Keçid linkləri

2025, 09 Aprel, çərşənbə, Bakı vaxtı 00:20

Çin Trampa cavab verdi – 34 faiz


ABŞ-Çin ticarət savaşı
ABŞ-Çin ticarət savaşı

Prezident Donald Trampın açıqladığı tariflərə cavab olaraq Çin aprelin 10-dan ABŞ idxalına əlavə 34 faiz rüsum tətbiq edir.

"Çin Birləşmiş Ştatları birtərəfli tarif tədbirlərini dərhal ləğv etməyə və ticarətdə fikir ayrılıqlarını bərabər, hörmətcil və qarşılıqlı faydalı əsasda məsləhətləşmələr yolu ilə çözməyə çağırır", - Çin Xalq Respublikası Dövlət Şurasının Tarif Komissiyasının bəyanatında deyilir.

Tramp aprelin 5-dən 185 ölkəyə qarşı 50 faizədək gömrük rüsumu tətbiq etmək qərarına gəlib. Çin üçün rüsum 34 faiz müəyyən edilib, lakin əvvəlki tədbirlər nəzərə alınmaqla, bu göstərici 54 faizə çatır.

"Bloomberg"in məlumatına görə, Trampın açıqlamasından sonra planetin 500 ən zəngin adamının sərvəti 208 milyard dollar azalıb.

Donald Tramp Ağ evin Gül bağında "Amerikanı yenidən zəngin edək" tədbirində qarşılıqlı tariflərlə bağlı çıxış edir.
Donald Tramp Ağ evin Gül bağında "Amerikanı yenidən zəngin edək" tədbirində qarşılıqlı tariflərlə bağlı çıxış edir.
2 aprel

Tramp dünyaya ticarət müharibəsi elan etdi. Siyahıda Azərbaycan da var

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlara idxal olunan mallara ötən əsrin əvvəllərindən bəri görünməmiş gömrük rüsumları tətbiq etdiyini açıqlayıb. O, yeni rüsumlarla əlaqədar aprelin 2-sini "Amerikanın qurtuluş günü" elan edib.

Aprelin 5-dən minimal 10 faizlik baza gömrük rüsumu qüvvəyə minəcək. Bu tarixdən əvvəl gəmilərə yüklənmiş mallar, tranzitin son mərhələsindədirsə, tarifə cəlb olunmayacaq. Qalan tariflər aprelin 9-dan işə düşəcək.

Siyahıya 183 ölkə və Aİ daxildir.

Lesoto — 50%

Çin — 34%

Yaponiya— 24%

Avropa İttifaqı — 20%

İsrail — 17%

Türkiyə - 10%

Böyük Britaniya — 10%;

Braziliya — 10%

...

Çin üçün tarif 54 faiz olacaq, çünki bundan əvvəl Tramp Pekinə 10 faiz rüsum tətbiq edib, sonra onu iki dəfə artırıb.

Rüsumlar cədvəli
Rüsumlar cədvəli

Rüsumlar bir sıra keçmiş SSRİ ölkələrini də əhatə edir:

Moldova – 31%

Qazaxıstan – 27%

Azərbaycan – 10%

Ermənistan - 10%

Gürcüstan - 10%

Ukrayna – 10%

Türkmənistan - 10%

Qırğızıstan - 10%

Tacikistan - 10%

Rusiya siyahıda yoxdur.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin ümumi həcmi illik ifadədə 1.9 dəfədən çox artaraq 1.75 milyard dolları üstələyib. Azərbaycan ötən il Birləşmiş Ştatlara 135 milyon dollarlıq (+8.4 dəfə), ABŞ Azərbaycana 1.61 milyard dollarlıq (+1.8 dəfə) məhsul ixrac edib.

Tramp düşünür ki, ticarət maneələri həm dost, həm də dost olmayan ölkələri ona güzəştə getməyə məcbur edəcək. "Bu gün Qurtuluş günüdür", – Tramp deyib. "Bu, Amerika tarixində ən mühüm günlərdən biri, Amerika iqtisadi müstəqilliyinin bəyannaməsidir".

Tramp bir daha Amerikanı yenidən böyük və zəngin edəcəyinə söz verib: "Ölkəmizi 50 ildən çoxdur soyublar. Bu, artıq olmayacaq".

Trampın vurğuladığına görə, ticarət tərəfdaşları Amerikaya ondan aldıqlarından daha çox mal satırlar və onların tarifləri Amerikanınkından daha yüksəkdir. O deyir ki, bugünkü "cavab" tarifləri oyun qaydalarını düzəltmək məqsədi daşıyır.

İqtisadçılara görə, tariflərin tətbiqindən hamı itirəcək, o cümlədən amerikalılar, onlar üçün təkcə idxal olunan deyil, bütün mallar bahalaşacaq. Birləşmiş Ştatların ticarət tərəfdaşları istər-istəməz cavab rüsumları tətbiq edəcəklər ki, bu da qlobal ticarətə zərər verəcək və bütün dünyada rifahın artımını yavaşladacaq.

XS
SM
MD
LG