Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:34

«Hakimiyyətin siyasəti dalana dirənib»


Kiro Manoyan
Kiro Manoyan
Levon Ter-Petrosyanın «Milli Konqresi» öz bəyanatında bildirir ki, prezident Sarkisyan protokolların təsdiqini dondurmaqla sadəcə xalq qarşısında simasını qorumaq istəyir.

Əvvəlcə Ermənistan prezidenti Sarkisyanın Türkiyəylə imzalanmış protokolların parlamentdə təsdiqini dondurması qərarına Yerevandakı reaksiyalar barədə.

Daşnaksutyun Partiyasının liderlərindən olan Kiro Manoyan - Ermənistanın hələ də həmin protokollardakı imzasından imtina etməməsini təhlükəli sayır:

«Bu təhlükəni aradan qaldırmaq lazımdır və imzanı geri çağırmaq lazımdır. Prezidentsə bunu etməyib. Özünün dediyinə görə, bunu ondan beynəlxalq tərəfdaşlar xahiş edib. Mənsə inanıram ki, ona təzyiq ediblər ki, öz imzasından imtina etməsin».

Müxalifətdəki digər güclü partiya – Levon Ter-Petrosyanın Milli Konqres Partiyası isə Sarkisyanın bildirdikləri ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, «hakimiyyətin bir tərəfdən protokolların təsdiqini dondurması, digər tərəfdən isə Türkiyə ilə münasibətləri nizamlamaq prosesindən çıxmaması onu göstərir ki, indiki iqtidarın siyasəti dalana dirənib, onların

NÖVBƏTİ ADDIMLAR HAQDA PLANI YOXDUR.

Elxan Mehdiyev
Sadəcə istəyirlər ki, xalq və beynəlxalq ictimaiyyət qarşısında öz simalarını qorusunlar».

Azərbaycandakı ekspertlər də Ermənistan tərəfinin arzuolunmaz vəziyyətə düşməsi qənaətindədirlər.

Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev düşünür ki, Ermənistanın prosesi dondurması haqda bəyanatı yersiz görünür. Çünki faktiki olaraq Ermənistandan əvvəl Türkiyə prosesi dondurmuşdu. Yerevana yol göstərmişdi ki, münasibətlərin normallaşdırılmasının açarı Qarabağ probleminin nizamlanmasındadır:

«Yəni, gedin Azərbaycanla məsələni həll edin, biz sonra sərhədləri açarıq».

Elxan Mehdiyev deyir ki, Türkiyənin Baş naziri Ərdoğan bu sözləri bu yaxınlarda bir daha Vaşinqtonda Sarkisyanın üzünə deyəndən sonra Yerevanın olan-qalan ümidləri də puç oldu:

«Yerevan ümid edirdi ki, Amerika, Fransa vasitəsilə Türkiyəyə təzyiq edib sərhədi açdıracaq, izolyasiya vəziyyətindən çıxacaq, güclənəcək və son nəticədə Azərbaycana Qarabağ məsələsində öz şərtlərini diktə edəcək. Amma onun bu ümidləri boşa çıxdı».

Elxan Şahinoğlu
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, Ermənistanın protokolların təsdiqini dondurması beynəlxalq səviyyədə

QARABAĞ PROBLEMİNİN AKTUALLIĞINI ARTIRACAQ.

«Böyük dövlətlər daha yaxşı anlayacaqlar ki, regionda stabilliyin əldə edilməsi üçün Qarabağ probleminin həlli nə qədər vacibdir».

Elxan Şahinoğlu həm də hesab edir ki, Sarkisyanın protokolların təsdiqini dondurması Amerika prezidenti Obamaya ünvanlanan bir mesajdır:

«Bununla o demək istəyir ki, biz protokolları ratifikasiya etmək istərdik, amma Türkiyə konstruktivlik göstərmir. Amma mən düşünmürəm ki, Sarkisyanın bu mesajının bir effekti olacaq».

Obama aprelin 24-dəki çıxışında güman ki «soyqırımı» ifadəsini işlətməyəcək, uzaqbaşı keçən il işlətdiyi ifadə ilə kifayətlənəcək».
XS
SM
MD
LG