Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:40

Jurnalistin türmə gündəliyi-5 (Divarüstü rəqabət)


“Çeşmə” satirik qəzetinin redaktoru olmuş Ayaz Əhmədov MTN təcridxanasında yaşadıqları barədə “Dilim-dilimovun bir aprel tezisləri” adlı kitab yazmışdı. Hər bazar ertəsi 1996-cı ildə işıq üzü görən bu kitabdan ən maraqlı bölümləri təqdim edirik.

ƏVVƏLİ: Jurnalistin türmə gündəliyi-1 Jurnalistin türmə gündəliyi-2 (Bir aprel hoqqası) Jurnalistin türmə gündəliyi-3 (Qusik) Jurnalistin türmə gündəliyi-4 (Kamerada buraxılan qəzet)

Tezis: SİZONİYA VERNİSAJI

“V Parije, v obşestvennom tualete est nadpisi na russkom yazıke”

Vladimir Vısotskiy

Gəzinti hücrələrinin tavansızlığı onları akustik izolyasiya nöqteyi-nəzərindən xeyli zəiflədirdi.

Başqa sözlə desək, bir otaqdakı ahəstə danışıq qonşu gəzinti kamerasında aydın eşidildiyindən, məhbusların bir-birilə söhbətləşməsi təhlükəsi yaranırdı.

Buna görə təcridxananın gəzinti hücrələri yerləşən hissəsində güclü dinamik quraşdırılmışdı.

Məhbusları gəzintiyə çıxaranda rəis müavini öz otağındakı radionu dinamikə qoşur, musiqi sədaları ağız deyənlə qulaq eşidən arasında dəhşətli uyğunsuzluq əmələ gətirirdi.

Çekistlərin ehtiyat tədbirləri bununla kifayətlənmirdi.

Təmiz hava qəbul edən məhbuslara göz qoymaq üçün (məsələn, bir-birinə kağız atmasınlar, divarda, qapıda və oturacaqlarda yazı yazmasınlar, bir sözlə millətin təhlükəsizliyinə xələl gətirməsinlər) tavan səviyyəsində xüsusi eyvan quraşdırılmışdı.

Burada növbə çəkmək üstündə nəzarətçilər arasında daim mübahisə düşürdü.

Heç kim bostan müqəvvası kimi saatlarla bu eyvanda durmaq istəmirdi, ələlxüsus qışın soyuğunda və yayın cırhacırında.

Çekistlərin eyvan müqəvvalığı ətrafında apardığı mübahisələr çox vaxt öz həllini tapmır və bir nəticə kimi eyvan boş, məhbuslar isə nəzarətsiz qalırdı.

Eyvanın boş qalma dinamikasını gəzinti otaqlarının qapı və divarlarında əmələ gələn müxtəlif yazıların və şəkillərin sayı ilə izləmək olardı.

Qobustanın qaya rəsmləri kimi bu divar yazıları SİZOniyada məskunlaşan insanlar haqqında çox şey deyirdi.

Zənnimcə, ilk növbədə bu yazılar “MTN siyasətə qarışmır” deyə öyünən çekistlərlə qiyabi mübahisə aparırdı.

Rəngarəng məhbus yazılarında ölkəmizin siyasi təşkilatlar spektri geniş diapazonla təmsil olunurdu (aydın məsələdir ki, oyuncaq qurumlar və rəhbərpərəst partiyalar istisna olmaqla).

AXC və Müsavat üzvlərinin əl işləri daha çox nəzərə çarpırdı.

Bu iki təşkilat sanki bəhsə girmişdi: kimin yazısı daha əzəmətli görünəcək.

Emblemləri olmadığından “A”, “X” və “C” hərflərini xüsusi zövqlə divara həkk edən cəbhəçilərin yazısının yanında ertəsi gün bu hərflərdən bir qədər də iri Müsavat Partiyasının “qoşa dağ” simvolikası peyda olurdu (qonşudan qalma geri).

Bir neçə gündən sonra müsavatçıların emblemindən qıcıqlanan AXC mənsubiyyətli dustaq üçhərfli “sənət əsərinin” miqyasını bir qədər də böyüdürdü.

Eyni mütəmadiliklə kiminsə qayğıkeş əlləri Müsavat rəmzini də böyütməyə çalışırdı.

Həftələr keçdikcə 2 təşkilat arasındakı qrafik rəqabət göz həkimlərinin test cədvəlindəki nisbətlə öz həndəsi ölçülərini artırırdı.
Günlərin birində qiyabi mübahisəyə üçüncü tərəf müdaxilə etdi.

Bu fakt dərhal gözə çarpırdı, çünki “rəssamların” indiyədək istifadə etmədiyi boya – qırla “yaradılmışdı”.

Özü də müdaxilə olduqca kobud idi: AXC abbreviaturasının sonuncu, əzəmətli variantı yanında eyni kəmiyyətə (3 hərf), lakin tamamilə qeyri-siyasi məzmuna malik nalayiq söz yazılmışdı.

Gözlərimə inanmırdım. Məntiqim qulağıma pıçıldayırdı ki, SİZOniyada YAP və ya ADİP üzvü məskunlaşıb.

Axı bu qeyri-mümkün idi!

Digər tərəfdən AXC haqqında həmin nalayiq sözü daha çox məhz bu 2 təşkilatın üzvləri işlədərdi.

O birilər (partiyalar) ətini yesələr də, necə deyərlər, sümüyünü atmaz, söysələr də, bu üçhərfli sözdən istifadə etməzdilər.

Ədəbsiz “rəssam” məni çox da təəccüblənməyə qoymadı, elə ertəsi gün öz yeni “əsəri” ilə bütün şübhə və tərəddüdlərimi dağıtdı.

Nalayiq sözün müəllifinə məxsus dəst-xətlə və eyni nadir boya ilə yeni yazılan “A.Ə.P” hərfləri bütün nöqtələri öz yerinə qoyurdu.

Şübhə ola bilməzdi ki, bu, “Azərbaycan Əmək Partiyası” deməkdi (təkrar edirəm: “DEMƏKDİ” – ağlınıza başqa söz gəlməsin və xahiş edirəm ki, buradakı hər hansı hərfi dəyişmək fikrinə düşməyəsiniz).

Sanki mülahizələrimi təsdiq etmək üçün sonrakı günlər bir neçə yerdə öz ədəbsizliyinə görə geri qalmayan daha bir “sənət əsərləri” – “oraq-çəkic” nişanələri də çəkildi.

Bir müddət SİZOniyaya elə bil xəttatlıq epidemiyası düşdü.

Yeni-yeni divar yazılarının sayı durmadan artırdı: “GƏNCƏ”, “OMON”, “YURDDAŞ”, “ARTEZİAN”, “Az.MDP” və s.

Hətta yazı-pozu ilə o qədər arası olmayan boz qurdlar da özlərini saxlaya bilməmişdilər.

Onların epidemiyaya məruz qalan nümayəndəsinin əl işindən göründüyü kimi – “BOZ QRUD” - əlifbanın bütün hərflərini mənimsəsə də, onların (hərflərin) düzülüş ardıcıllığında bir qədər axsayırdı.

Təşkilatlar arasında keçirilən “tətbiqi-incəsənət” festivalına fərdlər də qoşulurdu: “SAŞA-YAŞA”, “polkovnik Hüseyn”, “Müz.”, “P.M.” – hər yazı bir insan taleyi, hər işarə bir zərrə həyat, azadlıq arzusu idi.

Bir sıra atalar sözü kimi “yazıya pozu yox” məsəli də MTN-də öz mənasını itirirdi.

Orta hesabla ayda 1 dəfə türmə heyəti gəzinti kameralarında iməcilik keçirir, qapı və divarlardakı əl işlərini pozurdular.

Pozmayanları da didir, qaşıyır, qaralayaraq oxunmaz hala gətirirdilər.

Bu da çekistlərin “əl işləri” idi.

Amma "barbarlara layiq bu vandallıq əməlləri" ilə “incəsənətdə” ilk addımlarını atan, yaradıcılıq ilhamının ilk sevincini dadan “sənətkarları” dayandırmaq qeyri-mümkün idi.

Çekist iməciliyindən heç bir həftə keçmirdi ki, SİZOniya “vernisajı” yeni-yeni qrafika nümunələri ilə zənginləşirdi.

Hiss olunurdu ku, məhbus-“rəssamlar” aylar və həftələrlə deyil, günlər və saatlarla püxtələşir.

Böylə sənət bayramına qoşulmamaq üçün həddən ziyadə tənbəl və ya şikəst olmalıydın.

Avqustun 2-də səhər “proqulkaya” çıxarkən al qırmızı kükürdlü kibritin bir qutusunu özümlə götürdüm.

Burada eyvanı boş görən kimi ilham pərisi məni qanadlarına alıb gəzinti kamerasının qapısına şığıdı.

Bircə dəqiqənin içində boz rəngli qapıda qırmızı kibrit kükürdü ilə yaradıcılıq iştahımı cilovladım. Amma...

Siz deməyin, elə həmin gün SİZOniya rəhbərliyi xüsusi iclasda türmə “rəssamlarına” qarşı müharibə elan etmiş, əcinnələrə bərk-bərk tapşırmışdı ki, bir neçə “sənətkarı” cinayət başında yaxalayıb ciddi cəzalandırsınlar.

Bu əmri yerinə yetirən TH ləqəbli nəzarətçi də xəlvəti yerdən məni pusurmuş.

...Qapıda yazdığım ifadəni başa çatdırmaq mümkün olmadı – nida işarəsinin nöqtəsini qoymaq istəyirdim ki, bircə an əvvəl kətan rolunu oynayan qapı “fırçamdan” uzaqlaşdı.

Əvəzində Tormoz Hüseynin hiddətli başı peyda oldu.

Hər şey elə sürətlə baş verdi ki, əcinnənin hədəqədən çıxan gözləri olmasaydı, nöqtəni düz onun alnına vurasıydım.

“Aha tutdum!” deyə qışqıraraq qapıdakı yazını qəzəblə, lakin çox diqqətlə nəzərdən keçirdi.

Üzünü yenidən mənə çevirəndə çöhrəsindəki qəzəb ifadəsindən əsər-əlamət yox idi, gülürdü:

- Bəsdi də! Nə vaxt ciddi olacaqsan?! – deyə incik hövsələsizlik tonunda sözünə davam etdi.

Onun qəzəbini susduran yazı belə idi:

LENİN S NAMİ

(ardı gələn bazar ertəsi)
XS
SM
MD
LG