Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:10

Üç gün ərzində Kürqırağı rayonların hamısı təhlükədə olacaq


Hidrometeoroloqların proqnozuna görə, leysan yağışları hələ üç gün davam edəcək və Kür çayına Türkiyə və Gürcüstandan daha çox su axacaq. İndiyə qədər Kür çayının daşmasının qarşısını Mingəçevir Su Anbarı alırdı. Son məlumata görə, anbarda suyun həcmi maksimum həddə yaxınlaşır.

YARIM METR EHTİYAT YERİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeorologiya Mərkəzinin direktoru Elnar Sultanov AzadlıqRadiosuna deyib ki, anbarın maksimal səviyyəsi 83 metrdir, indi anbarda suyun səviyyəsi 82,37 metrə çatıb. Bəs qarşıdakı üç gündə gələn yağış suyu necə olacaq?

- Bizim hələ anbarda yarım metr də ehtiyat yerimiz var. Suyu bura yığacağıq.

Məsələ burasındadır ki, təhlükə bununla sovuşmur. Elnar Sultanov deyir ki, yağışlarla bağlı uzunmüddətli proqnozlar özünü doğrultmur, yəni, yenə yağış yağsa, ya da ki, isti düşəndən sonra dağlarda qar ərisə, vəziyyət ciddiləşəcək. Bu halda məcbur qalacaqlar ki, Kürü üzüaşağı, yəni, aşağı rayonlara doğru buraxsınlar. Bu halda Yevlax, Zərdab kimi Kürün keçdiyi o biri rayonlar üçün təhlükə yaranırmı?

KÜRƏ BƏNDLƏR ÇƏKİLİB

Elnar Sultanov deyir ki, deyir ki, yaranmayacaq:

- Çünki bu yaşayış məntəqələri boyunca Kürə bəndlər çəkilib, həmin bəndlər suyun qarşısını alacaqlar.

Məsələ burasındadır ki, Salyan və Sabirabad ərazisində Kür bəndləri yuyub apardı və doqquz kəndi tamamilə basdı.

Memarlıq və İnşaat Universitetinin hidroloji qurğular kafedrasının müəllimi Kamran Məmmədov isə deyir ki, Kürün səviyyəsi qalxsa, onun qarşısını bəndlərlə saxlamaq mümkün olmayacaq, bunun üçün Kürün yatağını lildən təmizləmək lazımdır.

ANBARIN SƏVİYYƏSİ YAZ AYLARINDA AŞAĞI HƏDDƏ SAXLANILMALI İDİ

60 ilə qədər su təsərrüfatında çalışmış mütəxəssis Ələsgər Yusifov isə iddia edir ki, Mingəçevir Su Anbarının səviyyəsi yaz aylarında aşağı həddə saxlanılmalı idi. Onun sözlərinə görə, hökumət nəzərə almalı idi ki, çaylar daşıb sel olacaq və suyun qarşısını almaq mümkün olmayacaq.

Ələsgər Yusifov iddia edir ki, «Azərenerji» həmin suyu bilərəkdən yüksək həddə saxlayır və məqsədi enerji əldə edilməsi üçün ayrılan vəsaiti mənimsəmək, əvəzində su anbarında yığılan artıq su hesabına enerji əldə etməkdir.

Ələsgər Yusifov deyir ki, Sabirabadda və Salyandakı daşqınların da səbəbi elə budur - çayda gursululuq artdığına görə, anbarın daşmaması üçün suyun bir hissəsini açıb Kürə buraxıblar. Həmin ərazidə Kür gursululuğu artmış Arazla birləşdiyinə görə daşqın baş verib. Ələsgər Yusifov iddia edir ki, suyun hündürlüyü bu həddə qalsa, Mingəçevir Su Anbarı bu cür gərginliyə dözməyəcək və uça bilər:

- Onun bəndi torpaq bənddir. Əgər o uçsa, Ələtdən Cəlilabada qədər bütün rayonlar dənizə töküləcək. Mən bu haqda müraciət etmişəm. Prezidentə də, Fövqəladə Hallar Nazirliyinə də.

Sabirabadda indi evlər bu vəziyyətdədir
Amma Memarlıq və İnşaat Universitetinin hidroloji qurğular kafedrasının müəllimi Kamran Məmmədov hesab edir ki, onsuz da 83 metrdən yuxarı həddə anbarda suyu saxlamaq mümkün deyil və 83 metr normadır, anbar bu həcmdə suyun təzyiqinə hesablanıb.

KORRUPSİYA İTTİHAMLARININ ƏSASI YOXDUR

«Azərenerji» Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətindən bizə bildirdilər ki, Ələsgər Yusifovun korrupsiya ittihamlarının əsası yoxdur. Mətbuat Xidməti əlavə şərh vermədi.

Mingəçevir Su Anbarının təhlükəsizliyi məsələsi Milli Məclisin iclasında da müzakirə olunub. Məclisin sədri Oqtay Əsədov deyib ki, anbarla bağlı bütün məsələlər nəzarət altındadır.

Mingəçevir Su Anbarının və Su Elektrik Stansiyasının (SES) tikintisi 1953-cü ildə tamamlanıb. Su anbarının normal dolma səviyyəsində (83 m) ümumi su tutumu təqribən 16 milyon kubmetrdir (15730 mln. m3).
XS
SM
MD
LG