Keçid linkləri

2025, 05 Aprel, şənbə, Bakı vaxtı 21:19

''Abzas'çıları pul yox, xəbər qaçaqmalçılığında suçlamaq olar'


Nərgiz Absalamova
Nərgiz Absalamova

"AbzasMedia" nəşri ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlərdən Nərgiz Absalamova deyir ki, onları pul yox, xəbər qaçaqmalçılığında suçlamaq olar. Jurnalist yada salır ki, 2023-cü ilin iyununda hökumət Gədəbəyin Söyüdlü kəndinə giriş-çıxışı bağlayıb etirazçıları həbs edəndə onlar müxtəlif yollarla məlumat əldə edib, orada yaşananları ictimailəşdirirdilər.

"Bizi şəxsən İlham Əliyev həbs etdirib. Onun özünün və hökumətinin qanunsuz əməllərini ifşa etdiyimizə görə…", - N.Absalamova aprelin 1-də məhkəmədə ifadə verərkən belə deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə N.Absalamova ilə yanaşı, "AbzasMedia işi" üzrə həbsdə olan yeddi nəfərdən daha ikisi – "Turan" informasiya agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı Məhəmməd Kekalov da ifadə verib.

Məhəmməd Kekalov
Məhəmməd Kekalov

"Mirşahinin verilişlərində… nə qədər beynəlxalq təşkilat adı eşitmişdimsə…"

M.Kekalov deyib ki, istintaqdakı ifadələrini təsdiqləmir, layihə yazması, beynəlxalq təşkilatlardan "AbzasMedia"nın təsisçisi Ülvi Həsənli ilə birlikdə qrantların alınmasında iştirakı haqda yazılanlar həqiqət deyil. Onun sözlərinə görə, nə layihə yazıb, nə də qrant alıb, sadəcə, tərcüməçi olub: "Müstəntiqlər məcbur edirdilər ki, ad çəkim. Mən Mirşahinin verilişinə baxırdım. Orada nə qədər beynəlxalq təşkilat adı eşitmişdimsə, hamısını istintaqda dedim ki, bu təşkilatlardan pul almışıq. Əslində isə nə pul almışam, nə alanı görmüşəm, nə də pul gətirmişəm. Bezdim, belə bir ifadə verdim".

Əlillər üçün moda proqramları təşkil etdiyini deyən M.Kekalov deyir ki, hazırda onunla birlikdə mühakimə olunan jurnalistlərin çoxunu orada çəkiliş apardıqları vaxtdan tanıyır. Təqsirləndirilən şəxslərdən AzadlıqRadiosunun əməkdaşı Fərid Mehralızadəyə gəlincə, Kekalov bildirib ki, onun "AbzasMedia" ilə əməkdaşlığı olmayıb: "Onunla xaricdə bir tədbirdə qarşılaşmışdıq. Amma qaldığımız otellər belə, başqa-başqa idi".

Ardından ifadə verən jurnalist N.Absalamova bildirib ki, əgər onlar da prezident İlham Əliyevin siyasətini tərifləməyə razılaşsaydılar, indi həbsdə olmazdılar: "Bizdən bunu istəyirdilər. Bizsə araşdırdıqca onun dəhşətli korrupsiya əməllərini görürdük".

N.Absalamova prokuror Rauf Malışovun suallarını cavablamaqdan imtina edərək deyib ki, bu məhkəmə prosesi hüquqi yox, siyasi prosesdir, bu üzdən, cavab vermək istəmir. O vurğulayıb ki, əgər gerçək məhkəmə olsaydı, bütün faktlara hüquqi qiymət verilsəydi, o da sualları cavablandırardı.

Hafiz Babalı
Hafiz Babalı

"1937-ci il repressiyalarını törədən canilər kimi..."

Jurnalist H.Babalı ifadəsində göstərib ki, ona qarşı ittihamların əsasında yalnız M.Kekalovun ifadəsi dayanır. O da həmin ifadələrindən məhkəmədə boyun qaçırıb: "Bu cinayət işinin mahiyyəti Azərbaycan hakimiyyətinin despotik və kleptokratik xislətindən doğur. Vicdanı olan hər kəs bilir ki, bizim günahımız Azərbaycandakı həqiqətləri cəmiyyətə obyektiv, bəzək-düzəksiz çatdırmağımızdır. 1937-ci il repressiyalarını törədən canilər kimi, bizlərə qarşı terrorda əməyi keçən müstəntiqlər, prokurorlar, sifarişçilər də tarix və ədalət məhkəməsi önündə cavab verəcək".

H.Babalı saxlandığı Bakı İstintaq Təcridxanasında onunla bağlı qeydiyyat kitabçasında adının qarşısında "müxalifyönlü", "bloqer", "şər-böhtana meylli" kimi ifadələrin yazıldığını da söyləyib. Belə ifadələrin gerçəyə uyğun olmadığını vurğulayan jurnalistin sözlərinə görə, bu, həm də həbsinin siyasi motivli olmasını sübut edir.

"AbzasMedia işi" üzrə həbs olunanlardan yalnız AzadlıqRadiosunun əməkdaşı Fərid Mehralızadənin ifadəsi qalıb. O, aprelin 8-də keçiriləcək növbəti iclasda dindiriləcək.

Xatırlatma

"AbzasMedia" üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlanıb. Həmin gün nəşrin direktoru Ülvi Həsənli və direktor müavini Məhəmməd Kekalov saxlanılıb, onların evində, nəşrin ofisində axtarış aparılıb. Ofisdən 40 min avro pul tapıldığı iddia edilib. Ü.Həsənli ofisə pulu axtarış aparanların özlərinin atdığını bildirib.

"AbzasMedia işi" üzrə toplam yeddi jurnalist həbsdədir. Təqsirləndirilən şəxslərə qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırma, vergidən yayınma və başqa ittihamlar verilib.

Bu ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Son 1 il 4 ay ərzində Azərbaycanda qruplar halında 30-a yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 300 siyasi məhbus var.

Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup Qərb diplomatı isə hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə basqıları dayandırmağa çağırıb.

XS
SM
MD
LG