Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:33

«Bizi ZQAN-ın caynağından qurtarın»


Sahibkarların aksiyası, 27 aprel 2010
Sahibkarların aksiyası, 27 aprel 2010
Öz aralarında şikayətlənə-şikayətlənə, əllərində «Bizi ZQAN-ın caynağından qurtarın», «Obyektlərimizi istəyirik» sözləri yazılmış plakatlar tutan bir dəstə adam ZQAN Holdinqin binasına yaxınlaşdı. Onlar Bakının 28 may metrostansiyasının yaxınlığındakı «Cəfər Cabbarlı» və Akademik Dövlət Dram Teatrının yanındakı «Beşmərtəbə» deyilən keçidlərdə ticarətlə məşğul olan sahibkarlardır. Daha doğrusu, vaxtilə məşğul olan. Çünki ticarətçilər daha onların o keçidlərə yaxın buraxılmadığını, keçidlərdəki mağazaların təmirdən sonra ZQAN-Holdinqə verildiyindən şikayətçi idilər.

HEYDƏR ƏLİYEV TAPŞIRMIŞDI Kİ...

«Mən I qrup Qarabağ əliliyəm. 97-ci ildə Heydər Əliyev tapşırmışdı ki, bizə yer ayrılsın Cəfər Cabbarlı keçidində. Biz də orda işləməyə başladıq. Amma sonra keçiddə təmir oldu, keçidi verdilər Nəqliyyat Nazirliyinə. Nazirlik də burdakı mağazaları öz adamlarına icarəyə verdilər».

«Keçid təmirə bağlanandan sonra demişdilər ki, yenə də siz icarəyə götürəcəksiz».

«Burda mənim 60 kvadrat yerim olub. 2001-ci ildə təmirə bağlandı. 7-8 il sonra açıb başqalarına satdılar. Mənim icarə müqaviləm var əlimdə».

«Mən şəhid atasıyam. Çingizxan Kərimovun atasıyam. Adına küçəni, abidəsini YAP-çı Əli Əhmədov özü açıb. Özüm də Qarabağ veteranıyam. İndi mənə qoruduğum torpaqdan bir metr vermirlər».
Sahibkarlar icarə müqaviləsini təzələmək istəyirlər, amma get-gələ düşüblər.

«ZQAN» DANIŞMADI

Sahibkarların nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus ZQAN Holdinqin qarşısına gəlməkdə məqsədləri isə bu işdə şirkətin adının hallanmasıdır:

«Bizə deyiblər ki, biz qarışmırıq. Gedin ZQAN-a. Xandadaş Bağırov deyib».

- Kimdi Xandadaş Bağırov?

«Nəqliyyat Nazirliyinin ümumi şöbəsinin müdiri».

ZQAN Holdinqin rəhbərliyilə danışıb məsələyə aydınlıq gətirilməsini istədik. Amma holdinqin rəhbərliyi bizimlə danışıb barələrində səslənənlərə aydınlıq gətirməkdən imtina etdi.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə deyir ki, sovet dövründə olan bütün yeraltı keçidlərdən təyinatı üzrə istifadə olunması nəzərdə tutulub:

KİMƏ YER VERİLİB, KİM QALIB?

«Orda indi bir neçə mağazadır. Bütün ticarətçilərə orda mağaza vermək imkanı yoxdur. Kimlərəsə verilib».

Bu «kimlər» hansı meyarlarla seçilib? ZQAN Holdinqin bu məsələyə nə dəxli var?

Namiq Həsənov bu sualların cavabında bildirdi ki, o, məsələnin təfərrüatına qədər bilmir, sadəcə bildiyi odur ki, keçidlərin təmirini başqa şirkət aparır, ordakı mağazaların satışıyla da kimsə məşğul olur. Namiq Həsənovun sözlərinə görə, keçidlərdəki mağazalarda yerlə təmin olunmayan sahibkarlara isə başqa yerlər təklif olunub, ancaq sahibkarlar razılaşmayıblar.

BƏZİ SUALLARIN CAVABI MƏHKƏMƏDƏDİR

Hüquqşünas İntiqam Əliyev deyir ki, sahibkarların öz hüquqlarını müdafiə etmək üçün məhkəmə perspektivi var. Baxmayaraq ki, mağazalar özəlləşdirilməyib, yalnız icarəyə verilib, bununla belə icarə müqavilələrinin ləğv olunmasıyla bağlı məsələlər məhkəmə predmeti ola bilər.

İcarə müqaviləsinə nə vaxt xitam verilib? Tərəflərin razılığıylamı olub?

Tərəflərdən birinin narazılığı olduğu haldamı verilib? Bu suallara məhkəmədə cavab axtarıla bilər, hətta sahibkarlar kompensasiya da tələb edə bilərlər. Məhkəmənin qərarı onları qane etməsə, mülkiyyət hüquqlarını əllərində əsas tutub beynəlxalq məhkəmə instansiyalarına müraciət edə bilərlər.

Aprelin 27-də ZQAN Holdinqin qarşısında etiraz aksiyası keçirən sahibkarlar deyirlər ki, onlara cavab verilməsə, oturaq aksiyaya keçəcəklər. Günün sonuna yaxın sahibkar İlyas Əhmədov AzadlıqRadiosuna bildirdi ki, holdinqin Füzuli adlı bir işçisi onlardan vaxtilə keçidlərdə mağazası olanların siyahısını alıb və üç-dörd günə onlara cavab veriləcəyini bildirib. Sahibkarlar cavabı gözləməyi qərara alıb aksiyanı dayandırıblar.
XS
SM
MD
LG