Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:20

«Eynullaya qarşı dəhşətli yanlış mühakiməyə son qoymalıdır»


«Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hakimiyyətinin bir jurnalistin söz azadlığını pozması qənaətinə gəlib. Məhkəmə altının birə səs nisbətilə jurnalist Eynulla Fətullayevin azadlığa buraxılmasını tələb edib», beynəlxalq «Human Rights Watch» insan haqları təşkilatı aprelin 22-də yaydığı bəyanatında belə deyir. Elə həmin gün Avropa Məhkəməsi Eynulla Fətullayevin işilə bağlı qərar verib. Qərarda deyilir ki, Eynulla dərhal azadlığa buraxılmalıdır və hakimiyyət ona 25.000 avro təzminat ödənməlidir.

«Bu qərar Eynullaya qarşı dəhşətli yanlış mühakiməyə son qoymalıdır. Azərbaycan hakimiyyəti onu azad etməlidir», bunu Human Rights Watch-un Cənubi Qafqaz üzrə tədqiqatçısı Giorgi Qoqia deyir.

«Realnı Azərbaycan» və «Gündəlik Azərbaycan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev ilk dəfə 2007-ci ildə xocalıların şərəf və ləyaqətini təhqir etmək ittihamıyla 2 il 6 aylığa həbs olunub. Daha sonra vergidən yayınma və terrorçuluğu qızışdırma ittihamlarıyla onun cəzası 8 il 6 aya çatdırılıb. Hazırda Eynullanın daha bir məhkəməsi gedir. O, həbsdə qanunsuz olaraq narkotik maddə saxlamaqda ittiham olunur. Jurnalist və hüquq-müdafiə təşkilatları məqsədin onun həbsdə qalma müddətinin uzadılması olduğunu deyir.

«Bu yeni ittihamların məqsədi açıq-aşkar Eynullanı daha da qorxutmaq, onu həbsdə saxlamaqdır. Hökumət dərhal Eynullaya qarşı bütün ittihamları ləğv etməli, onu azadlığa buraxmalıdır», Qoqia əlavə edib.

«Human Rights Watch»un bəyanatında daha sonra deyilir ki, Azərbaycanda media azadlığı pis dövrünü yaşayır. Hakimiyyət tez-tez jurnalistlərə və ictimai fəallara qarşı böhtan, narkotik saxlama, xuliqanlıq kimi saxta ittihamlar irəli sürür. Avropa Məhkəməsinin qərarında qeyd olunur ki, Fətullayevə qarşı qərəzli hökm və sərt cəzalar jurnalistlərin söz azadlığına mənfi təsir göstərəcək, mətbuatı ictimai problemləri açıq müzakirə etməkdən çəkindirəcək.

«Azərbaycan hakimiyyəti adamları fikirlərini ifadə etməyə görə cəzalandırmağa son qoymalıdır. Böhtan və təhqirə görə cəza nəzərdə tutan maddələr də ləğv olunmalıdır», bunu da Human Rights Watch-un Cənubi Qafqaz üzrə tədqiqatçısı Giorgi Qoqia deyir.
XS
SM
MD
LG