Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:29

Ekspert: «Polis aça bilmədiyi cinayəti qeydiyyata almır»


Sabiq polis rəisi, Elmi-Praktik Hüquq Mərkəzinin eksperti Mahmud Hacıyev
Sabiq polis rəisi, Elmi-Praktik Hüquq Mərkəzinin eksperti Mahmud Hacıyev
KASIBÇILIQ O QƏDƏR ARTIB Kİ…

- Dövlət yaxşı işləmir. Rüşvət çoxalıb, rüşvət çoxaldıqca cinayətlərin sayı da artır.

- Cinayətkarlıqla mübarizəni necə qiymətləndirirsiniz?

- Çox pis. Heç kim mübarizə aparmır. Keçən dəfə türmədən 900 nəfər buraxdılar, bir ayın içində də 900 nəfər türməyə getdi. Bu nəyi göstərir? Göstərir ki, hər bir vətəndaş işlə təmin olunsa, heç vaxt cinayət etməz. Kasıbçılıq o qədər artıb ki, məcburdur cinayət eləsin, oğurluq eləsin, ailəsini dolandırsın.

Azərbaycanda cinayətlərin sayı artıb. Bunu həm ictimaiyyət, həm də rəsmi statistika təsdiqləyir. Daxili İşlər Nazirliyinin ötən illə bağlı yekun hesabatında qeyd olunur ki, 2008-ci illə müqayisədə ötən il ölkə üzrə bir çox cinayətlərdə artım müşahidə olunub. Məsələn, qəsdən adam öldürmə, adam öldürməyə cəhd çoxalıb. Rəsmi statistikaya görə, cinayətlərin sayı artsa da, onunla mübarizə də yüksək səviyyədə aparılır. Elə nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov da bu fikirdədir:

AZƏRBAYCANDA CİNAYƏTKARLIQLA MÜBARİZƏNİN SƏVİYYƏSİ YÜKSƏKDİR

Daxili İşlər Nazirliyinin ötən illə bağlı yekun hesabatında qeyd olunur ki, 2008-ci illə müqayisədə ötən il ölkə üzrə bir çox cinayətlərdə artım müşahidə olunub
- Nəinki MDB dövlətləri arasında, hətta Avropanın bir sıra dövlətləri arasında cinayətlərin sayının həm azlığına, həm də açılma faizinə görə Azərbaycan ilk yerlərdən birini tutur. Bu da onu göstərir ki, Azərbaycanda cinayətkarlıqla mübarizənin səviyyəsi yüksəkdir və düzgün təşkil olunur.

Lakin söhbətləşdiyimiz Bakı sakinləri belə fikirləşmir:

- Azərbaycanda deyirsiniz? Əvvəlki illərə baxanda artıb.

- Sizcə bu, nədən qaynaqlanır?

- Ən çox camaatın maddi durumundan, işsizlikdən.

«Əvvəllər xəbərləri izləyəndə elə də çox cinayət hadisələrinə rast gəlinmirdi. İndisə hər gün xəbərlərdə cinayətlərdən danışılır, hər gün» - deyən müsahimin fikrincə, cinayətlərin törədilməsində başlıca amil insanların maddi imkansızlığıdır:

- Məncə, cinayətlərin çoxu, ailə münaqişələri sosial durumdan irəli gəlir.

RƏSMİ STATİSTİKA

2008-ci illə müqayisədə ötən il əvvəllər məhkum edilmiş şəxslər tərəfindən törədilən cinayətlərin sayı 16% , işləməyən və oxumayanlar tərəfindən 10,6%, qadınlar tərəfindən 6,5%, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı isə 5,8% artıb.

Ötən il ərzində 15217 şəxs cinayət məsuliyyətinə cəlb edilib, onlardan 83,1% -ni işləməyənlər və oxumayanlar, 13,1%-ni qadınlar, 11,9%-ni əvvəllər məhkum edilmişlər, 2,2%-ni isə yetkinlik yaşına çatmayanlar təşkil edib.

O ki qaldı bu ilin ötən 3 ayı ərzində baş verən cinayətlərə, Daxili İşlər Nazirliyinin rəsmisi Ehsan Zahidov deyir ki, bu il törədilən cinayətlərin sayında nə artım, də azalma yoxdur:

ƏN ÇOX BAŞ VERƏNLƏR YOL-NƏQLİYYAT HADİSƏLƏRİDİR

- Üç ayın göstəricilərinə görə, cinayətlərin sayı stabil qalıb, artımda-azalmada bir o qədər fərq yoxdur, cinayətlərin açılması yüksəlib. Ən çox baş verən hadisələr yol-nəqliyyat hadisələridir, vətəndaşların bir-birlərinə dələduzluq cinayətləri ilə zərər vurmalarıdır, bir az oğurluqlar var. Belə cinayətlərdir.

Sabiq polis rəisi, Elmi-Praktik Hüquq Mərkəzinin eksperti Mahmud Hacıyev isə deyir ki, ölkədə baş verən cinayətlərin rəsmi statistikası heç də reallığı əks etdirmir:

AÇA BİLMƏDİYİ CİNAYƏTİ QEYDİYYATA ALMIR

- Son 10 ildə demək olar ki, polisdə bir xroniki xəstəlik yaranıb. Məsələn, gizli şəraitdə baş vermiş cinayətlər olur, polis onun açılmasında acizlik göstərir, aça bilmədiyi üçün onu qeydiyyata almır. Belədə statistik rəqəmlərə o qədər də bel bağlamaq olmur. Cinayətkarlığa qarşı mübarizədə əsas odur ki, statistik rəqəmlər real müstəviyə yaxın olsun. Əgər yaxın olmursa, onun qarşısının alınması yönümündə həyata keçirilən profilaktik tədbirlər o qədər də güclü rol oynamır.

Mahmud Hacıyevin fikrincə, müşahidələr cinayətlərin sayının statistik rəqəmlərdəkindən çox olmasından xəbər verir:

- Oğurluq cinayətlərində, gizli şəraitdə baş verən cinayətlərdə artım var. Xüsusilə şəxsi əmlak oğurluqlarında və mənzil oğurluqlarında artım var. Qətl hadisələrində də artım var.

Ekspert hesab edir ki, gizli şəraitdə törədilmiş cinayətlərin qeydiyyata alınmaması həm də polislərimizin qeyri-peşəkarlığından xəbər verir:

POLİSİN PEŞƏKARLIĞI AŞAĞI DÜŞÜB

- Polisin son illərdə peşəkarlığı nisbətən aşağı düşüb. Ona görə də aça bilmədiyi cinayətlərin müəyyən qismi qeydiyyata alınmır.

Ekspert hesab edir ki, cinayətlərin artması sosial-iqtisadi göstəricilərin obyektiv nəticəsidir:

- Tamah motivi ilə baş vermiş cinayətlərin artımına birbaşa təsir edən sosial-iqtisadi durumdur.

Mülkiyyət əleyhinə cinayətlərin artmasında isə böyük rolu qanundakı boşluqlar oynayır. Bunu da ekspert deyir:

- Orda da yenə sosial-iqtisadi durum və qanundakı boşluqlar, insanlar arasında dələduzluq və tamahkarlıq faktlarının artması təsir edir.

Hər bir cinayət əməlini reallaşdıran əslində, insanın əli, ayağı, fiziki orqanları yox, onun daxilində baş verən psixoloji proseslərdir
Psixoanalitik Elmir Əkbər isə deyir ki, əslində cinayətlərin törədilməsində əsas amillərdən biri son vaxtlar insanlarda sürətlə yaranmaqda olan psixoloji pozğunluqdur:

KRİMİNAL TƏFƏKKÜR

- Hər bir cinayət əməlini reallaşdıran əslində, insanın əli, ayağı, fiziki orqanları yox, onun daxilində baş verən psixoloji proseslərdir. Cinayət isə sadəcə bu proseslərin təzahür formalarıdır. İzlədiyimiz verilişlər, gündəlik həyatımızda rastlaşdığımız adi aqressiyalar, insanlarda yaranan qeyri-tolerant baxışlar, davranışlar, dözümsüzlük, bu özü də sonda cinayətə gətirib çıxarır. Bir də sosial durum, çətinliklər, bunların hər birinin çox ciddi rolu var. İnsanların bugünkü gündə reallaşmamış çox tələbləri, emosiyaları, təbii ehtiyacları var. İstər maddi, istərsə də mənəvi. Elə bunun özü də insanlarda kriminal təfəkkürün işə düşməsi üçün bir açardır.

«Özü də dəhşətlisi odur ki, evin, ailənin içində bacı qardaşı öldürür, ana balanı öldürür. Hamısının başında pul, var-dövlət dayanır» – əhər sakini Zəminə Ələsgərova deyir ki, artıq qulaqları telekanallardan belə xəbərlər eşitməyə alışdığından bu tipli məlumatlar onun üçün adiləşib.

Ancaq müsahibim həm də yaxşı başa düşür ki, əslində qulaqlarının hər gün kriminal xəbərlərə alışması heç də yaxşı əlamət deyil.
XS
SM
MD
LG