Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:55

Kişilər Rusiyaya, qadınlar İrana…


Hər gün Astara sərhəd keçid məntəqəsinə İrana keçmək istəyən minlərlə insan toplaşır
Hər gün Astara sərhəd keçid məntəqəsinə İrana keçmək istəyən minlərlə insan toplaşır
- İrana nə üçün gedirik? Vəziyyətimiz pisdir, acından ölürük ona görə…

Hər gün Astara sərhəd keçid məntəqəsinə İrana keçmək istəyən minlərlə insan toplaşır. Onların sayı günbəgün artmaqdadır. Məntəqədə tək astaralılara yox, Azərbaycanın müxtəlif rayonlarından, hətta Orta Asiya respublikalarından gələnlərə də rast gəlmək olur. Çoxu da qadınlardır:

İRANA KARTOF DALINCA…

- İrana gedib kartof, makaron alıb gətiririk. Bilirsiz bizdə kartof neçəyədir? 80-60 qəpiyə. Orada 40 qəpiyə alırıq. Hökumətmiz bizə yaxşı baxsa, heç İrana getmərik. Mənim 5 uşağım var. İkisi əsgərlikdədir. Dolana bilmirik…

Qadınların əksəriyyətinin əllərində bağlama var. Onlar deyirlər ki, bu bağlamaları ayrı-ayrı sahibkarlar onlara verib. Bağlamanı İrana çıxarıb ünvana çatdırırlar. Hər kiloqrama görə onlara 2-3 manat pul ödənilir. İrandan isə kartof və digər kənd təsərrüfatı məhsulları gətirirlər:

- Mənim uşağım Murovdağda, sərhəd bölgəsində xidmət edir. Ərim yoxdur, başsız arvadam. Özümə də yardım vermirlər. Bəs mən neyləməliyəm? Mehriban Əliyeva bizə bir əncam çəksin də?

QADINLAR İRANA, KİŞİLƏR RUSİYAYA…

Astara şəhər sakini Fəridə İbayeva deyir ki, bundan əvvəl də bir neçə dəfə İranda olub. Növbədə onun qolunu sındırıblar. Həyat yoldaşını itirib. Bir qızı, bir oğlu var. Onların heç birisi işləmir. O deyir ki, İrana gedənlərin arasında qadınların çox olması təəccüblü deyil. İrana gedən qadınların əksəriyyətinin ərləri Rusiyayadadır. Bəzilərinin ərləri isə xəstədir:

- Ona görə də gedənlərin çoxu qadınlardır. Uşaqlarını saxlamaq üçün məcbur olub, İrana gedirlər. Orda ailələrinə çörək pulu qazanırlar…

Lənkəranda fəaliyyət göstərən «Ailə tədqiqatı» qeyri-hökumət təşkilatının sədri Rəsmiyyə Şükürovanın sözlərinə görə, bu rayonda hər on ailənin ikisinin başçısı çörək dalınca xaricə gedib. Elə kişilər var ki, Rusiyaya gedən kimi ailəsi ilə əlaqəni üzür. Üstəlik, münasib iş tapmaq da çətindir.

Rəsmiyyə Şükürova deyir ki, belə bir şəraitdə qadının çiyninə ailə saxlamaq kimi ağır bir yük düşür.

ETTELAAT VƏ İNSAN ALVERÇİLƏRİ TƏHLÜKƏSİ

Nəticədə bəziləri ya xarici ölkənin məxfi orqanlarının, ya da qadın alverçilərinin əlinə düşür. Rəsmiyyə Şükürova ehtimal edir ki, İran tərəfdən viza rejiminin ləğvi Azərbaycana narkotiklərin daşınmasını da sürətləndirəcək. İranın təbliğatı isə Azərbaycanda durmadan güclənəcək.

İş adamı Faiq Cəfərov isə deyir ki, Azərbaycan gömrük orqanları İrandan böyük həcmdə kənd təsərrüfatı məhsullarının gətirilməsinə məhdudiyyətlər qoyurlar. Nəticədə qiymətlər bir neçə dəfə qalxır. Adamlar da İrana gedir ki, ucuz məhsul alıb gətirsinlər.

AzadlıqRadiosunun «İşdən sonra» proqramının qonağı olan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev isə deyirdi ki, İrana axının güclənməsi tək iqtisadi amillərlə bağlı deyil. Onun fikrincə, bir çoxları da İrana məhz müalicəyə gedir:

- Bu da Azərbaycanda səhiyyənin vəziyyətini göstərir. Bəzən elmlər doktoru olan həkim də öz uşağını müalicəyə İrana göndərir.

Dünya Azərbaycanlıları Konqresinin sözçüsü Əlirza Amanbəyli isə deyir ki, İran birtərəfli qaydada viza rejimini ləğv etməklə Azərbaycanda təbliğat imkanlarını artırmaq istəyir. Məqsəd həm dini problemləri bəhanə edib sabitliyi pozmaq, həm də Azərbaycanın zəifliyini üzə çıxarmaqdır.
XS
SM
MD
LG