Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 03:48

Sahilə İbrahimova "MƏN DEYİLDİM"


Sahilə İbrahimova

"MƏN DEYILDIM..."

Onun qulaqları böyük idi.

Mən onun enli, üzünə eyib gətirə biləcək amma ona yaraşan qulaqlarını min uzunqulaqlının içindən əziyyət çəkmədən seçə bilirdim. Bunun fövqündə onun simasında qüsur deyilən şey yox idi.

Bənizi qaramtıl ağ, dodaqları düyünlənmiş bant şəkilli ətli, gözləri azca qıyılsa da, böyük, baxışları bir nöqtədə beş saniyədən çox qalmayacaq qədər oynaq, rəngi ətrafdakı rənglərin fonunda dəyişkən idi.

Mən hər dəfə onun gözlərini müxtəlif rənglərdə görəndə dəyişikliyə səbəb olmuş fona nəzər yetirir, həmişə də düşünürdüm ki, ətrafdakı rənglər onun gözlərini yox, onun gözləri ətrafdakı hər şeyi rəngləmişlər.

Rusdilli məktəbi bitirdiyindən sözlərində x hərfini h, ə hərfini a ilə əvəzləyirdi.

Otağında yazı masasının üstündə naməlum xəritə asılmışdı.

Əslində ona xəritə demək olmazdı. Bu daha çox açıq qəhvəyi rəngli, üzərində çoxlu cızıqları olan, gündə azı iki dəfə əllənən köhnə kağız parçasına bənzəyirdi. O zaman o deyirdi ki, bu insanların yaşam marşrutudu, bu xəttlər magistral yollar, nöqtələr dayanacaqlardı.

O inamla mənə bütün bu qarmaqarışıqlığın içində düz yolları, onun sxeminə uyğun desəm, düz xəttləri göstərməyə çalışırdı.

O bunu elə inamla edirdi ki, hərdən mənə elə gəlirdi ki, mənfi dörd göstəricili eynəyimlə doğrudan da düz xəttləri görə bilirəm.

O deyirdi ki, onun xəritəsi insanların yaşam yollarını kökündən dəyişəcək, onlar dolaşıqlığa düşmədən daha rahat addımlayacaqlar. Mən susurdum. Ona inanmağa çalışırdım, inanırdım da.

Sonra biz gecəyarısına qədər dərs oxuyurduq.

O mənim müəllimim idi. O da yorulurdu, mən də. Mən pəncərəyə yaxınlaşır, gərnəşir, əsnəyir, ağır ağır yumulub açılan kirpiklərmin ahəngi ilə yatmış şəhərə nəzarət edirmiş kimi baxırdım.

O yazı masasından ayrılmırdı. Arxaya çevrilmədən hiss edirdim ki, xəritəsinə baxır.

Tərpənmirdim. Arxaya çevrilsəm, qarışıq xəritəsində mənə göstərmək istədiyi yolları görməsəm, onu məyus edərəm deyə qorxurdum.

Külək zümzümə edir, pərdələr rəqs edirdi. Onun dəyişkən rəngli gözləri gecənin birrəng qaranlığını rəngləyə bilmirdi.

Mənə elə gəlirdi ki, gecənin vahiməli ağuşunda mən şəhərin ən gözəl qızıyam. Gözəlliyimlə gecəni səhər doğmağa, onu doğru yol yonmağa mən həvəsləndirirəm.

O deyirdi ki, çoxdan anlayıb ki, dünya ədalətli deyil.

Onun nə vaxtsa, belə olduğunu belə xatırlamır. Hərdən şübhələnir ki, o ümumiyyətlə heç vaxt ədalətli olmayıb. Amma o israrlıdı. İnsanların işini asanlaşdırmaq üçün sxem cızır.

Bir gün hamı onun haqlı olduğunu görəcək. O ədalətin gizləndiyi bütün daldanacaqları tapacaq, onun xəritəsi həqiqətə gedən yolu dəqiqliyi ilə göstərəcək.

O təkcə mənim müəllimim deyildi, həm də sevgilim idi. Biz bir evdə yaşayırdıq. Mənim heç vətəndaş nigahım da yox idi.

Mən ona inanırdım. İnanırdım ki, o dünyanın ən adil varlığıdı. Axı o sxem cızırdı.

Ədalət sxemi. Mənsə çox gözəl idim. Onun işini asanlaşdırmaq üçün gözəlliyimlə ilham verirdim, bəlkə də özümü qurban edirdim. Kaş evimiz olaydı.

Onda mən daha heç vaxt hündürmərtəbəli evlərdən gələn işıqlara həsrətlə baxmazdım.

Mən bütün varlığımla inanırdım ki, bir gün o mənə ev alacaq, mənim gözəl mətbəxim, müxtəlif dibçək gülləri ilə bəzənmiş səliqəli eyvanım olacaq. İstəsə, nigahım da olar, lap uşağım da.

Bəziləri deyirdi ki, mən bu gözəlliklə dünyanın ən yaxşı mətbəxinə və dibçək gülləri ilə bəzənmiş eyvanına layiqəm, bunları əldə etmədiyim üçün sonra peşman olacaq axmağam.

Mənsə ona inanırdım.

Mən çox oxuyurdum. Dərslərimi. Əslində artıq heç oxumaq istəmirdim.

Gözlərim yazı masamın üstündən uzaqlara zillənirdi. Mən getdikcə bu şəhərdə müxtəlif dibçəklərlə bəzənmiş eyvanları, geniş mətbəxlərə aparan işıq yollarını daha tez-tez görməyə başlamışdım.

O isə bir gün hər şeyin yaxşı olacağına and içirdi. Görənlər deyirdi ki, mən əla qızam.

Mənim gözlərim və uzun saçım əvəzolunmazdır və onun üçün çoxdu. Mən bütün bunları eşitməməyə çalışırdım. Amma bacarmırdım.

Getdikcə özümlə daha çox qürur duyur, gözəlliyimin nə qədər dəyərli olduğunu vurğulamağa çalışırdım.

O isə susurdu. Onun səsi əvvəlki tək gur gəlmirdi. Mən şübhələnirdim. Bəlkə o daha çalışmır. Ədalət sxemini cızmır. Mənsə ona inanmışdım.

İllər keçdikcə mənə elə gəlirdi ki, bizdən başqa hamı yaşayır. Təkcə ikimiz yellənirik.

O nə özü yaşayır, nə də məni yaşamağa qoyur. Mənasız ədalət axtarışı ilə o dünyanı bezdirib. Həyat bizi etinasızlıqla qapısından qovur. Başqa planetdən gəlmişlər kimi bizim bu dünyaya dəxlimiz yoxdu.

Çoxları deyirdi ki, o bəlkə də pis deyil, nə vaxtsa, o hətta çox yaxşı da olub. İndi isə onun dövranı keçib.

Ona oxşayanların çoxu həlak olmuşlar. O heç yaraşıqlı da deyil, bəziləri mənim xətrimə dəyməkdən belə çəkinmədən onun çox eybəcər və kobud olduğunu, nimdaş və pinti göründüyünü deyirdi.

Bunları deyənlər həm də deyirdilər ki, bu minvalla mənim heç vaxt geniş mətbəxim və dibçəkli eyvanım olmayacaq.

Onun mənim çiynimə yüklədiyi yalançı vədlərdən belim əyiləcək. Sonda heç nə yaxşı olmayacaq. Deyəsən düz deyirdilər. Mənsə ona inanmışdım...

Biz gecələri həvəssiz-həvəssiz şəhəri seyr edirdik.

Qoca şəhər bütün sakinlərini eyni gündə uda biləcək qədər ağzını geniş açırdı. Tələsmirdi.

O şəhərdə o gecələr yalnız üç-dörd qoca kişi və ya qadın, iki yeniyetmə, bir-iki körpə ölür, bir-iki kişi özünü evinin eyvanından atırdı.

Mənə elə gəlirdi ki, intihar edənləri şəhər özü asır, sonra ipini kəsir.

Ya cəza vermək istəyir, ya da öz cəzasını çəkməmək üçün şahidlərini yox edir. Biz hər gecə şəhərin amansız ölüm oyununa tamaşa edir, şəhər meydanında edam tamaşasına toplaşan çarəsiz, amansız rəiyyətdən daha çarəsiz və amansız görünürdük.

Getdikcə o mənə nimdaş və köhnə görünürdü. İntəhasız vədləri, görünməyən nəticələrlə daha onu sevmirdim.

İndi mənim əsl dövlət nigahım var. İki uşağım da.

Bir cins itim, iki bülbülüm də. Şəhərdə çox məşhur olan dibçəkli eyvanım, çox böyük mətbəxim də. Bircə o yoxdu. Nə vaxtsa olub olmadığı belə bəlli deyil.

Şübhələnirəm ki, bəlkə də heç olmayıb. Onu sonuncu dəfə görən adamı belə xatırlamıram.

Bu lap çoxdan olub. Mən çox şeyi unutmuşam. Kimsə onu cızmağa çalışırdı. Sxemi. Ədalət sxemini. O zaman o deyirdi ki, bu insanların yaşam marşrutu, xətlər magistral yollar, nöqtələr dayanacaqlar olacaqlar.

O inamla mənə bütün bu qarmaqarışıqlığın içində düz yolları, onun sxeminə uyğun desəm, düz xətləri göstərməyə çalışırdı.

Mən hər şeyi ötəri xatırlayıram. Bəlkə də o doğrudan da var idi, bəlkə indi də hardasa var.

Axı o kim idi... Yoooooox. Mən deyildim!!! Nə tanışım idi, nə dostum, nə də ruhum. Mən deyildim. Ola bilməzdim.

Onun nimdaş sxemindən başqa heç nəyi yox idi. Mənimsə, dibçəklərlə dolu eyvanım, əla mətbəxim var.

Mən həmişə bunları düşünəndə həyəcanla qulaqlarımı gizlədirəm.

HEKAYƏYƏ BURDA SƏS VER

XS
SM
MD
LG