Həbsdə olan jurnalist Fərid Mehralızadə deyir ki, onu AzadlıqRadiosunun Azərbaycan xidmətində yayımlanan iqtisadi mövzuda araşdırmalarına, təhlillərinə görə cəzalandırıblar. Onun fikrincə, həmin vaxt hökumət təmsilçiləri istintaqı davam edən "AbzasMedia" ilə bağlı cinayət işinə onu da qoşublar.
"Yəqin düşünüblər ki, onsuz da əlimizdə hazır qurama cinayət işi var, bunu da qataq onlara, getsin. İttiham tərəfi mənə "AbzasMedia"da "vəzifə" də verib, guya mən orada iqtisadçı ekspert olmuşam, ofisdə fəaliyyət göstərmişəm. Bu iddiaların hər ikisi yalandır", – F.Mehralızadə aprelin 8-də məhkəmədə ifadə verərkən belə deyib.
"AbzasMedia" ilə bağlı cinayət işi üzrə həbsdə olan 7 nəfərin, o cümlədən nəşrin təsisçisi və icraçı direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Abbasova (Vaqifqızı), koordinator Məhəmməd Kekalov, jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova və Fərid Mehralızadənin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Aprelin 8-də məhkəmədə təqsirləndirilən şəxslərdən AzadlıqRadiosunun əməkdaşı F.Mehralızadə ifadə verib. O, 2024-cü il mayın 30-da səhər saat 08:30 radələrində işə gedərkən başına torba keçirilərək zorakılıqla saxlanması, öncə naməlum yerə, ardından Bakı şəhər Baş Polis İdarəsinə aparılması, telefonunun şifrəsini verməkdən ötrü fiziki və psixoloji təzyiqlərə məruz qalmasından danışıb. F.Mehralızadə vurğulayıb ki, "AbzasMedia işi" üzrə şübhəli şəxs qismində cəlb olunsa da, gerçək səbəbin başqa olduğunu ilk gündən ona deyiblər: "Orada bir polis vardı, mənə dedi ki, "cavan oğlansan, sənə Azadlıq Radiosu lazımdır? Başını sal aşağı, həyatını yaşa da". Baxın, bu cinayət işində AzadlıqRadiosunun adı çəkilmir. Mən də ona yazılarımın radioda yayımlandığını deməmişdim. Həmin şəxsin bu ifadəni işlətməsi onu göstərir ki, həbsimin əsl səbəbi məhz AzadlıqRadiosunda yayımlanan yazılarımla bağlıdır".
O bildirib ki, ölkədə iqtisadi sahədə olan gerçəkləri dilə gətirirdi, onları konkret rəqəmlərlə ortaya qoyurdu. Məsələn, deyirdi ki, ölkənin ixracının 90, büdcə gəlirlərinin 50 faizinin neft-qaz sektoru hesabına təmin edilməsi Azərbaycan üçün ciddi risklər yaradır. Yaxud da işsizlik və yoxsulluq göstəricilərinin 5 faiz açıqlanması həqiqəti əks etdirmir və bunu alternativ hesablamalarla sübut edirdi.
""AbzasMedia"nın ofisinin heç yerini bilmədiyim halda..."
Jurnalistin sözlərinə görə, ittiham tərəfi onun "AbzasMedia"da işləməsi, oradan ödəniş alması ilə bağlı heç bir sübut tapa bilməyib. Onun və digər təqsirləndirilən şəxslərin "Signal" mesencerindən istifadə etməsini sübut kimi qiymətləndirib: ""AbzasMedia" bir çox dövlət rəsmisindən, millət vəkillərindən də müsahibə alıb. Onlar niyə istintaqa cəlb edilmir? Mən iqtisadçı kimi bir çox media resursuna və televiziya kanallarına müsahibələr vermişəm. Mən "AbzasMedia"nın ofisinin heç yerini bilmədiyim halda, yazıblar ki, guya orada fəaliyyət göstərmişəm".
Heç bir cinayət törətmədiyi halda, bir ilə yaxındır həbsdə saxlandığını deyən F.Mehralızadə hakimlərin nəzərinə çatdırıb ki, bu müddətdə övladı dünyaya gəlib, ancaq onunla zaman keçirə bilmir.
İfadəsinin sonunda isə yada salıb ki, qarşıdan Azərbaycanda milli mətbuatın yaranmasının 150-ci ildönümü gəlir. Ötən 150 ildə Azərbaycanda müstəqil medianın Həsən bəy Zərdabidən Sevinc Vaqifqızına və Hafiz Babalıyadək prinsipial və peşəkar insanların sayəsində ayaqda qaldığını deyən F.Mehralızadə vurğulayıb ki, nə mürtəce qanunlar, nə siyasi sifarişli həbslər bunun qarşısını ala bilər: "Siyasi motivli həbslər, bəlkə də, qısamüddətli perspektivdə kimlərəsə siyasi dividentlər qazandırır. Amma əmin olun ki, son nəticədə cəmiyyət olaraq hamımızın ziyanına işləyir. Media azadlığının olmadığı şəraitdə nəinki siyasi və iqtisadi inkişafdan, ümumiyyətlə, hansısa münasibətlər sisteminin inkişafından danışmaq olmaz. Uzun sözün qısası, müstəqil media susdurula bilməz!".
"Əlimdə tutduğum kitab Azərbaycan Respublikasının Konstitusiyasıdır. Bu cinayət işində tutduqları mövqedən sonra məndə belə təəssürat yaranıb ki, ittiham tərəfinin Azərbaycan Respublikasının Konstitusiyasından, xüsusilə də insan hüquq və azadlıqlarından bəhs edən hissədən xəbəri yoxdur. Ona görə də mən bu kitabı prokurora hədiyyə edirəm və ümid edirəm ki, bu istiqamətdəki biliklərini artıra biləcək", - F.Mehralızadə ifadəsini belə yekunlaşdırıb.
Daha sonra "Abzas Media"nın təsisçisi və icraçı direktoru Ülvi Həsənli Bakı İstintaq Təcridxanasından məhkəməyə pis şəraitdə gətirilməsindən şikayətlənib. O, hər il Penitensiar Xidmətə milyonlar ayılmasına baxmayaraq, dustaqların ağır şəraitdə gətirilib aparıldığını deyib. Hakim bununla bağlı Penitensiar Xidmətə müraciət edəcəyini bildirib.
Hazırda məhkəmədə şahidlərin dindirilməsi mərhələsi gedir.
Şahidlərdən Ənvər Cəfərov dindiriləndə təqsirləndirilən şəxslər və vəkillər ona sualları olduğunu bildirib. Hakim isə şahidi yola salıb. Bu da narazılığa səbəb olub. Təqsirləndirilənlər “şahid, şahid” deyə qışqırıblar.
Xatırlatma
"AbzasMedia" üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlanıb. Həmin gün nəşrin direktoru Ülvi Həsənli və direktor müavini Məhəmməd Kekalov saxlanılıb, onların evində, nəşrin ofisində axtarış aparılıb. Ofisdən 40 min avro pul tapıldığı iddia edilib. Ü.Həsənli ofisə pulu axtarış aparanların özlərinin atdığını bildirib.
Təqsirləndirilən şəxslərə qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırma, vergidən yayınma və başqa ittihamlar verilib. Bu ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Son 16 ayda Azərbaycanda qruplar halında 30-a yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 300 siyasi məhbus var. Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Amma beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup Qərb diplomatı da hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə təzyiqləri dayandırmağa çağırıb.