Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 03:47

Sahilə İbrahimova "AVQUSTUN İYİRMİ ÜÇÜNƏ ÜÇ GÜN QALMIŞ"


Sahilə İbrahimova

"AVQUSTUN İYİRMİ ÜÇÜNƏ ÜÇ GÜN QALMIŞ"

Çemodanları içəri itələdi. Mən çölə çıxıb ona kömək eləməyə çalışdım. Sonuncu kardon qutunu içəri tulladım.

Qəhvəyi qapı bağlandı. Həmən gün heç nəyi yerləşdirmədik. Sabah nəyi, necə yerləşdirəcəyimizin planını qurduq.

Əsas olan bir-birimizi həyatımızın hansı yerinə qoyacağımızı qərarlaşdırdığımız idi. Qalanı düzələn şeydi deyə düşünürdük.

Bir yerdə yaşayacaqdıq. Hər şey təzədən başlanacaqdı. Onun üçün də.

Onun on min manatı vardı, mənimsə on min manatı olan sevgilim. Deyirdi bu pulları zövqlə xərcləmək istəyir. Xəsislik eləmədən, qurtaracağından çəkinmədən. Kişi kimi... Əlbəttə əsas olan bu deyildi. Biz bunu hər dəfə söz düşəndə deyirdik.

- Önəmli olan həvəslə yaşamaqdı. Dərddən çəkinmədən. Dərd yaranıb çəkilməkçün. Yavaş-yavaş çək getsin. Durub dərdin dərdin çəkmək nəyə lazım.
O deyirdi. Haqlıydı. Düz deyir vallah.

xxxxxxxxxxxxxxxxxxxxx

- Alo!
Qadın səsidi. Hiss olunur ki, alodan sonra bir yığın söz deməyə hazırlaşır.

- Bəli... Mənəm.

Bəli sözündən sonra nə deyəcəyimi bilmirəm. Qəflətən ağılıma nə isə gəlməsə günlərlə, bəlkə də aylarla nə demək lazım olduğuna qərar vermərəm. Bəziləri ümumiyyətlə fikirləşir ki, mən həyatımı normal düzənə salmağı bacaran adam deyiləm.

Cəsarətsiz, özünə güvənməzin biriyəm. Mən daima gücü və etibarı başqalarında axtaranlardanam. Halbuki bunu özümdə axtarmağın lazım olduğunu çox yaxşı bilirəm.

- Bağışlayın...

Tərəddüdlə üzrxahlıq edir, dəstəyi asır.

- Qadın idi.

Deyirəm.

Qəflət yuxusundan ayılmış kimi divanın üstündən sıçrayır.

- O yenə zəng vuracaq.

- Kim?

- Sonra danışaram.

Əlləri titrəyir. Əlindəki almanı stolun üstünə tullayır.

- Məni soruşacaq. Denən ki, məni tanımırsan. Bu nömrəni təzə almısan, əvvəl birinin işlətdiyini bilirsən, kim olduğu ilə maraqlanmırsan.
Sonralar öyrəndim ki, keçmiş sevgilisidi.

Pis qadın da deyil. Amma onların dünyaları başqadı. O bu qadını sevə bilməyib. Dava filan da olmayıb. Sakitcə, sivil insanlar kimi, qarşılıqlı razılaşma ilə ayrılıblar. Ayrılanda deyib ki, o daha yaxşısına layiqdi.

XXXXXXXXXXXXXXX

Hər şeyi ilk dəfə yaşayırmış kimi yaşadıq. Kinoya belə getdik. On səkkiz yaşlı sevgililər kimi. Savadlı idi.

Gördüyü hər şeylə bağlı nə isə maraqlı məlumat verirdi. Sayəsində öyrəndim ki, ilk kino solonu 1906-cı ildə Parisdə açılıb, 1909-cu ildə isə Tomas Edissonun sayəsində ilk səsli film nümayiş etdirilib.

Karaokeyə getməyi sevirdim. O da mənimlə getdiyi üçün özünü həvəsli aparırdı.

Məktəb illərində məktəb tədbirlərinin ən məşhur siması, məktəbin müğənnisi kimi karaokedə ən yaxşı oxuyan mən olurdum.

Onun səsi isə bərbad idi. Öz şeirini özündən daha yaxşı oxuyan birinin varlığına inanmayan şairlər kimi qafiyələri uzanmış şeir deyirdi sanki. Gülməkdən kimsə özünü saxlaya bilmirdi.

Kefini pozmur, boş şeydi deyirdi.

Karaokenin özü kimi. Kara boş, oke orkestr deməkdi. Iyirminci əsrin ortalarında

Yaponiyada yaranıb. Bərbad səsinin sədasını iti ağlı ilə ustalıqla gizlədirdi. Qarderobumuzu təzələdik.

Oxşar rənglərdə, oxşar üslüblarda geyinməyə qərar verdik.

Hər gün bir başqa cür sevinməyə qərarlı adamlar kimi hər günü bir başqa cür yaşadıq.

Deyirdi ki, antik yazıçı olan Anaksaqora görə insanları pərən-pərən salan ağılların müxtəlifliyi olmuşdur. Məhz ağılların bərabərləşməsi də onları birləşdirəcəkdir.

Bizimsə dünyalarımız oxşardı. Sevinirdim.

Mən də oxşadırdım. Hadisələri tamamilə dərk etməyə macal tapmamış dedi ki, yamanca vurulub.

Mənə. Nəzakət xatirinə uzun-uzun gülümsəyirdim. Sanki münasibətlərimizi düşünmək üçün vaxtı uzatmaq istəyirdim. Deyirdi ki, tərəddüd etməyimi istəmir. O əla sevgili olacaq. Oldu da.

XXXXXXXXXXXX

Tez-tez gündəliyinə baxırdı. Mənim xüsusi heç nəyi ilə nəzərimi cəlb etməyən, onun mənim evimdə ən doğma hesab etdiyi qara dəri üzlü dəftərinə. Aylıq kalendarda hər günü haşiyələyirdi.

Ən böyük haşiyə avqustun iyirmi üçünə edilmişdi. Saatlarla kalendara baxıb xəyala dalırdı.

Yorğunluğunu, onu narahat edən şeyləri yuyub aparmaq ümidi ilə yaşıl çay gətirirdim.

Yaşıl çay bədəndəki toksinləri yuyub aparır.

Kaş həyatımızı zəhərləyən zibilləri də yuyub apara bilən vasitə olaydı.

Onun kefi olmayanda, kalendarına baxanda yaşıl çay surətlə soyuyur, onun həyatını zəhərləyən şeyləri yuyub aparmaqda aciz qalırdı. Gülümsəyirdi.

Sonra yenə uzun-uzadı kalendarına baxırdı. Qırıq-qırıq nəyi isə üstüörtülü guya izah etməyə çalışırdı.

Nəyi isə gözləmək heç nəyi gözləməkdən daha yaxşıdı. deyirdi.

Mənə heç nəyi izah etmək istəmədiyi bəlli idi.

XXXXXXXXXX

Avqustun iyirmi üçünə üç gün qalmış dedi ki, bizim dünyalarımız fərqlidi.

O daha belə yaşaya bilmir. Hər şeyi təzədən başlamalıyıq. Ayrılıqda. Getdi. Hə, bir də dedi ki, mən ondan da yaxşısına layiqəm.

Bir aya onu xatırladan hər şeyi zibilliyə tullayıb qurtardım.

Çay içdiyi stəkanları, divanüstü örtüyü, məxsusu sevdiyi şalvarını şəxsən ütülədiyi qulpuqırıq ütünü, asdığı pərdəni. Gündəliyindən başqa.

Qaralamaya bənzər gündəliyini etik qaydalara zidd olsa da, oxudum. Səsi kimi bərbad xətti ilə yazırdı... Anladım ki, hələ də on doqquz yaşında iki ay görüşdüyü qızı sevir. Gündəliyinin hər fəslinin sonunda yazırdı:

Mənə dedi ki, sən gözəl insansan. Mən həmişə səni təkrarolunmaz, nəcib insan kimi xatırlayacam. Amma mən başqasını... Gərək bağışlayasan. Belə olmasını istəməzdim. Sən məndən də yaxşısına layıqsən.

Öyrəndim ki, bir zamanlarr iki ay onu sevməyə çalışacağına inandıran o qız bunları deyib və gedib.

Hər şey bitib. Heç başlamamış kimi. Başlayıb qurtarmış şeyləri hələ də anlamır. Niyə başlayıb, niyə bitirlər ki? Onda onun on doqquz yaşı varmış.

Kənddən şəhərə yenicə gəlıbmiş. İlk dəfə bir şəhərli qızı onu sevmək istəyinə etiraz etməyibmiş. İndi o qız hər il avqustun iyirmi üçü, onun ad günündə zəng edir. Bir saat ən yaxşı halda saat yarım danışırlar.

Bəzən gileylənir, bəzən xoşbəxt-xoşbəxt üçüncü həyat yoldaşından salam deyir.

O hələ də bu qızın onu çağıracağına inanır. Qırıq-qırıq xatirələrlə, fasiləsiz birləşib-ayrılmaları ilə qaralama dəftərinə bənzəyən həyatından bəhs etdiyi dəftərində ən sonuncu bunları yazmışdı.

- Avqustun iyirmi üçünə dörd gün qalıb. Dörd gün sonra zəng edəcək.

Bəlkə də, bu dəfə məni çağıracaq. Onun görüşünə o vaxtkı kimi tək getməliyəm. Kimsə qarşısında öhdəçiliyi olmadan.

İki ay əvvəl heç nəyi izah etmədən yoxa çıxan sevgilimə yazığım gəlir. Sadəcə bu ilin avqustun iyirmi üçünün nəticəsini bilmək istəyirəm.

- Alo!

Qadın səsidi.

- Bəli...

- Bağışlayın...

Üzrxahlıq edir, dəstəyi asıram.

Əminəm ki, indi xəttin o başında yeni sevgilisinə adəti təlimlərini keçir.

- O yenə zəng vuracaq.

- Kim?

- Sonra danışaram.

Əlləri titrəyir. Əlindəki almanı stolun üstünə tullayır.

- Məni soruşacaq. Denən ki, məni tanımırsan. Bu nömrəni təzə almısan, əvvəl birinin işlətdiyini bilirsən, kim olduğu ilə maraqlanmırsan...

Hər şey təzədən başlayacaq. Yəqin kinoya da gedəcəklər. O qız baleti sevirsə, baletə də.

O əla sevgili olmağa söz verəcək. O zaman bunu məsum səmimiyyətlə deyəcək.

Olacaq da. Hər şey ilk dəfə yaşanırmış kimi yaşanacaq. Avqustun iyirmi üçünə üç gün qalana qədər...

HEKAYƏYƏ BURDA SƏS VER

XS
SM
MD
LG