Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:30

Iranda klassik şairləri də senzura edirlər


Sizdə bu kitabın orijinalı var? İrandakı kitab dükanlarında fars ədəbiyyatı klassiklərinin əsərlərini almaq istəyən bir çox alıcılar satıcılara bu sualla müraciət edirlər.

Səbəb sadədir. İranda 14-cü əsrin satirik şairi Obeyd Zakanidən tutmuş 20-ci əsrin ən məşhur İran şairələrindən olan Foruğ Farroxzada qədər yüzlərlə klassikin əsəri ya qadağan edilib, ya da senzuraya məruz qalıb.

İSLAM ÖLKƏSİNDƏ RUHANİLƏRƏ QARŞI SATİRA QADAĞANDIR

Zakani “Mənalar kitabı”nda ruhanilərə qarşı elə kəskin ifadələr işlədib ki (onları müxtəlif şər qüvvələrə və heyvanlara bənzədib, dediklərini isə “riyakarlıq” adlandırıb) onun əsəri İranda İslam Respublikası qurulandan qadağandır.

Tehran Universitetinin təqaüddə olan fars ədəbiyyatı professoru A.T. deyir ki, bəzi kitablardan müəyyən hissələr çıxarılır, bəzilərində isə düzəlişlər aparılır, müəyyən sözlər və abzaslar “hakim rejimin ideologiyasına uyğun” dəyişdirilir.

İran şairəsi Foruğ Farroxzadın “Seçilmiş əsərləri”ndən isə onun “Mən günaha batdım, Dadlı bir günaha” adlı erotik şeiri “yoxa çıxıb”.

Əli Əkbər Dehxodanın monumental “Ensiklopedik lüğət”i 1930-ci ildən çap edilib. Orijinalda müəllif “Hicab” bölümündə “qadının hicabdan azad olmasını” alqışlayır.

Zəncanda kitab festivalı. 7 noyabr 2009
Kitabın müasir buraxılışında həmin bölüm dəyişdirilib - hicab alqışlanır və İslam Respublikasının qadın geyim qaydaları təsvir edilir.

Kitabın İran şahı haqqında bölümləri isə tamamilə çıxarılıb.

Halbuki müəllifin özü nəşriyyatlara məktub göndərərək “hətta səhv olsa belə, kitabının bir sözünü də dəyişməməyi” tələb etmişdi.

SAQQAL MÜQƏDDƏSDİR?

İrandakı nəşriyyatlardan birinin rəhbəri S.A. deyir ki, Mədəniyyət Nazirliyinə - çapına icazə verilməsi üçün onlarla kitab göndərib. “Mən bilirəm ki, yüzlərlə müəllif və kitablar var ki, onların çapına qadağa var.

Onlar uzun müddətdir ki, mənim təqdim etdiyim kitablardan 10-nun təsdiqini yubadırlar. Bunlar arasında klassik poeziya nümunələri də var, Qərb ədəbiyyatından tərcümələr də.

Məsələn, İran ədəbiyyatı tarixi haqda kitabda 61 düzəliş etməyimi istəyirlər. 11-ci əsrdə yazılan bir satirik şeirdə isə saqqal haqqında satira xoşlarına gəlməyib.

Deyirlər ki, saqqal müqəddəsdir və onu lağa qoymaq olmaz. Bu şeiri çıxart!”

20-ci əsr İran ədəbiyyatının ən ünlü simalarından olmuş və dini təməlçiliyi kəskin tənqid etmiş İrəc Mirzə isə tamamilə qadağandır.

Qərb ədəbiyyatının nümayəndələrindən olan Salman Rüşdinin əsərlərinin çapı mümkün deyil. Kolumbiya yazıçısı Qabriel Qarsiya Markesin “Mənim kədərli fahişlərim” əsəri, Amerika yazıçısı Den Braunun “Da Vinçi kodu” romanı da “qara siyahıdadır”.

"JAMBON"U NECƏ DƏYİŞDİLƏR?

Senzura o qədər güclüdür ki, hətta İslam Respublikasının banisi – mərhum ali dini lider Ayətulla Xomeyninin “Tovzihül-məsail” (“Məsələlərin şərhi”) əsərini də heç yerdə tapmaq mümkün deyil. Səbəb də odur ki, Xomeyni inqilabdan əvvəl yazdığı həmin əsərdə belə bir fikir var:

“Ayətullahların işi rəhbərə məsləhət verməkdir”.

Tehranda səyyar "kitab dükanı"
Bu isə Xomeyninin sonradan qurduğu və Ayətullahın dövlət başçısı olduğu İslam Respublikasının prinsipləri ilə uyğun gəlmir. İndi həmin əsəri nə senzura etmək istəyirlər, nə də çap edirlər.

Bəzən isə senzura absurd həddinə çatır. Məsələn, İranda məşhur aşbazlıq kitabı var. Müəllifi Roza Müntəzəmidir.

Əsər şah dövründə çap olunub və İranda aşbazlıq haqqında ən klassik əsər sayılır. Reseptlərin birində xörəyə “jambon” (yəni donuz budu) əlavə edilməsi də daxildir.

Senzura zamanı bunu dəyişib “jambone-Eslami” ediblər. Guya bununla başqa budları, məsələn hinduşka və s. budu nəzərdə tutublar. Halbuki belə bir ifadə tamamilə yerinə düşmür.

Amma qadağan olunmuş əsərləri qeyri-leqal şəkildə çap edib etibar etdiyi adamlara satanlar da var. Bundan başqa senzuradan keçməyən bir çox əsərlər İnternetə də yerləşdirilib.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG