq Cəbhəsinin iqtidarı dövründə baş nazir olmuş Pənah Hüseyn deyir ki, o vaxt yerli hökumətin Moskvaya müraciəti bir faktdır:

Pənah Hüseyn

«Belə bir sənədin olması 20 yanvar hadisələrilə bağlı olan istintaq materiallarında var idi. Bu da heç vaxt Artur Rəsizadə tərəfindən təkzib olunmayıb. Bu bir faktdır ki, vəziyyətin ağırlığı nəzərə alınaraq Azərbaycan hökumətinin adından belə bir teleqram gedib. Amma bu faktdır və indiyə qədər də bu inkar olunmayıb. Təbii ki, Rəsizadə bunu müstəqil şəkildə yazmayıb. Nə üçün onun imzasıyla bu müraciət olunub, bu da maraqlıdır. Buna təbii ki, o özü aydınlıq gətirə bilər».

Biz də Nazirlər Kabinetinə müraciət edib baş nazirin bu deyilənlərə münasibətini öyrənmək istədik, amma bu suallara cavab verən tapılmadı.

Sabiq baş nazir Pənah Hüseyn deyir bundan başqa Bakıdakı dördüncü ordunun qərargahından da Moskvaya müraciət olunub kömək istənilib.

Pənah Hüseyn deyir ki, AXC hakimiyyəti dövründə bu məsələni xeyli araşdırıblar. Amma adı çəkilən ordu özüylə gedəndə bütün sənədləri apardığından heç nə əldə edə bilməyiblər.

XS
SM
MD
LG